Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-614/2021 02.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Təşəkkül oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə 31.08.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay müəyyən edilmiş 120 manat miqdarında alimentin miqdarı dəyişdirilərək hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 07 fevral 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Cavabdehlə birgə nikahlarından 31 avqust 2014-cü il tarixdə X3 adlı uşaqları olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah Qusar rayon Məhkəməsinin 2(029)-618/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra qızı Raisa onun himayəsində yaşayır, ona görədə Qusar rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi ilə qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 120 manat alimentin onun xeyrinə tutlması qət edilmişdir. Məlum olduğu kimi uşaq ildən ilə böyüyür, bununla da ona sərf olunan xərci də artır. Raisa hətta bu il məktəbə getməyə hazırlaşır. Cavabdeh tərəfindən aylıq ödənilən 120 manat aliment isə hətta uşağın ehtiyaclarının cüzi hissəsini ödəmir. Uşaq nevroloji xəstəliklərdən əziyyət çəkir, cavabdeh hətta uşağın müalicə edilməsinə və dərmanların alınmasınada köməklik etmir. Hesab edir ki, Qusar rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsi ilə 31.08.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 120 manat sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə izahatında göstərmişdir ki, o, iddiaçının hal-hazırda harda işlədiyini bilmir. Uşaq bu il birinci sinifə gedir, xərcləri bir xeyli artmışdır. Bundan başqa uşağ nevroloji problemlərdən əziyyət çəkir. Həkimə və dərmanlara verməyə pulu yoxdur, cavabdeh bununla bağlı heç bir köməklik göstərmir. Odir ki, iddianın təmin edilməsi barədə məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, İddiaçı ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasını qəbuı etmir və həmin iddiaya qarşı etirazını bildirir. Qusar rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi əsasən ondan İddiaçı xeyrinə birgə nikahdan olan uşağı 31.08.2014-cü il təvəllüdlü X1 üçün hər ay 120 manat sabit pul məbləğində aliment qət edilmişdir. Həmin aliment üzrə o, alimenti aybaay dürüst şəkildə ödəmişdir. İndi isə iddiaçı yenidən Qusar rayon Məhkəməsində ona qarşı alimentin miqdarının artırılaraq hər ay 175 manat miqdarında müəyyən edilməsi barədə iddia qaldırmışdır. Bildirir ki, onun hal-hazırda iddiaçının xeyrinə ödənilən alimentin miqdarını artırmağa heç bir imkanı yoxdur. İddiaçıdan ayrıldıqdan sonra ötən təxminən 2 il ərzində onun maddi durumunda heç bir artım olmamış, əksinə onun maddi durumu pisləşmişdir. Belə ki, Qusar rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsinə əsasən ondan iddiaçının xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment qət edilən zaman iş yeri və aylıq 300 manat əmək haqqısı olmuşdur. Həmən əmək haqqından çətin də olsa o, hər ay iddiaçıya 120 manat sabit pul məbləğində aliment ödəmişdir. Lakin, təxminən 2 aydır ki, onun iş yerinə həmin iş yerindən məzuniyyətə getmiş işçi qayıtmış və o, işdən çıxmağa məcbur olmuşdur. Hal-hazırda onun heç bir iş yeri və ya sair gəlir yeri yoxdur. Buna görə də onun maddi vəziyyəti əvvəlkindən də pisləşmişdir. Həm də, koronavirus pandemiyası ilə əlaqədar iş yerləri daha da azalmışdır və o, özünə iş tapa bilmir. Belə bir vəziyyətdə iddiaçının xeyrinə tutulan aliment miqdarının artırılması əsassızdır. Ona görə də, iddiaçının ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ 332220 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31.08.2014-cü il tarixdə X3 anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-618/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı aralarında olan 07 fevral 2014-cü il tarixdə Qusar rayon Həzrə kənd İƏN-də 01 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 08 aprel 2019-cu il tarixdən başlayaraq hər ay 120 (yüz iyirmi) manat alimentin tutularaq 31.08.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş azyaşlı Raisa adlı uşağın təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, Qusar rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsinin qəbul edildiyi vaxtdan 2 ildən artıq müddət keçməsini, həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay sabit pul məbləğində 140 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1989-ci ildə Qusar rayonu Kirig kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 31.08.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: RAHİM HƏSƏNOV
Məhkəmə qərarları › İş №2(029)-614/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-614/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver