Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-701/2025 22.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülkiyyətin müdafiəsi, yüksək gərginlikli hava elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülkiyyətin müdafiəsi, yüksək gərginlikli hava elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar bələdiyyəsinin 18 sentyabr 2000-ci il tarixli 11/5-6 saylı qərarı ilə mərhum atası X1, Qusar şəhərinin 41-ci kvartalında, Azadlıq küçəsində 5X8 metr ölçülərində 40 kv.metr torpaq sahəsində inşa edilmiş mağaza binasının yaxınlığında quraşdırılmış 10 kV-luq “2saylı şəhər” hava elektrik verilişi xəttinin "xxxx" ASC tərəfindən yerinin dəyişdirilərək mağaza binasının həmin xəttin mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar bələdiyyəsinin 18 sentyabr 2000-ci il tarixli 11/5-6 saylı qərarı ilə mərhum atası X3 mağaza binasının tikintisi məqsədilə şəhərin 41-ci kvartalında, Azadlıq küçəsində 5X8 metr ölçülərində 40 kv.metr torpaq sahəsi satılmışdır. Bundan sonra mərhum atası Telman Cəlilov tərəfindən həmin torpaq sahəsində inşa olunacaq mağaza binasının layihəsi tərtib etdirilmiş, həmin layihə əsasında tikintiyə icazə verilməsi üçün Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə müraciət olunmuş və həmin şöbənin 17 iyun 2008-ci il tarixli 92 nömrəli icazəsinə əsasən atası Telman Cəlilov tərəfindən həmin torpaq sahəsində ticarət obyektinin (mağaza) tikintisinə icazə verilmiş, təqdim olunmuş layihə razılaşdırılmışdır. Daha sonra isə atası Telman Cəlilov tərəfindən həmin torpaq sahəsində razılaşdırılmış layihəyə uyğun mağaza binası inşa olunmuşdur. Mərhum atası Telman Cəlilov vəfat etdikdən sonra onun qanun üzrə birinci dərəcəli vərəsəsi kimi onun miras əmlaklarını, o cümlədən mağaza binasını vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək üçün aidiyyəti qurumlara müraciət etmişdir. Məlum olmuşdur ki, mərhum atasına satılmış torpaq sahəsində müvafiq layihə əsasında mağaza binası inşa olunduqdan xeyli müddət sonra "xxxx" ASC-nin aidiyyətli qurumları tərəfindən mağaza binasından təxminən 15-20 metr məsafədən keçən 10 kV-lıq elektrik xəttinin və xəttin keçməsini təmin edən elektrik dirəyinin yeri dəyişdirilərək mağaza binasının təxminən 5 metrlik məsafəsində quraşdırılmışdır. Onun müraciəti əsasında "xxxx" ASC tərəfindən bildirilmişdir ki, qeyd olunan ərazidə 10 kV-luq “2saylı şəhər” hava elektrik verilişi xəttinin çayı keçən hissəsindəki ağac dayaq 2010-cu ildə 35 kV-luq hava elektrik verilişi xətti üçün nəzərdə tutulmuş yeni dəmir dayaqla əvəz edilmişdir. Bununla da, cavabdeh təşkilat tərəfindən faktiki olaraq elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi faktı etiraf olunmuşdur. Həmin xəttin dirəyi yenisi əvəz olunarkən xəttin yerinin sürüşdürülərək yuxarıda qeyd etdiyi mağaza binasına tərəf çəkilməsi nəticəsində mağaza binası xəttin mühafizə zonasına düşmüşdür. Halbuki, mağaza binası inşa olunan zaman elektrik xətti binanın 15-20 metrlik məsafəsindən keçmiş və mağaza binası xəttin mühafizə zonasına düşməmişdir. Halhazırda isə həmin xəttin mağazanın yanından keçməsi həmin obyektdən təyinatı üzrə istifadə etməni məhdudlaşdırır, eyni zamanda xəttin mövcudluğu təhlükəsizliyi qaydalarını da pozur və həmin mağaza binasını qanun üzrə vərəsəlik qaydasında adıma rəsmiləşdirməyə mane olur. Belə olan halda, hesab edir ki, mərhum atasına məxsus mağaza binası qanuna müvafiq qaydada inşa olunduqdan sonra həmin binanın yanında elektrik xəttinin quraşdırılması qanuni və əsaslı olmamış, bu onların qanuni mənafeyini pozmuşdur. Mağaza binasının qeyd olunan elektrik xəttinin təsirindən azad olunmasının təmin edilməsi məqsədi ilə həmin elektrik xəttinin yerinin dəyişdirilməsinə aidiyyəti göstəriş verilməsini "xxxx" ASC-dən xahiş etmiş, lakin indiyədək həmin ASC-dən hər hansı cavab verilməmişdir. Yuxarıda göstərdiyi mağaza binasının qeyd olunan elektrik xəttinin təsirindən azad olunmasının təmin edilməsi məqsədi ilə həmin elektrik xəttinin yerinin dəyişdirilməsi məhkəmə qaydasında həyata keçirilməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddianı müdafiə edir, işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir və ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respubılikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Qusar bələdiyyəsinin 18 sentyabr 2000ci il tarixli 11/5-6 saylı qərarı ilə iddiaçının mərhum atası X3 mağaza binasının tikintisi məqsədilə şəhərin 41-ci kvartalında, Azadlıq küçəsində 5X8 metr ölçülərində 40 kv.metr torpaq sahəsi satılmışdır. Bundan sonra Telman Cəlilov tərəfindən həmin torpaq sahəsində inşa olunacaq mağaza binasının layihəsi tərtib etdirilmiş, Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 17 iyun 2008-ci il tarixli 92 nömrəli icazəsinə əsasən Telman Cəlilov tərəfindən həmin torpaq sahəsində ticarət obyektinin (mağaza) tikintisinə icazə verilmiş, təqdim olunmuş layihə razılaşdırılmışdır. Eyni zamanda "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 13- 13/2-2/01-3-Z-4662-5/2025 saylı məktubu ilə müəyyən olunur ki, qeyd olunan ərazidə 10 kV-luq “2saylı şəhər” hava elektrik verilişi xəttinin çayı keçən hissəsindəki ağac dayaq 2010-cu ildə 35 kV-luq hava elektrik verilişi xətti üçün nəzərdə tutulmuş yeni dəmir dayaqla əvəz edilmişdir. İş materiallarında olan Qusar rayon Notariat Ofisinin 16 avqust 2023-cü il tarixli X- 970 saylı məktubu ilə müəyyən olunur ki, İddiaçı mərhum X2 vərəsəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13-cü maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının mərhum atası Telman Cəlilova məxsus mağaza binasının yaxınlığından keçən elektrik verilişi xəttinin yeri dəyişdirilərkən heç bir xəbərdarlıq olunmamış və bu, həmin şəxslə razılaşdırılmamış, nəticədə isə heç bir qanuni əsas olmadan mağaza binası yeni çəkilmiş elektrik verilişi xəttinin mühafizə zonasına düşmüşdür. Bununla da, həmin şəxsin mağaza binasına dair malik olduğu əmlak hüquqlarına əsassız müdaxilə baş vermiş, həmin hüququ məhdudlaşdırılmış, həmin əmlaka dair istifadə hüququna maneçilik yaranmışdır. Belə olan halda, hazırda həmin şəxsin vərəsəsi olan İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin tələblərinə əsasən öz əmlakından istifadəyə törədilən maneələrə son qoyulmasını, elektrik verilişi xəttinin yerinin dəyişdirilməsini tələb etməkdə haqlıdır, cavabdeh isə həmin maneələri aradan qaldırmağa borcludur. Beləliklə də, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Qusar bələdiyyəsinin 18 sentyabr 2000-ci il tarixli 11/5-6 saylı qərarı ilə mərhum X1, Qusar şəhərinin 41-ci kvartalında, Azadlıq küçəsində 5X8 metr ölçülərində 40 kv.metr torpaq sahəsində inşa edilmiş mağaza binasının yaxınlığında quraşdırılmış 10 kV-luq “2saylı şəhər” hava elektrik verilişi xəttinin yeri "xxxx" ASC tərəfindən öz hesabına dəyişdirilərək mağaza binası həmin xəttin mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qusar bələdiyyəsinin 18 sentyabr 2000-ci il tarixli 11/5-6 saylı qərarı ilə iddiaçının mərhum atası X1, Qusar şəhərinin 41-ci kvartalında, Azadlıq küçəsində 5X8 metr ölçülərində 40 kv.metr torpaq sahəsində inşa edilmiş mağaza binasının yaxınlığında quraşdırılmış 10 kV-luq “2saylı şəhər” hava elektrik verilişi xəttinin yeri "xxxx" ASC tərəfindən öz hesabına dəyişdirilərək mağaza binası həmin xəttin mühafizə zonasından çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-701/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-701/2025
22.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver