Məhkəmə qərarları › İş №2(029)-761/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-761/2022

07.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-761/2022 07.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından anadan olmuş uşaqları, 06 avqust 2010-cu il tarixində anadan olmuş Məlikov Magamed və 10 iyul 2012-ci il tarixində anadan olmuş Məlikov Məlikməmməd adlı uşaqların yetkinlik yaşlarına çatana kimi, onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər uşağa görə ayda 180 manat olmaqla ayda cəmi 360 manat miqdarında sabit pul məbləğində müəyyən edilməsinə və mediasiya prosesinin keçirilməsi üçün ödədiyi vəsaitin yarısının - 25,00 manat miqdarında - cavabdehdən onun xeyrimə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 05 aprel 2010-cu il tarixində Cavabdehlə ailə həyatı qurmuşdur. Həmin nikahdan 06 avqust 2010-cu il tarixində Məlikov Magamed və 10 iyul 2012-ci il tarixində Məlikov Məlikməmməd adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğuna görə Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-518/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Həmçinin həmin qətnamə ilə, uşaqların onun yanında saxlanılması və uşaqlar yetkinlik yaşlarına çatana kimi cavabdehdən onun xeyrinə hər uşağa görə ayda 100 manat olmaqla, ayda cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Hal hazırda uşaqların böyüməsi, onların məktəbə getmələri və ümumi tələbat mallarının qiymətlərinin artması ilə əlaqədar onların maddi cəhətdən təmin edilməsi xərcləri də artmışdır. Həmin səbəblərə görə maddi cəhətdən uşaqlarını təmin etməyə çətinlik çəkir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən uşaqlara görə ödənilən alimentin miqdarı artırılmalıdır. Cavabdeh xx.xx.2022-ci il tarixində Qusar şəhərində keçirilməsi nəzərdə tutulmuş mediasiya sessiyasında iştirak etməmiş və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi mümükün olmamışdır. Mediasiya xərcləri 50,00 manat miqdarında onun tərəfindən ödənilmişdir və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən cavabdeh tərəfindən ona, mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin yarısı ödənilməlidir. İddia ərizəsində göstərilmiş hallar surəti iddia ərizəsinə əlavə edilmiş Qusar Rayon Məhkəməsinin qətnaməsi və digər sənədlərlə təsdiq olunur. Hal hazırda cavabdehin işləyib-işləməməsi və onun gəlirləri barəsində heç bir məlumatı yoxdur və belə məlumatı məhkəməyə təqim etmək imkanına malik deyildir. Həmin məlumatın məhkəmə qaydasında ondan tələb edilməsinə dair vəsatətini iddia ərizəsinə əlavə etmişdir. İddiaçı etibarnəmə üzrə nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, iddiaçıın anasıdır. Cavabdehin maddi vəziyyətini nəzərə alaraq o, hal-hazırda iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşağa 180 manat deyil, hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 manat aliment tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, onun daimi iş yeri yoxdur, maddi vəziyyəti yaxşı deyil. Hər ay hər uşağa 120 manat aliment verə bilər. Maddi vəziyyəti düzələn kimi alimentə görə əlavə pulda ödəyəcəkdir. Buna görə də, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-518/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 aprel 2010-cu il tarixdə Qusar rayonu Quxur Oba kənd İƏN-də 08 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra uşaqları 06 avqust 2010-cu il təvəllüdlü X7 və 10 iyul 2012-ci il təvəllüdlü X1 Naidə Bağış qızının yanında saxlanılmış. 25 oktyabr 2018-ci il tarixdən başlayaraq 06 avqust 2010-cu il təvəllüdlü X7 və 10 iyul 2012-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İ 366886 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx.xx.2020-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 141 saylı akt qeydi ilə pozulmuşdur. Bundan sonra qadın soyadını dəyişməmişdir. İşdə olan AZ-İİ 499791 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 avqust 2010-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X8r. İşdə olan AZ-İİ 910516 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 iyul 2012-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X8r. İşdə olan 07 iyul 2022-ci il tarixli 2022-18809 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Məlikov Cavabdeh Naidə Bağış qızı təsvir edildiyi kimi, mövcud alimentin artırılmasına dair mübahisə üzrə 07 iyul 2022-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-518/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 06 avqust 2010-cu il təvəllüdlü Magamed və 10 iyul 2012-ci il təvəllüdlü Məlikməmməd adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 180 (yüz səksən) manat deyil, məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 tələb etdiyi kimi hər ay hər uşağa görə 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 3360 manat (12 X 280=3360) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 3360 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 2360 (3360-1000=2360) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 23.60 manat, cəmi isə 53.60 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən mediasiya xərcləri kimi ödənilmiş rüsumun yarısı, yəni 25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlə İddiaçı ilə birgə nikahlarından anadan olmuş uşaqları 06 avqust 2010cu il tarixində anadan olmuş Məlikov Magamed və 10 iyul 2012-ci il tarixində anadan olmuş Məlikov Məlikməmməd adlı uşaqların yetkinlik yaşlarına çatana kimi İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılsın, hər uşağa görə ayda 140 manat olmaqla ayda cəmi 280 manat miqdarında sabit pul məbləği müəyyən edilsin, İddiaçı xeyrinə Cavabdeh aliment tutulsun. İddiaçı mediasiya prosesinin keçirilməsi üçün ödədiyi vəsaitin yarısı - 25,00 manat Cavabdeh tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 53.60 (əlli üç manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar