Məhkəmə qərarları › İş №2(029)-655/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-655/2022

27.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-655/2022 27.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Laçınova X7 Tərlan Şahin oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(029)-348/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 04 may 2013-cü il təvəllüdlü X6 və 08 sentyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə qət edilən hər uşaq üçün 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 160 (yüz altımış) manat olmaqla iki uşaq üçün cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 03 m ay 2013-cü il tarixdə rəsmi nikahı qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 04 may 2013-cü il təvəllüdlü X10 və 08 sentyabr 2014-cü il təvəllüdlü X8 adlı uşağları anadan olmuşdur. Qusar rayon məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(029)-348/2017 saylı qətnaməsinə əsasən onun cavabdehə qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, Şahin və Diana adlı uşaqların yetkinlik yaşına çatanədək saxlanılmaları üçün hər uşağa görə 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. O, heç bir yerdə işləmir və başqa qazanc mənbəyi də yoxdur. Alimentin qət edilməsindən beş il keçmiş, uşaqların tələbatları da artmışdır. 2017-ci ildə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 136 manat təşkil etdiyinə və cavabdehin gəliri qeyri stabil olduğuna görə məhkəmə tərəfindən aylıq ödənilən alimentin miqdarı 100 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hal-hazırda uşaqlar üçün yaşayış minimumu 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Cavabdehin hər ay ödədiyi 200 (iki yüz) manat alimentlə Şahin və Diana adlı uşaqların saxlanılmasındə çətinlik çəkir. Ona görə də Cavabdeh həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə qət edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən Qusar Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(029)- 348/2017 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə qət edilən hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla iki uşaq üçün cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, cavabdehlə birgə nikahlarından Şahin və Diana adlı uşaqları anadan olmuş, 2017-ci ildə o, cavabdehdən ayrılmış, həmin şəxsdən onun xeyrinə hər uşağa görə ayda 100 manat aliment tutulmuşdur. Uşaqlardan birinin 8, digərinin 9 yaşı vardır. Cavabdeh onunla birlikdə yaşadığı müddətdə Rusiya Federasiyasına işləməyə gedib-gəlmiş, onun nə qədər pul qazandığını bilməmiş, cavabdeh ona pul verməmişdir. Sonuncu dəfə getdikdən sonra cavabdeh iki il geri qayıtmamış, ona pul göndərməmiş, ailəsinə baxmamış, ona görə də ondan ayrılıb valideynlərinin evinə qayıtmışdır. Cavabdeh hazırda da RF-yə gedib-gəlir, orada işləyir, lakin nə qədər pul qazanması barədə məlumatı yoxdur. Eşitdiyinə görə cavabdeh RF-də ailə həyatı qurmuş, lakin uşağının olub-olmamasını bilmir. O, özü bir müddət Qusar şəhərində yerləşən “Amor” adlı kafenin mətbəxində işləmiş, lakin sonradan uşaqlara görə işləyə bilməmişdir. Hazırda o, işləyə bilmir, işləsə uşaqlara baxan olmayacaq. Cavabdehin ödədiyi alimentlə uşaqları saxlamaq olmur, cavabdehin imkanı yaxşıdır, onun tələb etdiyi alimenti ödəmək iqtidarındadır. Cavabdeh kişi xeylağıdır, istənilən yerdə işləyib pul qazana bilər. Uşaqlar məktəbə gedir, yol pulu xərcləri var, kitablar alınmalıdır. Cavabdeh heç olmasa iki uşağa görə cəmi 250 manat məbləğində aliment ödəsin. Odur ki, həmin halların nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Cavabdeh onun oğludur. Oğlu Tərlan heç bir yerdə işləmir, işi yoxdur, iddiaçının tələb etdiyi miqdarda alimenti ödəyə bilməyəcək. İddiaçı uşaqları onlara göstərmir, ataları ilə telefon vasitəsi ilə danışmağa qoymur, uşaqları onlara qarşı çıxarmışdır. Oğlu Tərlan ondan tutulan alimenti vaxtlı-vaxtında ödəyir, uşaqlara hər ay 200 manat pul göndərir. Tərlan RF-nin Tula şəhərində yaşayır, daimi iş yeri yoxdur, iş tapanda işləyir. Orada Tərlan ailə həyatı qurmamış, sənədlərini düzəltmək üçün formal nikaha daxil olmuşdur. Oğlunun atası xəstədir, o, özü də işləmir, oğlu onlara da baxır, hər ay onlara 50 manat pul göndərir. Tərlan hər uşağa görə ondan tutulan alimentdən əlavə 20 manat aliment ödəyə bilər, hər ay hər uşağa görə 120 manatdan aliment ödəyə bilər. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ 086937saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 may 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİİ 407099 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08 sentyabr 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X3r. İşdə olan Qusar rayon məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(029)-348/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 24 yanvar 2017-ci il tarixdən başlayaraq 04 may 2013-cü il tarixdə anadan olmuş X6 və 08 sentyabr 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi qət edilmişdir. İşdə olan 12 oktyabr 2021-ci il tarixli 2021-003431saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, alimentin miqdarının artırılmasına dair mübahisə üzrə 12 oktyabr 2021-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(029)-348/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 24 yanvar 2017-ci il tarixdən başlayaraq 04 may 2013-cü il tarixdə anadan olmuş X6 və 08 sentyabr 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edildiyi vaxtdan 5 ildən artıq müddət keçmiş, həmin müddət ərzində uşaqların maddi ehtiyacları artmış, iddiaçı heç bir yerdə işləmir, maddi vəziyyəti pisləşmişdir. Cavabdeh isə RF-də işləməklə müvafiq gəlirlər əldə edir, uşaqlardan başqa valideynlərinə də pul göndərir, bununla da, maddi vəziyyəti müsbətə doğru dəyişmişdir. Odur ki, yuxarıda göstərilən məlum qətnamə əsasında təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanmaları üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların mənafelərini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Bununla belə məhkəmə alimentin miqdarının iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşaq üçün 160 (yüz altmış) manat deyil, məhkəmədə göstərdiyi kimi hər ay hər uşağa görə 125 (yüz iyirmi beş) manat müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, cavabdehin maddi vəziyyəti alimentin miqdarının hər ay hər uşaq üçün 160 manat müəyyən olunmasına əsas yaradacaq qədər dəyişməmiş, həmin məbləğdə alimentin cavabdehin ödəmək iqtidarında olması məhkəmədə tam təsdiqini tapmamış, iddiaçı tərəfindən bu barədə müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, alimentin miqdarının cavabdeh tərəfin dediyi kimi hər ay hər uşağa görə 120 manat müəyyən olunmasını da məhkəmə uşaqların mənafeləri baxımından qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(029)-348/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.1985-ci ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 04 may 2013-cü il təvəllüdlü X6 və 08 sentyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 125 (yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar