Məhkəmə qərarları › İş №2(029)-755/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-755/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-755/2020 02.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu, İddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "İddiaçı" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli QFS-7027 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 379.81 (üç yüz yetmiş doqquz manat səksən bir qəpik) manat, faiz borcuna görə 8.54 (səkkiz manat əlli dörd qəpik) manat, dəbbə borcuna görə 0(sıfır) manat, cəmi 388.35 (üç yüz səksən səkkiz manat otuz beş qəpik) manat məbləğində pulun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "İddiaçı" ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, QFS-7027 saylı kredit müqaviləsinə əsasən illik 26 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxxxxx 2019-cu il tarixdə iddiaçı "İddiaçı" ASC-nin Qusar filialı ilə Cavabdeh2arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx xxxxxx 2019-cu il tarixli, QFS-7027 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx xxxxxx 2019-cu il tarixli, QFS-7027 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinnə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, QFS-7027 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 16-dan gec olmayaraq hər ay 135.37 (bir yüz otuz beş manat otuz yeddi qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli, QFS-7027 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kredit borcuna görə 379.81 (üç yüz yetmiş doqquz manat səksən bir qəpik) manat, faiz borcuna görə 8.54 (səkkiz manat əlli dörd qəpik) manat, dəbbə borcuna görə 0(sıfır) manat, cəmi 388.35 (üç yüz səksən səkkiz manat otuz beş qəpik) manat təşkil edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli, QFS-7027 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "İddiaçı" ASC-dən illik 26 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. İşdə olan xx xxxxxx 2019-cu il tarixli, QFS-7027 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 "İddiaçı" ASC qarşısında zamin durmuşdur İşdə olan "İddiaçı" ASC tərəfindən verilmiş RB-02/PK-3289 nömrəli xx xxxx 2020-ci il tarixli Arayışdan görünür ki, borclu Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli, QFS-7027 saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə olan borcu kredit borcuna görə 379.81 (üç yüz yetmiş doqquz manat səksən bir qəpik) manat, faiz borcuna görə 8.54 (səkkiz manat əlli dörd qəpik) manat, dəbbə borcuna görə 0(sıfır) manat, cəmi 388.35 (üç yüz səksən səkkiz manat otuz beş qəpik) manat təşkil edir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı "İddiaçı" ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, QFS- 7027 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 öhdəliklərinin icrasına təminat olaraq Cavabdeh2 ilə iddiaçı "İddiaçı" ASC-nin Qusar filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəliklərini lazımınca və vaxtında icra etməmişlər və nəticədə xx xxxx 2020-ci il tarixə iddiaçıya kredit borcuna görə 379.81 (üç yüz yetmiş doqquz manat səksən bir qəpik) manat, faiz borcuna görə 8.54 (səkkiz manat əlli dörd qəpik) manat, dəbbə borcuna görə 0(sıfır) manat, cəmi 388.35 (üç yüz səksən səkkiz manat otuz beş qəpik) manat borcları yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin cavabdehlər müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, ərizəyə əlavə edilmiş sənədləri əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2019-cu il tarixli QFS-7027 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 379.81 (üç yüz yetmiş doqquz manat səksən bir qəpik) manat, faiz borcuna görə 8.54 (səkkiz manat əlli dörd qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 388.35 (üç yüz səksən səkkiz manat otuz beş qəpik) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2019-cu il tarixli QFS-7027 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 379.81 (üç yüz yetmiş doqquz manat səksən bir qəpik) manat, faiz borcuna görə 8.54 (səkkiz manat əlli dörd qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 388.35 (üç yüz səksən səkkiz manat otuz beş qəpik) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar