Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-742/2020 22.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomaşının zədələnməsi nəticəsində ona dəymiş real zərər olan 1300 (bir min üç yüz) manatın, maşının zədələnməsi nəticəsində 4 ay müddətində dayanmasına görə ona əlavə olaraq dəymiş 1680 (bir min altı yüz səksən) manatın, iddia qaldırmaqla əlaqədar ödədiyi 31 (otuz bir) manat dövlət rüsumu pulunun, cəmi olaraq 3011 (üç min on bir) manat pulun müştərək qaydada alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə o, idarə etdiyi “BMW” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qusar-Balaqusar şosse yolunun 3-cü kilometrliyində hərəkətdə olarkən qəfildən yola bir baş inək çıxaraq onun maşını ilə toqquşmuş və nəticədə özü xəsarət almasa da avtomaşınına maddi zərər dəymişdir. Məlum olmuşdur ki, həmin inək Qusar rayonu, Balaqusar kənd sakini X3 məxsusdur. xx xxxxx 2020-ci il tarixdə Qusar rayonu, Balaqusar kəndinin mal-qara naxırında növbədə olmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mal-qaranı nəzarətsiz buraxmışlar, nəticədə naxırda olan həmin inək şosse yoluna çıxmış, idarə etdiyi maşınla toqquşmuş və onun avtomaşınına maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində inzibati xəta haqqında icraat başlanılmış, cavabdehlərin hər biri Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(029)-152/2020 saylı və xx xxxx 2020-ci il tarixli, 3(029)-154/2020 saylı qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 80 (səksən) manat cərimə edilmişlər. Cavabdehlərin mal-qaranı yolda nəzarətsiz qoymaları nəticəsində onun avtomaşını zədələnmiş və ona 1300 (bir min üç yüz) manat zərər dəymişdir. Həmin zərər cavabdehlərdən müştərək qaydada alınıb ona qaytarılmalıdır. Baş vermiş hadisədən sonra onun avtomaşınına Qusar şəhərində yerləşən “VAZ” kooperativində baxış keçirilmiş və avtomaşının təmir edilməsi üçün 1300 (bir min üç yüz) manat vəsaitin lazım olduğu müəyyənləşdirilmişdir. Bu barədə xx xxxxx 2020-ci il tarixdə müvafiq Akt tərtib edilmiş, həmin Akt kooperativin sədri tərəfindən təsdiq edilmişdir. Bundan əlavə onun idarə etditi “BMW” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomaşını o, 6300 (altı min üç yüz) manata 15 (on beş) aylıq kreditə almış və həmin məbləği hər ayda 420 (dörd yüz iyirmi) manat ödəməklə 15 aya tam ödəməlidir. O, həmin avtomaşınla taksi fəaliyyəti ilə məşğul olaraq hər ay 420 (dörd yüz iyirmi) manat kredit pulunu ödəmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri üzündən avtomaşını zədələndiyi üçün 4 ay o, kredit pulunu ödəyə bilməmişdir. Ona görə də, 4 aylıq kredit pulu olan 4x420=1680 (bir min altı yüz səksən) manat pul da cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılmalıdır. O, hələ bu məbləği ən minimum həddə hesablamışdır. Əslində taksi fəaliyyəti göstərməklə həm aylıq krediti ödəyir, həm də ailəsini dolandırır. Bir neçə dəfə cavabdehlərə dəymiş ziyanın qaytarılması barədə müraciət etsə də, cavabdehlər ona vurduqları maddi ziyanı könüllü olaraq qaytarmaqdan imtina etmişlər.Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Avtomobilin kreditlə satış müqaviləsindən görünür ki, İddiaçı X1 məxsus dövlət nişanı ** SO *** olan avtomobili nisyə almış və aylıq 420 AZN, ümumilikdə 6300 (altı min üç yüz) AZN ödəyəcəyini öhdəsinə götürmüşdür. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(029)-152/2020 saylı Qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(029)-154/2020 saylı Qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İşdə olan Qusar “VAZ” kooperativi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli Nəqliyyat vasitəsinin təmirinə (bərpa edilməsinə) dair SMETA (haqqı hesab_ Aktından görünür ki, İddiaçı məxsus BMW 528 minik markalı avtomaşına 1300 (bir min üç yüz) manat maddi ziyan dəymişdir. İşdə olan ********* nömrəli qəbzdən görünür ki, İddiaçı Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 31 (otuz bir) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxxx 2020-ci il tarixdə İddiaçı idarə etdiyi “BMW” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qusar-Balaqusar şosse yolunun 3-cü kilometrliyində hərəkətdə olarkən həmin vaxt naxır növbəsində olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 səhlənkarlığı nəticəsində nəzarətsiz qalan qəfildən yola çıxan bir baş inəklə toqquşmuş və nəticədə iddiaçının avtomaşınına 1300 (bir min üç yüz) manat maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1300 (bir min üç yüz) manat məbləğində maddi zərərin əvəzi müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Həmçinin iddiaçı avtomaşınının zədələnməsi nəticəsində 4 ay müddətində əlavə olaraq ona 1680 (bir min altı yüz səksən) manat maddi zərərin dəyməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1300 (bir min üç yüz) manat məbləğində maddi zərərin əvəzi və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumu, cəmi 1331 (bir min üç yüz otuz bir) manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-742/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-742/2020
22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver