Məhkəmə qərarları › İş №2(029)-76/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-76/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-76/2024 06.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı2 və Cavabdeh iştirakları ilə İddiaçı2 Cavabdeh qarşı avtomobilə dəymiş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdeh qarşı avtomobilə dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1347 (bir min üç yüz qırx yeddi) manat məbləğində maddi ziyan və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1382 (bir min üç yüz səksən iki) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Cavabdeh özünə məxsus bir baş qara rəngli atı yolda nəzarətsiz qoymuş və nəticədə at yolda hərəkətdə olan ona məxsus “QAZ 33021” markalı ** FU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq onunla toqquşmuşdur. Hadisə nəticəsində avtomobili əzilmiş və avtomobilinə 1257 (bir min iki yüz əlli yeddi) manat məbləğində maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)-241/2023 saylı qərarı ilə Cavabdeh həmin inzibati xətaya görə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyası çərçivəsində 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, Cavabdeh həmin təqsirli hərəkəti nəticəsində ona məxsus avtomobil əzilməklə ona maddi zərər dəymişdir. Həmçinin, avtomobilin təmir etdirilməsi üçün 50 (əlli) manat və evakuator ilə daşınması üçün 40 (qırx) manat məbləğində əlavə ödənişlər etmişdir. Ona dəymiş maddi zərərin miqdarı 1347 (bir min üç yüz qırx yeddi) manat miqdarda müəyyənləşdirilmişdir. O, dəfələrlə həmin məbləği Cavabdeh tələb etmiş, lakin cavabdeh ona vurulmuş zərəri halhazıra kimi ona qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onun oğlu İddiaçı1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin şəxsdən 1347 manat məbləğində maddi ziyanı tələb etmişdir. O, özü hadisə yerində olmamış və avtomobili onun oğlu idarə etmişdir. Mülkiyyətçi o, olsa da avtomobili oğluna o, alıb vermişdir. Oğlu avtomobili təmir etdirmiş və hazırda dəymiş ziyanı tələb edirlər. Hadisə yerində polis əməkdaşları olmuş və araşdırma aparmışlar. Bundan sonra müvafiq ziyan aktı çıxarılmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, ona məxsus at qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində heç bir xəsarət almadığına görə, iddiaçı tələb etdiyi ziyanın əvəzi əsassız şişirdilmişdir. Həmin hadisə nəticəsində zərər vurulmuş olsa da belə, dəymiş ziyan 300 manat təşkil edir. Ona görə də iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)-241/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Zərər çəkmiş şəxs İddiaçı1 dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarın təsviri əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində özünə məxsus bir baş qara rəngli atı yolda nəzarətsiz qoymuş və nəticədə at yolda hərəkətdə olan “QAZ 33021” markalı ** FU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşmuşdur. Qusar rayonu Əniğ kənd sakini İddiaçı1 maddi ziyan dəymişdir. İş materiallarında olan AD N 564134 saylı xx.xx.2019-cu il tarixli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, QAZ 33021 yük markalı 10FU214 dövlət nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ƏN-İV 376105 saylı 03 sentyabr 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı2 tərəfindən İddiaçı1 QAZ 33021 yük markalı 10FU214 dövlət nömrə nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan fiziki şəxs X3 tərəfindən tərtib edilmiş nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA (haqqı hesab) Aktından görünür ki, Qaz 33021 yük markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998 olan avtomaşına dəymiş maddi zərəri təyin etmək məqsədi ilə baxış keçirilmiş, baxış zamanı həmin avtomaşının bəzi hissələrin tam, bəzi hissələrin qismən yararsız vəziyyətə düşməsi təyin edilmişdir. Ehtiyat hissələrin qiyməti hazırkə bazar qiyməti ilə təxminən 707 (yeddi yüz yeddi) manat təşkil edir. Bundan başqa, avtomaşına dəymiş digər ziyanların aradan qaldırılması üçün tələb olunan təmir xərcləri: dəmirçi-300 manat, rəngsaz-250 manat təşkil edir. Beləliklə, dəymiş maddi ziyan 1257 (min iki yüz əlli yeddi) manat təşkil edir. İş materiallarında olan 18 iyul 2023-cü il tarixli 159130 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən nəqliyyat vasitələrinin təmir-bərpasına dair akta görə fiziki şəxs X1 50 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9675 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan fiziki şəxs X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 1998-ci il buraxılışlı mühərrik həcmi 2445 kub.sm, “Qaz 33021” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təxminən 1127,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti-577,00 manat; təmir-bərpa işlərinin qiyməti-550,00 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində özünə məxsus bir baş qara rəngli atı yolda nəzarətsiz qoymuş və nəticədə at yolda hərəkətdə olan “QAZ 33021” markalı ** FU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşmuşdur. Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 3(029)-241/2023 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Bununla da, Cavabdeh iddiaçı qarşısında delikt öhdəliyi yaranmışdır. Odur ki, məhkəmə iddiaçının maddi ziyanın ödənilməsi tələbini əsaslı hesab edir. Bununla belə məhkəmə hesab edir ki, iddia maddi ziyanın məbləğinə dair hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 1347 manat məbləğində maddi zərər vurulduğunu göstərsə də, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9675 saylı ekspert rəyi ilə iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 1127,00 manat təşkil etdiyi müəyyən olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh dəymiş maddi ziyana görə 1127,00 (min yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İş üzrə 50 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1127,00 (min yüz iyirmi yeddi) manat, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 35 (otuz beş) manat, cəmi 1162,00 (min yüz altmış iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 verilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar