Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-748/2024 12.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 may 2015-ci il tarixli, 2(029)-158/2015 nömrəli qətnaməsinə əsasən 20 iyun 2011-ci il təvəllüdlü X6 ilə 15 noyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanilmaları üçün qət edilmiş həy ay hər uşaq üçün 50 (əlli) manat məbləğində sabit alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul şəklində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon Məhkəməsinin 19 may 2015ci il tarixli, 2(029)-158/2015 № li qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında 28 oktyabr 2006-cı il tarixdə Qusar rayon WADQ şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş 20 iyun 2011-ci il təvəllüdlü X6 ilə 15 noyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək onun yanında qalmalarına, Cavabdeh 19 may 2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq 20 iyun 2011-ci il təvəllüdlü X6 ilə 15 noyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ona verilməsi qət edilmişdir. Cavabdeh alimenti vaxtı-vaxtında ödəmir, ödəsə də onun ödədiyi aliment məbləği onu qane etmir, uşaqlar onun himayəsindədir, kommunal xərclər qalxıb, ona görə də uşaqlarına paltar, dərs ləvazimatlarının və digər tələb olunan əşyaların alınmasında çətinlik çəkir, cavabdeh isə uşağın saxlanılması üçün ona əlavə köməklik etmir. 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Cavabdehin buna hər-cür imkanı vardır. Hesab edir ki, onun bu vəziyyətində uşaqlarının saxlanılması üçün ayda ondan hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat aliment tutulmalıdır. Cavabdehlə aralarında alimentin ödənilməsinə dair saziş yoxdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, əvvəllər cavabdehdən hər uşağa görə 50 manat aliment tutulmuşdur. Hal-hazərda həmin aliment kifayət etmir. Onda olan məlumata görə cavabdeh işləyir, avtobus sürücüsüdür. O, özü işləsə də, kirayədə qalır, buna görə də, çətinlik çəkir. Cavabdeh uşaqlarla görüşür, uşaqların nənəsi onları arada aparır və paltar alır. Cavabdeh hər uşağa görə 235 manat olmasa da, heç olmasa 150 manat aliment ödəsin. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, əvvəllər işləsə də, hazırda işləmir, Bakı şəhərində axşam saatlarında sürücülük edib pul qazanır. O, ikinci dəfə ailə həyatı qurmuş, anası xəstədir. Hər ay hər uşağa görə 125 manat məbləğində aliment ödəyə bilər. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 727626 və AZ-İİİ 262002 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2011-ci ildə, X3 15 noyabr 2013-cü il tdə anadan olmuşlar, ataları Cavabdeh, anaları isə İddiaçıdır. İşdə olan Qusar rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli 2(029)-158/2015 saylı qətnaməsinindən görünür ki, Cavabdeh 19 may 2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa 50 (əlli) manat olmaqla cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq 20 iyun 2011-ci il təvəllüdlü X4 və 15 noyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli 2(029)-158/2015 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahlarından anadan olmuş Akif və Elvina adlı uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 50 manat miqdarında aliment tutulmuşdur. Həmin vaxtdan təxminən 9 ildən artıq müddət keçmiş, həmin müddət ərzində iddiaçının himayəsində olan uşaqların tələbatları artmaqla iddiaçının maddi vəziyyəti nisbətən ağırlaşmışdır. Odur ki, məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların mənafeyini, tərəflərin diqqətəlayiq olan maraqlarını, maddi və əmlak vəziyyətlərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməklə hər ay hər uşağa görə 130 manat müəyyən olunmalıdır. Məhkəmə alimentin miqdarının hər ay hər uşağa görə Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş məbləğə uyğun 235 manat miqdarda müəyyən edilməsini əsaslı hesab etmir. Qeyd olunmalıdır ki, uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan, hazırkı halda ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız cavabdehdən tutulması düzgün və ədalətli deyil, bu cavabdehin maraqlarının pozulmasına və onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, bir il ərzində ödəniləcək əlavə alimentin miqdarı, yəni iddianın qiyməti 1920 manat təşkil etdiyindən Cavabdeh 39.20 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-158/2015 sayli, 19 may 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək 31 iyul 1985-ci ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə birgə nikahlarından anadan olmuş 20 iyun 2011-ci il təvəllüdlü X11 oglunun və 15 noyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına catana kimi saxlanması uçün sabit pul məbləgində hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat miqdarda aliment tutulsun. Cavabdeh 39.20 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-748/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-748/2024
12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver