Məhkəmə qərarları › İş №2(029)-627/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-627/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-627/2022 21.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı BOKT ASC-nin 28 iyun 2019-cu il tarixli 0046/22 saylı kredit müqaviləsinə əsasən 3044.12 manat əsas borc, 23.56 manat hesablanmış faiz borcu, 1852.80 manat dəbbə pulu olmaqla, cəmi 4920.48 manat kredit borcu və 69.25 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT ASC iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli 0046/22 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli 0046/22 saylı kredit müqaviləsi üzrə cavabdehə 5 il müddətinə, 1 faizlə 4625.65 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli 0046/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin BOKT-a 3044.12 manat əsas borcu, 23.56 manat hesablanmış faiz borcu, 1852.80 manat dəbbə pulu olmaqla, cəmi 4920.48 manat borcu vardır. Eyni zamanda, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restrukturizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdehə xəbərdar edilməsinə baxmayaraq, o, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən də, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmədə cavabdehdən kredit borcunun tutulması haqqında qətnamə çıxarılıb, sonradan pulun tutulması haqqında qətnamə icraya yönəldilmiş və cavabdehdən həmin kreditin ödənilməsi üçün pul tutulmuşdur. Sonradan Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq cavabdehin kredit müqaviləsinə xitam verilmiş və cavabdehlə restrukturizasiya müqaviləsi bağlanmışdır. Cavabdehin kredit müqaviləsi üzrə cəmi borcu 4920.48 manat təşkil edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir. Belə ki, o, 3044.12 manat əsas və 23.56 manat faiz borcunun qaytarılmasına razıdır. Lakin, 1852.80 manat dəbbə borcunun qaytarılmasına razı deyil, bu onun üzərinə əlavə öhdəliklər qoyur. Borcunu imkanı olan kimi ödəməklə qaytaracaqdır. Bundan başqa, o, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 0046/22 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, cavabdehə xx.xx.2019-cu il tarixli, 0046/22 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 4625.65 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı BOKT ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 28 iyun 2019-cu il tarixli 0046/22 saylı kredit müqaviləsi üzrə 10 may 2022-ci il tarixə banka 3044.12 manat əsas borcu, 23.56 manat faiz borcu, 1852.80 manat dəbbə borcu olmaqla, cəmi 4920.48 (dörd min doqquz yüz iyirmi manat qırx səkkiz qəpik) manat məbləğində kredit borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə İddiaçı BOKT ASC-nın Cavabdeh əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən dəbbə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehdən həmin məbləğdə dəbbə pulunun tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 152 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehdən 28 iyun 2019-cu il tarixli, 0046/22 saylı kredit müqaviləsinə əsasən 3044.12 (üç min qırx dörd manat on iki qəpik) manat məbləğində əsas borc, 23.56 (iyirmi üç manat əlli altı qəpik) manat məbləğində faiz borcu, 152 (yüz əlli iki) manat dəbbə borcu, cəmi 3219.68 (üç min iki yüz on doqquz manat altmış səkkiz qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı BOKT ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 69.25 (altmış doqquz manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 iyun 2019-cu il tarixli 0046/22 saylı kredit müqaviləsinə əsasən 3044.12 (üç min qırx dörd manat on iki qəpik) manat məbləğində əsas borc, 23.56 (iyirmi üç manat əlli altı qəpik) manat məbləğində faiz borcu, 152 (yüz əlli iki) manat dəbbə borcu olmaqla cəmi 3219.68 (üç min iki yüz on doqquz manat altmış səkkiz qəpik) manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 69.25 (altmış doqquz manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar