Məhkəmə qərarları › İş №2(029)-646/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-646/2023

17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-646/2023 17.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər alimentin məbləği artırılaraq hər ay 250 manat sabit pul məbləğində olmaqla Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-220/2021 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur və həmin qətnamə ilə onların birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün ayda 100 (yüz) manat aliment məbləğinin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Qusar rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(029)-220/2021 saylı qətnaməsində qeyd olunmuş aliment məbləği (100 manat) uşağın tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq heç bir yerdə işləməyən ona çox çətindir. Buna görə də o “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, onun uşağın saxlanması üçün pulu yoxdur, heç bir yerdə işləmir. Valideynləri də işləmir, cavabdehin verdiyi 100 manat alimetlə o, uşağı saxlaya bilmir, müalicə xərcləri də olur. Ailəli olduğu vaxt evin təminatını qayınanası və keçmiş əri çəkmişdir. Əri nə qədər maaş aldığını o bilməmiş, məhkəmədə aralarında olan nikah pozulanda maaşın nə qədər olduğunu bilmiş, əvvəl 534 manat maaş alıb, hazırda nə qədər maaş aldığını bilmir. Hazırda uşağın ayda təxminən 140-150 manat xərci çıxa bilər. Uşağın saxlanması üçün valideynləri də kömək edir. Cavabdeh 2-3 aydan bir gəlir, əlavə pul vermir, uşağa paltarlar alır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, 2021-ci ildə uşağın saxlanması üçün 100 manat aliment tutulması barədə qərar qəbul olunmuşdur. Halhazırda 662 manat əməkhaqqı alır. Vergi tutulandan sonra orta hesabla 615 manat maas alır. Aliment ən çox 130 manat ödəyə bilər. Alimentdən əlavə uşaqa digər xərclərini də ödəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)- 220/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında 12 iyul 2018-ci il tarixdə Qusar rayon İcra Hakimiyyəti Başçısının İmamqulukənd kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 06 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 18 may 2019-cu il təvəllüdlü X8, anası X3 himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi X3 yaşayış yeri müəyyən edilməsi, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, ev 2Q, mənzil 57-də yaşayan Cavabdeh X3 xeyrinə 18 may 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan AZ-İV 298199 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 18 may 2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.1. 1-ci maddələrinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-220/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə X6 arasında 12 iyul 2018-ci il tarixdə Qusar rayon İcra Hakimiyyəti Başçısının İmamqulukənd kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 06 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 18 may 2019-cu il təvəllüdlü X8, anası X3 himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi X3 yaşayış yeri müəyyən edilməsi, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, ev 2Q, mənzil 57-də yaşayan Cavabdeh X3 xeyrinə 18 may 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 250 (iki yüz əlli) manat deyil, 165 (yüz altmış beş) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, cavabdehin rəsmi gəlirinin dörddə bir hissəsi hesablandıqda 165 manat təşkil edir. Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq aliment miqdarını 165 manat təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, aliment tutulduğu vaxtdan sonra Cavabdehmaddi vəziyyətində alimentin miqdarının 250 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Bundan başqa, məhkəmənin qənaətinə görə alimentin miqdarının cavabdehin tələb etdiyi hər ay üçün 130 manat miqdarda müəyyən olunması da Kamil adlı uşaqların mənafeləri baxımından qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı cəmi 65 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 730 (12 X 65=730) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(029)-220/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 18 may 2019-cu il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 165 (yüz altmış beş) manat olmaqla sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar