Məhkəmə qərarları › İş №2(029)-631/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-631/2022

13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-631/2022 13.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, onun vəkili Vəkil, Cavabdeh, tərcüməçi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvvəlüdlü X5, xx.xx.2011-ci il təvvəlüdlü X9 və xx.xx.2016-cı il təvvəlüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 193 (yüz doqsan üç) manat, cəmi 3 uşağa görə 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində müəyyən edilərək həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 30 iyul 2009-cu il tarixdə rəsmi nikahı qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2009-cu il təvvəlüdlü X8, xx.xx.2011-ci il təvvəlüdlü X11 və xx.xx.2016-cı il təvvəlüdlü X10 adlı uşağları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmış və Qusar rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(029)-448/2020 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqları xx.xx.2009-cu il təvvəlüdlü X8, xx.xx.2011-ci il təvvəlüdlü X11 və xx.xx.2016-cı il təvvəlüdlü X6 himayəsində qalmışlar. Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(029)-448/2020 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşağların saxlanılmaları üçün hər ay bir uşağa görə 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləği miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda cavabdeh ona uşaqların saxlanılmaları üçün hər ay bir uşağa görə 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) aliment ödəyir. Cavabdehin 3 uşağın saxlanılması üçün hər ay ona aliment kimi ödədiyi cəmi 300 (üç yüz) manat aylıq aliment uşaqların ehtiyaclarını ödəməyə kifayət etmir. Ona görə cavabdeh uşaqların saxlanılmaları üçün daha artıq aliment ödəməyə borcludur. O, hazırda heç bir yerdə işləmir, valideynlərinin də maddi vəziyyəti ağır olduğundan 3 (üç) azyaşlı uşaqların saxlanılmasında çətinlik çəkir. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur, vergi ödəyicisi kimi qeydiyyatdadır və aylıq qazancı yaxşıdır. Bundan əlavə övladları xx.xx.2009-cu il təvvəlüdlü X8, xx.xx.2011-ci il təvvəlüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X10 hazırda məktəbli olduğundan cavabdeh tərəfindən ödənilən vəsait, övladlarının saxlanılması üçün tələb olunan xərclərin yarısını belə ödəmir. Qeyd olunan xərclərinin ödənilməsində yaranmış çətinliklər övladlarının sosiallığının azalmasına, təhsillərinə olan münasibətinin zəifləməsinə səbəb olur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, kiçik uşağı da məktəbə gedir, uşaqların saxlnamaları üçün xərcləri artmışdır. Heç olmasa hər uşağa 50 manat alimentin artırılmasını tələb edir. Cavabdeh ildə bir dəfə uşaqların ad gününə gəlir, bir hədiyyə gətirir, bundan sonra bir daha gəlmir, uşaqlarla maraqlanmır. Böyük uşaq cavabdehin evinə getmir, cavabdehin evində ailəvi mübahisələr olur, stress keçirir. O, uşaqların təhsil xərclərini ödəyə bilmir, rəsmi olaraq heç bir yerdə işləmir, qazancı yoxdur. O, vaxtının çox hissəsini uşaqlarla keçirir. Cavabdehin gəlirləri barədə onda heç bir məlumat yoxdur, Lakin, iki və daha artıq ailəni saxlamağa imkanı, əlavə ev almağa, maşın almağa imkanı var. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, iddiaçı 30 iyul 2009-cu il tarixdə rəsmi nikahı qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2009-cu il təvvəlüdlü X8, xx.xx.2011-ci il təvvəlüdlü X11 və xx.xx.2016-cı il təvvəlüdlü X10 adlı uşağları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün iddiaçı cavabdehdən ayrılmış və nikahları Qusar rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(029)-448/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqları Kamilla, Said və Madina iddiaçının himayəsində qalmışlar. Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2020ci il tarixli 2(029)-448/2020 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşaqların saxlanılmaları üçün hər ay bir uşağa görə 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh həmin alimenti vaxtında ödəyir, hazırda 300 manat uşaqların ehtiyaclarını ödəmir, uşaqların saxlanmasına kifayət etmir. İddiaçı heç bir yerdə işləmir. Cavabdehin maddi vəziyyətinin yaxşı olması barədə onda heç bir məlumat yoxdur, lakin, cavabdeh vergi ödəyicisidir, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, gəlirləri yaxşıdır. Gəlirləri barədə konkret məlumat yoxdur. Hər uşaq üçün tələb olunan 193 manat aliment o qədər böyük məbləğ deyildir, ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, Qusar rayon Məhkəməsinin qətnaməsinə əsasən 300 manat alimenti vaxtında ödəyir, həmçinin uşaqların saxlanması üçün əlavə xərclərdə də iştirak edir. Onun ödədiyi alimenti iddiaçının hara xərclədiyi barədə onda qəbzlər var. Belə ki, 50 manatı mediator Radikə ödəyib, məhkəməyə rüsum ödəmək və vəkil ilə müqavilə bağlamaq üçün əlavə xərclər ödəyib. O, tək yaşayır, öz uşaqları üçün yaşayır, onun getdiyi yolun istiqaməti uşaqlardır, onları böyütmək, evləndirməkdir. O, həmişə uşaqlar nə istəmişlərsə almışdır. Hətta, uşaqlar üçün hovuz da almışdır. İddiaçı onu təhqir etməsin, o, uşaqlara heç vaxt iddiaçı haqqında pis sözlər danışmamışdır. Onun maddi vəziyyəti yaxşı deyildir, əlavə gəlirləri yoxdur, alimentin məbləğinin artırılmasına razı deyil. O, ayda 240 manat gəlir əldə edir. 2017-ci ildən 2021-ci ilədək onun vergi dövriyyəsi 82000 manat təşkil etmişdir. Vergiyə 1440 manat məbləğində ödəniş etmişdir. O, uşaqların təhsil almalarında kömək edəcək, uşaqlara geyim əşyaları alacaqdır. Əgər iddiaçı uşaqları saxlaya bilmirsə, bir uşağı ona qaytarsın. Buna görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 281563 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 iyun 2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X1r. İşdə olan AZ-İİ 689590 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 il 10 mart 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X1r. İşdə olan AZ-İİİ 786340 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 22 iyun 2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon Məhkəməsinin 2(012)-448/2020 saylı, 19.09. 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Qusar rayon Qeydiyyat şöbəsində 30 iyul 2009-cu il tarixli 95 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş; tərəflərin birgə nikahlarından anadan olmuş 30 iyun 2009-cu il təvəllüdlü X8, 10 mart 2011-ci il təvəllüdlü X11 və 22 iyun 2016-cı il təvəllüdlü X10 anaları İddiaçı himayəsində saxlanılmış və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yeri müəyyən edilmiş; xx.xx.1983-cü ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə 30 iyun 2009-cu il təvəllüdlü X5, 10 mart 2011-ci il təvəllüdlü X9 və 22 iyun 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda aliment tutulmuşdur. İşdə olan AZ-İ 366870 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları Qusar rayon məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2020-c il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində pozulmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********195000 saylı məktubundan görünür ki, Cavabdeh (VÖEN:**********) xx.xx.2008-ci il tarixdə həmin idarə tərəfindən vergi uçotuna alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********195000 saylı məktubundan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixdə vergi uçotuna alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövriyyəsi 82000,0 manat təşkil edir. Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək vergilər üzrə 1446,01 manat məbləğində ödəniş edilmişdir. İşdə olan 27 aprel 2022-ci il tarixli MŞİH-17019 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, alimentin miqdarının artırılmasına dair mübahisə üzrə 27 aprel 2022-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(012)-448/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Qusar rayon Qeydiyyat şöbəsində 30 iyul 2009-cu il tarixli 95 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş; tərəflərin birgə nikahlarından anadan olmuş 30 iyun 2009-cu il təvəllüdlü X8, 10 mart 2011-ci il təvəllüdlü X11 və 22 iyun 2016-cı il təvəllüdlü X10 anaları İddiaçı himayəsində saxlanılmış və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yeri müəyyən edilmiş; xx.xx.1983-cü ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə 30 iyun 2009-cu il təvəllüdlü X5, 10 mart 2011-ci il təvəllüdlü X9 və 22 iyun 2016cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda aliment tutulmuşdur. Həmin qətnamə qəbul edildiyi vaxtdan 2 ilə yaxın müddət keçmiş, həmin müddət ərzində uşaqların maddi ehtiyacları artmış, həmin vaxtdan indiyədək iddiaçı heç bir yerdə işləmir, maddi vəziyyəti pisləşmişdir. Cavabdeh isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla müvafiq gəlirlər əldə edir, maddi vəziyyəti müsbətə doğru dəyişmişdir. Odur ki, yuxarıda göstərilən məlum qətnamə əsasında təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanmaları üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların mənafelərini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Bununla belə məhkəmə alimentin miqdarının iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat deyil, 130 (yüz otuz) manat müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, cavabdehin maddi vəziyyəti alimentin miqdarının hər ay hər uşaq üçün 193 manat müəyyən olunmasına əsas yaradacaq qədər dəyişməmiş, həmin məbləğdə alimentin cavabdehin ödəmək iqtidarında olması məhkəmədə tam təsdiqini tapmamış, iddiaçı tərəfindən bu barədə müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(029)-448/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.1983-cü ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə 30 iyun 2009-cu il təvvəlüdlü X5, 10 mart 2011-ci il təvvəlüdlü X9 və 22 iyun 2016-cı il təvvəlüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat, cəmi 390 (üç yüz doxan) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar