Məhkəmə qərarları › İş №2(029)-752/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-752/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-752/2020 30.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı əlavə tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, QSNPT-0001 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış 5512.66 (beş min beş yüz on iki manat altmış altı qəpik) manat faiz və 1500 (bir min beş yüz) manat cərimə borcu, cəmi 7012.66 (yeddi min on iki manat altmış altı qəpik) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, QSNPT-0001 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22 faiz olmaqla 60 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli olduğu halda öhdəliklərini icra etməmişdir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı ASC tərəfindən Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə 2015-ci ildə müraciət olunmuşdur. Qusar rayon məhkəməssinin xx xxxxxx 2015-ci il tarixli 2(029)-763/2015 saylı qətnaməsinə əsasən Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsi üzrə 26272.84 (iyirmi altı min iki yüz yetmiş iki manat səksən dörd qəpik) manat əsas kredit borcu, 6524.92 (altı min beş yüz iyirmi dörd manat doxsan iki qəpik) manat məbləğində faiz borcu, 971 (doqquz yüz yetmiş bir) manat vaxtı keçmiş kredit üçün faiz borcu, 4500 (dörd min beş yüz) manat məbləğində cərimə borcu, cəmi 37297.76 (otuz yeddi min iki yüz doxsan yeddi manat yetmiş altı qəpik) manatın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği banka vaxtında ödəməmişdir. Qətnamə xx xxxxxx 2015-ci il tarixdə çıxdığından, qətnamədə həmin tarixə hesablanmış əsas, faiz və cərimə borcları göstərilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği hissə-hissə icra edərək xx xxxxxx 2017-ci il tarixində tam ödəmişdir. Qətnamə çıxan tarixdən (xx xxxxxx 2015-ci il) qətnamə üzrə borc icra olunan tarixə qədər isə (xx xxxxxx 2017-ci il) əsas məbləğə faiz və cərimə hesablanmamışdır. xx xxxx 2020-ci il tarixə olan maliyyə arayışına əsasən borclu Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə 5512.66 (beş min beş yüz on iki manat altmış altı qəpik) manat faiz və 1500 (bir min beş yüz) manat cərimə borcu, cəmi 7012.66 (yeddi min on iki manat altmış altı qəpik) manat borcu vardır. Bundan əlavə bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi banka birbaşa maddi zərər vurmaqla nəticələnir. Belə ki, bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə faizlər ödəyir. Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ASC-nin Cavabdeh qarşı hazırki əlavə tələbə dair iddiası tamamilə əsassızdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 22 faiz olmaqla 60 ay müddətinə 30000 (otuz min) manat məbləğinde kredit verilmişdir. Lakin Cavabdeh maddi vəziyyətində yaranmış problemlərdən dolayı kredit müqaviləsi üzrə öhdəliklər lazımınca və vaxtında icra olunmadığından İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırmış və Qusar rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(029)-763/2015 saylı qətnaməsinə əsasən əsas, faiz və cərimə borcları olmaqla ümumilikdə 37297.76 (otuz yeddi min iki yüz doxsan yeddi manat yetmiş altı qəpik) manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamə üzrə ödəməli olduğu bütün borcunu banka tam olaraq qaytarmış və heç bir borcu qalmamışdır. Borcu qalmadığı üçün bank tərəfindən həmin kredit müqaviləsinə əsasən girov qoyulmuş fərdi yaşayış evi də bank tərəfindən giorovdan azad edilmişdir. Bütün bu xüsusatlar iddia tələbinin əsassız olduğunu göstərir, ona görə də iddia tələbi rədd edilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2013-cü il tarixli, QSNPT-001 saylı istehlak kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 22 faiz olmaqla 60 ay müddətinə 30000 (otuz min) manat məbləğinde kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli RB-02/PK-3542 nömrəli Arayışdan görünür ki, borclu Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə 0 (sıfır) manat, 5512.66 (beş min beş yüz on iki manat altmış altı qəpik) manat faiz borcu, 1500 (bir min beş yüz) manat cərimə borcu olmaqla, üumumilikdə 7012.66 (yeddi min on iki manat altmış altı qəpik) manat borcu vardır. İşdə olan xx xxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(029)-763/2015 sayllı qətnaməsinin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borc 26272.84 (iyirmi altı min iki yüz yetmiş iki manat səksən dörd qəpik) manat, faiz borcuna görə 6524.92 (altı min beş yüz iyirmi dörd manat doxsan iki qəpik) manat və cərimə borcuna görə 4500 (dörd min beş yüz) manat olmaqla cəmi məbləği 37297.76 (otuz yeddi min iki yüz doxsan yeddi manat yetmiş altı qəpik) manatın və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın İddiaçı ASC-nin xeyrinə tutulması, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh X3 məxsus Qusar şəhəri Əzizbəyov küçəsi, 31 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin qiymətinin 55000 manat müəyyənləşdirilməsi, ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və əldə olunan məbləğin borca ödənilməsi, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh X3 məxsus Qusar şəhəri Əzizbəyov küçəsi, 31 ünvanda yerləşən fərdi yaşayış evinin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satıldıqdan sonra boşaldılması, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx xxxxxx 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 22 faiz olmaqla 60 ay müddətinə 30000 (otuz min) manat məbləğinde kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən iddiaçı Qusar rayon məhkəməsində iddia qaldırmış və Qusar rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(029)-763/2015 sayllı qətnaməsinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borc 26272.84 (iyirmi altı min iki yüz yetmiş iki manat səksən dörd qəpik) manat, faiz borcuna görə 6524.92 (altı min beş yüz iyirmi dörd manat doxsan iki qəpik) manat və cərimə borcuna görə 4500 (dörd min beş yüz) manat olmaqla cəmi məbləği 37297.76 (otuz yeddi min iki yüz doxsan yeddi manat yetmiş altı qəpik) manatın və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın İddiaçı ASC-nin xeyrinə tutulması, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh X3 məxsus Qusar şəhəri Əzizbəyov küçəsi, 31 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin qiymətinin 55000 manat müəyyənləşdirilməsi, ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və əldə olunan məbləğin borca ödənilməsi, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh X3 məxsus Qusar şəhəri Əzizbəyov küçəsi, 31 ünvanda yerləşən fərdi yaşayış evinin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satıldıqdan sonra boşaldılması, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir və həmin qətnamə üzrə tələb olunan məbləğ tam şəkildə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Göründüyü kimi, iddiaçı özünün kreditor hüquqlarından istifadə etməklə müqavilə üzrə cavabdehin ödəməli olduğu pul vəsaitinin tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmış və Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli, 2(029)-763/2015 sayllı qətnaməsi ilə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur. Qusar rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(029)-763/2015 saylı qətnaməsi müvafiq qaydada xx xxxxxx 2017-ci il tarixdə icra olunmuşdur. Ona görə də məhkəmə həmin xx xxxxxx 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsi üzrə cavabdehin üzərinə əlavə öhdəlik qoyulmasını qanunsuz və əsassız hesab edir. Belə olan halda cavabdehin üzərinə əlavə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər. Odur ki, məhkəmə hazırki iddianı iddiaçının kreditor hüquqlarından sui-istifadə kimi qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı əlavə tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı əlavə tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar