Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-727/2021 14.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh Aydabəg oğlunun vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh Aydabəg oğluna qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Aydabəg oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Aydabəg oğlunun təqsiri üzündən ona vurulmuş 990 (doqquz yüz doxsan) manat miqdarında maddi zərərin, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin may ayında Cavabdeh Aydabəg oğlu ilə danışıb belə razılığa gəlmişlər ki, cavabdeh ona və digər vətəndaşlara məxsus iri buynuzlu mal-qaranı yaylağa çıxarıb yay aylarında saxlayacaq, onlar da-yəni mal-qara sahibləri ona hər 1 baş iri buynuzlu mal-qaraya görə 45 (qırx beş) manat pul ödəyəcəklər. 27 may 2021-ci il tarixdə o, özünə məxsus 4 baş iri buynuzlu mal-qaranı yaylaqda otarması üçün cavabdehə təhvil vermişdir. Onunla bərabər digər şəxslər də özlərinə məxsus iri buynuzlu mal-qaraları yaylaqda otarması üçün cavabdehə təhvil vermişlər və ümumilikdə cavabdehə cəmi 200 başa yaxın iri buynuzlu mal-qara təhvil verilmişdir. 09 iyul 2021-ci il tarixdə cavabdeh özünün istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonundan ona məxsus ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək bildirmişdir ki, ona məxsis 1 baş cöngəni yaylaqda canavar parçalayıb tələf etmişdir. O, cavabdehə bildirmişdir ki, mal-qaraları yaylaqda saxlayıb sağ-salamat təhvil vermək cavabdehin vəzifəsidir. Həmin mal-qaraları ondan sağ-salamat təhvil götürüb hər 1 baş mal-qaraya görə cavabdehlə danışıb razılığa gəldikləri 45 manat pulu ödəmək isə onların vəzifələridir. Buna uyğun olaraq o, cavabdehdən canavarın parçalayıb tələf etdiyi ona məxsus 1 baş cöngənin əvəzinin ona qaytarılmasını xahiş etmişdir. Lakin, cavabdeh bildirmişdir ki, ona məxsus cöngəni yaylaqda canavarın parçalayıb tələf etməsinə görə o, məsuliyyət daşımır və buna görə də iddiaçıya həmin cöngənin əvəzini qaytarmayacaqdır. Bildirir ki, cavabdehin nəzarətsiz buraxaraq yaylaqda canavarın parçalayıb tələf etdiyi ona məxsus 1 baş cöngə təxminən 80-90 kiloqram təmiz ət verən cöngə olmuşdur. Hal-hazırda mal ətinin bazar qiyməti 11 manatdır. Buna uyğun olaraq cavabdehin məsuliyyətsizliyi nəticəsində ona dəymiş zərəri 990 (doqquz yüz doxsan) manat təşkil edir. Cavabdeh ona vurulmuş zərəri könüllü olaraq qaytarmaq istəmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onunla Cavabdeh arasında şifahi razılıq olmuş, həmin razılığa əsasən o, özünün 4 baş iri buynuzlu malını 2021-ci ilin may ayında yaylağa aparması üçün cavabdehə təhvil vermiş, əvəzində isə hər mal üçün 45 manat cavabdehə ödəməli olmuşdur. Həmin malları cavabdeh sentyabr ayının 15-nə kimi yaylaqda saxlamalı olmuşdur. Yaylaq ərazisi Qusar rayon Əniğ kəndinin ərazisi olmaqla sahəsi 200 hektardır. Cavabdeh 2020-ci ilin iyul ayının 9-da səhər saat təxminən 09 radələrində ona zəng edərək bildirmişdir ki, təxminən yarım saat əvvəl ona məxsus bir baş malı canavar parçalayıb tələf etmişdir. O, canavarın malı harada parçaladığını soruşmuş, cavabdeh isə Sabir adlı şəxsin kartof sahəsində parçaladığını demişdir. Sabir adlı şəxsin kartof sahəsi cavabdehin malı saxlamalı olduğu yerdən təxminən 4 kilometr aralıda yerləşir və səhər saat 08:30-da mal həmin sahəyə gedə bilməzdi. Ona görə də, mal axşamdan həmin sahədə nəzarətsiz qalmışdır. Sözü gedən heyvan 2 illik dana olmuş, cavabdehə təhvil verərkən təqribi çəkisi 90 kiloqram olmuşdur. Payızda isə həmin dananın çəkisi daha artıq olacaqdı. Ona məxsus 2 illik başqa bir dana da vardır, həmin dana ən azı 110 kiloqram ət verəcəkdir. Ona görə də, o, həmin dananın çəkisini əslində az göstərmişdir. O, heyvanın qiymətini yaz qiyməti ilə deyil, payız qiyməti ilə hesablamışdır. Dananın şəkillərindən də görünür ki, o kök və piyli, böyük olmuşdur. Ona məxsus dananı canavar yaylaq ərazisində deyil, kartof sahəsində tələf etdiyinə görə o, həmin əraziyə getməmişdir. Çünki, cavabdeh ona məxsus danaya nəzarət etməyi öhdəsinə götürsə də, dananı nəzarətsiz buraxmış və dana gecə malların saxlandığı yerdən 4 kilometr aralıda kartof sahəsində qalmış, nəticədə isə canavar dananı parçalamışdır. Nəticədə dananın əti yararsız hala düşmüş, ətdə canavarın dişləməsi nəticəsində quduzluq xəstəliyi ola bilərdi. Ona görə əti də qəbul etməmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh Aydabəg oğlu iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2021-ci ilin may ayında Qusar rayonu Suvacal və Zindan Muruq kənd camaatı ilə razılaşaraq, onlara məxsus iri buynuzlu mal-qaranın yay aylarında yaylaqda otarılması üçün Zindan Muruq kənd Bələdiyyə sədrinin iştirakı ilə iclas keçirərək 23.05.2021-ci il tarixli yazılı razılaşma imzalamışlar. Həmin razılaşmanın birinci bəndinə əsasən o, mal cavabdehi olaraq, iri buynuzlu malların yaylaqda otarılmasını təmin etmək və həmin malların izsiz, ləpirsiz itməsinə və gecə vaxtı özbaşına örüşdə qalmasına görə öhdəliyi öz üzərinə götürmüşdür. Kənd camaatı və İddiaçı da onunla razılaşaraq hər baş mala görə 45 (qırx beş) manat ödəmək şərti ilə, aralarında bağlanmış 23.05.2021-ci il tarixli razılaşmanı öz imzası ilə təsdiq etmişlər. Bundan sonra o, təxminən 135 baş iri buynuzlu mal-qaranı yay aylarında otarmaq məqsədi ilə yaylağa aparmışdır. 09 iyul 2021ci il tarixdə saat təxminən 10-11 radələrində çoban ona bildirmişdir ki, naxıra 3 canavar hücum etmiş və bir baş dananı yaralamış, lakin dana diri qalmışdır. O, dərhal iddiaçıya zəng edərək bu barədə ona məlumat vermiş, həmin yerə gəlməsini bildirmiş lakin, iddiaçı onunla kobud danışaraq oraya gəlməmiş, danaya sahib çıxmamışdır. O, çobana bildirmişdir ki, dananı kəssin və ətini iddiaçıya versinlər. İddiaçı isə bildirmişdir ki, ona ət gətirməsinlər, diri mal versinlər. Razılaşmaya əsasən o, yalnız izsiz, ləpirsiz yoxa çıxmış, gecə örüşdə nəzarətsiz qalmış mal-qaraya görə cavabdehliyi öz üzərinə götürmüş, lakin canavar tərəfindən tələf edilmiş mal-qaraya görə üzərinə heç bir öhdəlik götürməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh Aydabəg oğlunun vəkili X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdehlə iddiaçı arasında malın yaylaqda otarılması ilə bağlı müqavilə olmuş və bunun əsasında İddiaçı Cavabdeh 4 baş iri buynuzlu mal-qaranı təhvil vermişdir. Canavarın heyvanı tələf etməsi cavabdehdən asılı hal deyil, fors-major hal olmuşdur. Həmin gün Cavabdeh İddiaçı zəng edərək ona vəziyyəti izah etdikdən sonra, iddiaçını çağırıb razılığa gəlməyi təklif edib, amma iddiaçı oraya getməmişdir. Bununla belə iddiaçı heyvanın çəkisinin 90 kiloqram olduğunu iddia edir, amma bu barədə heç bir sübut yoxdur. Dananın təqribi çəkisi əslində 55-60 kiloqram olmuşdur. Canavar dişləyib yaraladıqdan sonra heyvan ölməmiş, sonradan kəsilmiş, lakin canavar yaraladığı üçün satılmamışdır. Odur ki, yuxarıda göstərilən halları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş 23.05.2021-ci il tarixli iribuynuzlu heyvanların (inək və danaların) yay sezonu üçün yaylaqda otarılması üzrə kənd sakinləri ilə razılaşmadan görünür ki, 1) mal cavabdehi Cavabdeh Aydabəg oğlu malların yaylaqda otarılmasını təmin etmək, mala nəzarət etmək və iribuynuzlu malların (inək və danaların) izsiz, ləpirsiz yoxa çıxmasına və özbaşına gecə örüşdə qalmış malın cavabdehliyini daşıyır. 2) Kənd sakinləri mal cavabdehi Cavabdehla razılaşma ilə razılaşaraq və öz imzaları ilə bunu təsdiq edərək iribuynuzlu mallarını (inək və danalarını) yay otlaq sahəsinə (yaylağa çıxarılmasına razılıq vermişlər. 3) Bu razılaşma əsasında Cavabdeh kənd sakinlərinin malını yay otlaq sahəsində (yaylaqda) otarılmasına razılaşmışdır. Orucov X8 Muruq kəndində əhali ilə (yaylağa mal çıxarmaq istəyən) toplantıya əsasən həm əhali, həm də Kuzun Bələdiyyəsi ilə razılaşmışdırlar. Həmin razılaşmaya əlavə olunmuş cədvəldən görünür ki, İddiaçı Cavabdeh yay sezonunda yaylaqda otarılması üçün 1 ədəd qara-ala erkək, 1 ədəd qırmızı dişi dana, 1 ədəd dişi ala dana, 1 ədəd sarı erkək dananı təhvil vermiş, cədvəli imzalamışdır. İşdə olan Qusar rayonu Zindan Muruq kənd sakinləri İddiaçı, X3, X4, X1 və X7 iştirakları ilə yazılmış 18 iyul 2021-ci il tarixli aktdan görünür ki, mayın 27-si Suvacal kənd sakini Cavabdeh Aydabəg oğlu sezonu 45 manata saxlamaq şərti ilə Suvacal və Zindan Muruq kəndindən ümumilikdə 200-də çox malı dağa aparmışdır. Cavabdeh Aydabəg oğlunun nəzarətsizliyi ucbatından İddiaçı mallarından birini canavar yemişdir. Cavabdeh Aydabəg oğlunun nəzarətsizliyi nəticəsində İddiaçı məxsus 1 baş cöngəni canavar parçalayıb tələf etmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, sözü gedən heyvanın arxa, arxa bel, arxa sol və arxa sol ayaq nahiyəsində zədələr, yaralar vardır, həmçinin heyvanın qarın nahiyəsi cırılmış və iç orqanları çölə tökülmüşdür. Həmçinin, müəyyən olunur ki, həmin dana kök, ətli və piyli olmuşdur. İşdə olan “Riad” firması tərəfindən verilmiş 14.10.2021-ci il tarixli arayışdan görünür ki, 14.10.2021-ci il tarixində Qusar rayon mərkəzi bazarında ətin satışı 11 manat olmuşdur. İşdə olan Qusar rayon İHB-nın Zindan Muruq kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 14 oktyabr 2021-ci il tarixli 339 saylı arayışdan görünür ki, Qusar rayonu Zindan Muruq kənd sakini İddiaçı təsərrüfatında 2021-ci ilin may ayında təxmini 110-120 kq. təmiz ət verən erkək dana olmuşdur. Həmin dananı yaylaqda canavar tələf etmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin may ayında Qusar rayonu Zindan Muruq kənd camaatı, o cümlədən İddiaçıla razılığa gələrək bir kənd camaatının cəmi 135 baş iribuynuzlu heyvanlarını (cavabdehin özünün dediyinə görə), o cümlədən iddiaçının 4 baş iribuynuzlu heyvanlarını yay mövsümündə bir baş heyvanı 45 manat olmaqla yaylaqda otarmaq üçün Qusar rayonu Əniğ kəndi ərazisində yerləşən yaylağa aparmışdır. Bu barədə müvafiq razılaşma imzalanmış və iribuynuzlu heyvanlar cavabdehə təhvil verilmişdir. Bununla da, cavabdeh təhvil aldığı iribuynuzlu malların yaylaqda otarılmasını təmin etmək, mallara nəzarət etmək, iribuynuzlu malların (inək və danaların) izsiz, ləpirsiz yoxa çıxmasına və özbaşına gecə örüşdə qalmış mallara cavabdehliyini daşımış, mövsümün sonunda həmin heyvanları sağsalamat sahiblərinə təhvil vermək vəzifələrini üzərinə götürmüş, heyvanların sahibləri, o cümlədən iddiaçı isə bunun müqabilində cavabdehdə haqq ödəməyi öz öhdələrinə götürmüşlər. 09 iyul 2021-ci il tarixdə isə iddiaçıya məxsus bir baş iribuynuzlu heyvanı canavar dişləyərək yaralamış, nəticədə həmin heyvan ölməsə də, kəsilmiş və əti yararsız olduğundan satılmamışdır. Həmin heyvanı canavarın dişləyərək yaralaması cavabdeh tərəfin göstərdiyi kimi cavabdehin iradəsindən asılı olmayan hala-yəni fors major hala görə deyil, cavabdehin məhz həmin heyvanı nəzarətsiz, sürüdən kənar buraxması səbəbindən baş vermişdir. Belə ki, cavabdehin özü də izahatında qeyd etmişdir ki, çoban 3 canavarın hücum edərək iddiaçıya məxsus dananı yaraladığını bildirmişdir. Bu, isə həmin dananın 135 başdan ibarət heyvan sürüsündə deyil, tək nəzarətsiz qaldığını təsdiq edir. Bundan başqa, iddiaçı da göstərmişdir ki, cavabdeh dananın örüş sahəsində deyil, məhz kartof sahəsində canavar tərəfindən hücuma məruz qaldığını ona bildirmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddiaçıya məxsus bir baş dananın tələf olması məhz cavabdehin öz öhdəliyini pozması və dananı nəzarətsiz buraxması nəticəsində baş vermiş və bununla da, onun həmin əməli nəticəsində iddiaçı qarşısında mülki məsuliyyəti yaranmışdır. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının cavabdehə təhvil verdiyi həmin heyvan kök və piyli olmaqla çəkisi təxminən 100 kiloqrama yaxın olmuşdur. Ət bazarında 1 kq mal ətinin satış qiyməti 11 (on bir) manat təşkil edir. Odur ki, məhkəmə iddiaçının ona dəymiş ziyanın məbləği barədə dəlilləri ilə də razılşararaq qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Aydabəg oğlundan vurulmuş maddi zərərin əvəzi kimi 990 (doqquz yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Aydabəg oğlundan maddi zərərin əvəzi olaraq 990 (doqquz yüz doxsan) manat məbləğində pul və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-727/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-727/2021
14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver