Məhkəmə qərarları › İş №2(029)-694/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-694/2023

24.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-694/2023 24.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olan uşağın saxlanılması üçün onun xeyrinə tutulan alimentin miqdarını artırılaraq Cavabdeh birgə nikahdan anadan olan 19 avqust 2015-ci il təvəllüdlü Ülvi adlı uşağın saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 11 oktyabr 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdir. Həmin nikahdan onların 19 avqust 2015-ci il təvəllüdlü Ülvi adlı uşaqları anadan olmuşdur. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaq onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli 2(029)-778/2016 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşağın saxlanılması üçün onun xeyrinə hər ay 100 manat miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda cavabdeh Nürəliyev Yavər Babaşah oğlu ona uşağın saxlanılması üçün 100 manat aliment ödəyir. Cavabdeh ona ödədiyi 100 manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun maddi ehtiyaclarıda artır. Uşağın gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə Cavabdeh uşağın saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur.O, məhkəmədən bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki,o, cavabdeh ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurub, həmin nikahdan onların bir uşaqları anadan olub. Aralarında olan nikah 2016-cı ildə məhkəmə qətnaməsinə əsasən pozulub və uşağın saxlanması üçün hər ay 100 manat aliment kəsilib. Cavabdehin aylıq gəliri barədə məlumatı yoxdur. Hazırda bir uşağa ayda 300 manatdan çox xərc çıxır, o, heç bir yerdə işləmir. Ona anası və qardaşları kömək edir.Cavabdehdən hər ay 220 manat tələb edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-778/2016 saylı,20 sentyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki,İddiaçı Cavabdeh ilə arallarında bağlanmış 11 oktyabr 2014-cü il tarixli Qusar rayon Qeydiyyat şöbəsində bağlanaraq 238 saylı qeydə alınmış nikah pozulmuşdur.Boşanmadan sonra uşaqları 19 avqust 2015-ci il tarixdə anadan oluş X4 İddiaçı yanında qalmışdır.27 aprel 2016-cı il tarixdən başlayaraq azyaşlı 19 avqust 2015-ci il tarixdə anadan oluş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 (yüz) manat pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 557543 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 19 avqust 2015-ci il tarixdə Siyəzən rayonunda anadan olmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan AZ-İ 254519 saylı 01 dekabr 2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah ləğv edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. ««Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-778/2016 saylı, 20 sentyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış 11 oktyabr 2014-cü il tarixli Qusar rayon Qeydiyyat şöbəsində bağlanaraq 238 saylı qeydə alınmış nikah pozulmuşdur.Boşanmadan sonra uşaqları 19 avqust 2015-ci il tarixdə anadan oluş X4 İddiaçı yanında qalmışdır.27 aprel 2016-cı il tarixdən başlayaraq azyaşlı 19 avqust 2015ci il tarixdə anadan oluş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 (yüz) manat pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Qusar rayon Məhkəməsinin 2(029)-778/2016 saylı, 20 sentyabr 2016-cu il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın 19 avqust 2015-ci il təvəllüdlü X1 üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd edir ki,qanunun mənasına görə az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2023-cü il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh uşağa görə sabit pul məbləğində hər ay 180 (yüz səksən) manat miqdarında aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 220 (iki yüz iyirmi )manat deyil, 180(yüz səksən) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır.Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Qusar rayon Məhkəməsinin 2(029)-778/2016 saylı, 20 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 19 avqust 2015-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180(yüz səksən) manat sabit pul məbləğində aliment tutulmalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 80 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 1000 manatdan artıq olmamaqla 960 manat (12 X 80=960) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 960 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-778/2016 saylı, 20 sentyabr 2016-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 19 avqust 2015-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz ) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar