Məhkəmə qərarları › İş №2(029)-75/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-75/2022

18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-75/2022 18.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Nəsiroviçə qarşı avtomobilə dəymiş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Nəsiroviçə qarşı avtomobilə dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 740 (yeddi yüz qırx) manat məbləğində maddi ziyan, Qusar “VAZ” kooperativinə ödənilmiş 50 (əlli) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 820 (səkkiz yüz iyirmi) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 14.05.2021-ci il tarixdə saat 10:00 radələrində cavabdeh özünə məxsus 1 ədəd qırmızı rəngli inəyi Qusar-Şirvanlı kənd yolunun 28-ci km-də Quxur-oba kənd ərazisində nəzarətsiz qoymuş, nəticədə inək ona məxsus “VAZ-21104” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində avtomobili əzilmiş və avtomobilinə 740 (yeddi yüz qırx) manat məbləğində maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən cavabdehin barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı 15.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və Qusar rayon məhkəməsinin 04 iyun 2021-ci il tarixli 3(029)- 247/2021 saylı qərarı ilə cavabdeh həmin inzibati xətaya görə yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Beləliklə, cavabdehin həmin təqsirli hərəkəti nəticəsində ona məxsus avtomobil əzilməklə ona maddi ziyan dəymişdir. O, Qusar “VAZ” kooperativinə 50 (əlli) manat ödəmişdir. Ona dəymiş maddi ziyanın 740 (yeddi yüz qırx) manat miqdarda müəyyənləşdirilmişdir. O, dəfələrlə həmin məbləği cavabdehdən tələb etmiş, lakin cavabdeh ona vurulmuş zərəri hal-hazıra kimi ona qaytarmamışdır. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 14.05.2021-ci il tarixdə saat 10:00 radələrində cavabdeh özünə məxsus 1 baş qırmızı rəngli inəyi Qusar-Şirvanlı kənd yolunun 28-ci km-də, Quxur-oba kəndi ərazisində nəzarətsiz qoymuş, nəticədə inək ona məxsus, idarə etdiyi “VAZ-21104” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində avtomobil əzilmiş və ona 740 (yeddi yüz qırx) manat məbləğində maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı 15.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və Qusar rayon məhkəməsinin 04 iyun 2021-ci il tarixli 3(029)-247/2021 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. O, Qusar “VAZ” kooperativinə 50 (əlli) manat ödəmiş, ona dəymiş maddi zərərin miqdarı 740 (yeddi yüz qırx) manat miqdarda müəyyənləşdirilmişdir. O, dəfələrlə həmin məbləği cavabdehdən tələb etmiş, lakin cavabdeh ona vurulmuş zərəri hal-hazıra kimi qaytarmamışdır. Buna görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddianı müdafiə edir, ekspert rəyinə uyğun olaraq 690 manat məbləğində ziyanın cavabdehdən tutularaq ona verilməsini xahiş edir. Həmçinin, şəxsi işləri ilə əlaqədar 18 may 2022-ci il tarixə saat 14:00-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb ekspert rəyinə uyğun olaraq 690 manat məbləğində ziyanın cavabdehdən tutularaq ona verilmsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Nəsiroviç məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh Nəsiroviç məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, İddiaçı ona qarşı avtomobilə dəymiş maddi ziyan tələbinə dair iddiasını əsassız hesab edir. Belə ki, o, inəyi nəzarətsiz qoymamış, 10 baş iribuynuzlu mal-qaranı otarmaq üçün yolun digər tərəfinə keçirmək istəmiş, inəklərin arxasınca getmişdir. Qusar-Şirvanlı magistralının Quxuroba kəndi ərazisində yolboyu heç bir yerdə mal-qara keçidi müəyyən edilməmişdir. Yolun hər hansı hissəsi, hər hansı qaydada ətraf ərazilərdən təcrid edilməmişdir. Quxurobanın örüş və həyətyanı sahələri Qusar-Şirvanlı yolunun hər iki tərəfində yerləşir. Belə olan halda onlar mal-qaralarını istədikləri yerdən keçirmək hüququna malikdirlər. Hesab edir ki, iddiaçının avtomobilinin inəyi ilə toqquşmasında o, deyil, iddiaçı təqsirkardır. Hadisə iddiaçının diqqətsizliyindən baş vermişdir. Bundan başqa, yuxarıda qeyd edilən əsaslara görə Qusar RPŞ-nin DYPB tərəfindən barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib edilmiş İXP3961571 saylı 15.05.2021-ci il tarixli inzibati xəta haqqında protokolu və 80,00 manat cərimə olunmasına dair Qusar rayon məhkəməsinin 04 iyun 2021-ci il tarixli 3(029)- 247/2021 saylı qərarını, hələlik qərardan şikayət verməsə də əsassız hesab edir. Nə qeyd edilən protokolun, nə də məhkəmənin inzibati iş üzrə cərimə olunmağına dair qərarının surətləri bu vaxta kimi ona verilməmişdir. Onların surətləri ona verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət etmək fikrindədir. Bundan başqa, iddiaçının nəqliyyat vasitəsinin inəyi ilə toqquşması nəticəsində nəqliyyat vasitəsinin yalnız avtomobilin ön şüşəsi və sol tərəf qanadı əzilmişdir. Avtomobil inəyin arxa ayaqlarına dəymiş və inəyin başının avtomobilin ön şüşəsinə dəyməsi nəticəsində şüşə sınmışdır. Nəqliyyat vasitəsinin həmin hissələrinin dəyişdirilməsi, mövcud qiymətlərə əsasən 200,00 manata başa gəlir. Odur ki, iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15.05.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Nəsiroviç özünə məxsus bir baş qızılı rəngli inəyi 14.05.2021-ci il tarixdə saat 10:00 radələrində Qusar-Şirvanlı kənd yolunun 18-ci kilometrliyində, Quxur-oba kəndi ərazisində nəzarətsiz qoymuş və nəticədə inək VAZ-21104 markalı **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq onunla toqquşmaqla maddi ziyan vurmuşdur. İşdə olan Qusar rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli 3(029)-247/2021 saylı Qərarının surətindən görünür ki, Cavabdeh Nəsiroviç 15.05.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İşdə olan 19.06.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh Nəsiroviç tərəfindən 73 manat məbləğində inzibati cərimə ödənilmişdir. İşdə olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 19 oktyabr 2021-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının surətindən görünür ki, Qusar rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli 3(029)-247/2021 saylı icra sənədi tam icra olunduğundan həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Qusar rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli 3(029)-247/2021 saylı icra sənədinə əsasən Cavabdeh Nəsiroviç Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İcra sənədində qeyd olunan tələb borclu Cavabdeh tərəfindən tam təmin olunmuşdur. İşdə olan Qusar rayon “VAZ” kooperativi tərəfindən verilmiş 14.05.2021-ci il tarixli Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (haqqı hesab) aktından görünür ki, İddiaçı məxsus VAZ 21104 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyan cəmi 740 (yeddi yüz qırx) manat təşkil etmişdir. İşdə olan AB434743 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BE-*** dövlət qeydiyyat nişanlı VAZ-21104 markalı minik avtomobilinin sahibi İddiaçıdur. İşdə olan Cavabdeh vəsatəti ilə təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 mart 2022-ci il tarixli 9/49 saylı rəyindən görünür ki, Qusar “VAZ” kooperativinin 14.05.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “VAZ 21104” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 690.0 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli 9-49 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 mart 2022-ci il tarixli 9/49 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh Nəsiroviç 14.05.2021-ci il tarixdə saat 10:00 radələrində Qusar-Şirvanlı yolunun 18-ci kilometrliyində, Quxur-oba kəndi ərazisində özünə məxsus 1 baş inəyini nəzarətsiz qoymuş, nəticədə həmin inək yolda İddiaçı idarə etdiyi **-BE-*** dövlət qeydiyyat nişanlı VAZ 21104 markalı avtomobilin qarşısına çıxaraq onunla toqquşmuşdur. Nəticədə İddiaçı məxsus avtomobil əzilməklə ona maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Cavabdeh Nəsiroviç barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə 15.05.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra Qusar rayon Məhkəməsinin 3(029)-247/2021 nömrəli 04.06.2021-ci il tarixli qərarı ilə Cavabdeh Nəsiroviç Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmiş, həmin qərar qanuni qüvvəyə minməklə icraya yönəldilmiş, Cavabdeh tərəfindən həmin cərimənin ödənilməsi təmin edilməklə icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra Cavabdeh tərəfindən törədilmiş inzibati xəta nəticəsində İddiaçı dəymiş ziyanın ödənilməsi sonuncu tərəfindən həmin şəxsdən tələb olunsa da, Cavabdeh maddi ziyanı ödəməmişdir. Bununla da, Cavabdeh İddiaçı qarşısında delikt öhdəliyi yaranmışdır. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Belə ki, məhkəmə tərəfindən əsas sübutlardan biri kimi qəbul edilən, məhkəmə-əmtəəşünaslıq ekspertizasının yuxarıda göstərilən məlum ekspert rəyi ilə müəyyən olunmuşdiur ki, iddiaçıya dəymiş maddi ziyanın məbləği 740 manat deyil, 690 manat təşkil edir. Bundan başqa, iddiaçı tərəfindən “VAZ” kooperativinin hesabına 50 manat məbləğində pul ödənildiyi göstərilsə də, bu barədə müvafiq sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Nəsiroviçin təqsirli hərəkəti nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 690 (altı yüz doxsan) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 720 (yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Məhkəmə Cavabdeh iddiaya etiraz ərizəsində göstərdiyi dəlilləri işdə olan sənədlərlə tam təkzib edildiyindən həmin dəlillərlə razılaşmayaraq qəbul etmir. Belə ki, həmin şəxs etirazında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan və Qusar rayon məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından xəbəri olmadığını göstərsə də, həmin hallar öz təsdiqini tapmamış, əksinə məlum olmuşdur ki, o, həmin qərarın icrası zamanı könüllü olaraq qərarla barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmiş və buna görə qərar üzrə icra sənədinin icraatına xitam verilmişdir. Bununla da, həmin şəxsin əslində həm inzibati xəta haqqında protokol, həm də Qusar rayon məhkəməsinin qərarı barədə məlumatı olmuş, etirazında bu barədə göstərdikləri həqiqətə uyğun deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri iddia təmin olunduğundan, həmçinin iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası Cavabdeh vəsatəti əsasında təyin olunduğundan sonuncudan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Nəsiroviçdən dəymiş ziyanın əvəzi olaraq 690 (altı yüz doxsan) manat, məhkəməyə ərizə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 720 (yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Cavabdeh Nəsiroviçdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar