Məhkəmə qərarları › İş №2(029)-71/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-71/2023

17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-71/2023 17.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Məmmədov Tural Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi zərərin əvəzi olaraq 543 (beş yüz qırx üç) manat məbləğində pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 50 manat olmaqla, cəmi 623 (altı yüz iyirmi üç) manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 16 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində özünə məxsus «VAZ 21074» minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qusar rayonu Samur qəsəbəsindən Bakı-Quba-Dağıstan şosse yolunun Qusar rayonu Quxur-oba kəndi ərazisindən keçən hissəsində Samur-Quba istiqamətində hərəkətdə olarkən Cavabdeh məxsus bir baş at qəfildən yolun hərəkət hissəsinə çıxmış və onun idarə etdiyi avtomaşına dəymişdir. Hadisə nəticəsində ona məxsus “VAZ 21074” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsi əzilmiş və ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar X5 Xidməti əməkdaşları tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixli qərarla 40 manat məbləğində cərimə edilmiş və ona dəymiş zərərin ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Qeyd olunan hadisə nəticəsində «VAZ 21074» minik markalı, ** BN *** dövlət qeydiyyat nişanl avtomaşına vurulmuş maddi ziyanın məbləği avtomaşının təmirinə (bərpa edilməsinə) dair xx.xx.2022-ci il tarixdə mütəxəssisin iştirakı ilə tərtib edilmiş aktla 543 (beş yüz qırx üç) manat təşkil etməsi müəyyən edilmişdir. Ona görə də avtomaşınına dəymiş 543 manat məbləğində maddi zərər, 30 manat ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 50 manat olmaqla cəmi 623 (altı yüz iyirmi üç) manat məbləğində pul Cavabdeh alınaraq onun xeyrinə verilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Bundan başqa bildirmişdir ki, səhhətində yaranmış problemlə əlaqədar xx.xx.2023-cü il tarixə saat 11:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul etmir, rədd edilməsini xahiş edir. Həmçinin, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razı deyildir, avtomobili özü təmir edəcəkdir, o, avtomobili görməmişdir. İddiaçının dedikləri ilə razı deyildir, iddiaçının iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, bildirmişdir ki, səhhətində yaranmış problemlə əlaqədar xx.xx.2023-cü il tarixə saat 11:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə olunmuşdur. İşdə olan 19 aprel 2022-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (haqqı hesab) aktından görünür ki, Qusar rayonu Samur qəsəbə sakini İddiaçı idarə etdiyi «VAZ 21074» minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan 543 manat təşkil edir. İşdə olan 19 aprel 2022-ci il tarixli 159139 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən fiziki şəxs X1 maşına baxış keçirilməsi üçün 50 manat məbləğində pul ödənilmişdir. İşdə olan Cavabdeh vəsatəti əsasında təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 21 noyabr 2022-ci il tarixli 9/7008 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, fiziki şəxs X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2004-cü il buraxılışlı «VAZ 21074» minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 543 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli 9/7008 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 noyabr 2022-ci il tarixli 9/7008 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübutlardan biri kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı 16 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində ona məxsus «VAZ 21074» minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qusar rayonunun Samur qəsəbəsindən Bakı-Quba- Dağıstan şosse yolunun Qusar rayonunun Quxur-oba kəndi ərazisindən keçən hissəsində Samur-Quba istiqamətində hərəkətdə olarkən Cavabdeh məxsus bir baş at qəfildən yolun hərəkət hissəsinə çıxmış və onun idarə etdiyi avtomaşınla toqquşmuşdur. Nəticədə İddiaçı məxsus avtomobil əzilməklə ona maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 338.5.5-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş, Cavabdeh 40 manat inzibati xətaya görə cərimə edilmişdir. Cavabdeh tərəfindən törədilmiş inzibati xəta nəticəsində İddiaçı dəymiş ziyanın ödənilməsi sonuncu tərəfindən həmin şəxsdən tələb olunsa da, Cavabdeh maddi ziyanı ödəməmişdir. Bununla da, Cavabdeh İddiaçı qarşısında delikt öhdəliyi yaranmışdır. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Belə ki, məhkəmə tərəfindən əsas sübutlardan biri kimi qəbul edilən, məhkəmə-əmtəəşünaslıq ekspertizasının yuxarıda göstərilən məlum ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya dəymiş maddi ziyanın məbləği iddiaçının iddia ərizəsində göstərdiyi kimi 543 (beş yüz qırx üç) manat təşkil edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 543 (beş yüz qırx üç) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 50 manat olmaqla, cəmi 623 (altı yüz iyirmi üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri iddia təmin olunduğundan, həmçinin iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası Cavabdeh vəsatəti əsasında təyin olunduğundan sonuncudan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 543 (beş yüz qırx üç) manat, ödənilmiş dövlət rüsumu olaraq 30 manat və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 50 manat olmaqla, cəmi 623 (altı yüz iyirmi üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar