Məhkəmə qərarları › İş №2(029)-746/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-746/2022

21.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-746/2022 21.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş maddi zərərin əvəzi olaraq 3000 (üç min) manat həmçinin dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, VAZ-2107 markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında ona məxsusdur.xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində Qusar-Şahdağ yolunda yerləşən “Xutorok” restoranının yanında yerləşən avtoyuma məntəqəsində işləyən Cavabdeh həmin nəqliyyat vasitəsini ondan götürüb avtoyuma məntəqəsinə salmaq üçün idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla sola manevr etmiş və nəticədə X1 idarə etdiyi VAZ 2106 markalı 17- BD- 925 dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Avtomobillərin toqquşması nəticəsində ona məxsus avtomobil əzilmiş və ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin fakta görə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1 -ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. 02 dekabr 2020-ci il tarixdə onun, Cavabdeh və X2 iştirakı ilə akt tərtib olunmuş və Cavabdeh ona dəymiş 3000 manat məbləğində ziyanı hər ay 200 (iki yüz) manat olmaqla 15 (on beş) ay müddətində ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin vaxtdan 15 aydan artıq müddət keçsə də, həmin şəxs indiyədək həmin pulu ona ödəməmiş, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh təqsirli hərəkəti yəni, ona məxsus avtomaşını vurması nəticəsində ona dəymiş 3000 (üç min) manat məbləğində pul vəsaiti, həmçinin onun tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ona ödənilməlidir. İddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırda cavabdehin ona dəymiş maddi ziyana görə 2100 manat borcu qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 21 sentyabr 2022-ci il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və cavabdehdən 2100 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul edir. Hazırda 2100 manat iddiaçıya dəymiş ziyana görə borcu qalıb. Həmin pulu birdəfəyə ödəyə bilmir, gələcəkdə bütün imkanlardan istifadə edərək həmin pulu qaytaracaqdır. İddianın təmin edilməsinə etiraz etmir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 21 sentyabr 2022-ci il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində, saat 15:50-də Qusar-Şahdağ yolunun 5-ci km “Xutorok” redtoranının qarşısında VAZ 21074 markalı, 90GP137 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 332.1-ci, 327,1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1.-ci, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbehvermə növü tətbiq edilmişdir. İşdə olan Qusar RPŞ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qusar RPŞ-nin DYPB-nin baş inspektoru, polis mayoru N.Müzəffərovun Qusar RPŞ-nin növbətçi hissəsinə verdiyi məlumat əsasında toplanmış material üzrə vət. Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan İddiaçı, Cavabdeh və X3 tərəfindən imzalanmış 02 dekabr 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh, İddiaçı 3000 (üç min) manat pul vəsaitini hər ayda 200 (iki yüz) manat qaytarmaqla 15 (on beş) ay müddətinə həmin 3000 (üç min) manat borcu tam ödəyəcəkdir. İşdə olan AD530083 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90GP137 dövlət qeydiyyat nişanlı VAZ-21074 markalı minik avtomobilinin sahibi X4r. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, cavabdehin ona borclu olduğu 3.000 manatdan 900 manat ona qaytarılmış, cavabdehin ona 2100 manat borcu qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, İddiaçı 2.100 manat borcu qalmışdır. İşdə olan ƏN-Vİİ 185016 saylı nəqliyyat vasitələrinə sərəncam verilməsi barədə Etibarnamənin surətindən görünür ki, X5 2009-cu il buraxılışlı dövlət qeydiyyat nişanı 90GP137 olan “VAZ 21074” markalı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər üzrə səlahiyyətləri İddiaçı vermişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il tarixində, saat 15:50-də Qusar-Şahdağ yolunun 5-ci km “Xutorok” redtoranının qarşısında VAZ 21074 markalı, 90GP137 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 332.1-ci, 327,1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə İddiaçı məxsus avtomobil əzilməklə ona maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 332.1-ci, 327,1-ci maddələri ilə xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Cavabdeh tərəfindən törədilmiş inzibati xəta nəticəsində İddiaçı dəymiş ziyanın ödənilməsi sonuncu tərəfindən həmin şəxsdən tələb olunmuş, cavabdeh 3000 manat maddi ziyandan 900 manat pul məbləğini ödəmiş, geriyə qalan 2100 manat məbləğində maddi ziyanı Cavabdeh ödəməmişdir. Bununla da, Cavabdeh İddiaçı qarşısında delikt öhdəliyi yaranmışdır. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 2100 (iki min yüz) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 2100 (iki min yüz) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar