Məhkəmə qərarları › İş №2(029)-767/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-767/2023

01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-767/2023 01.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyana görə 790 (yeddi yüz doxsan) manat məbləğin Cavabdeh tərəfindən 5 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Ləcət kəndində yaşayan Cavabdeh tərəfindən Qusar rayonu Ləcət kəndi ərazisində ağacları qanunsuz olaraq kəsməsi faktı aşkar edilərək idarə əməkdaşları tərəfindən qanuna müvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh “X1” Azərbaycan Respublikası qanununun tələblərini pozmuş, nəticədə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı qərarı ilə ziyanın hesablanması və ödənilməsi Qaydasf’na əsasən onun tərəfindən təbiətə dəymiş ziyana görə 790 (yeddi yüz doxsan) manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəli xx.xx.2022-ci il tarixli, Ç-İM/4422-064-1719 saylı məktubla Cavabdeh poçt vasitəsilə göndərilsə də, o, iddia məbləğini ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, 9 ədəd ağacları kəsdiyinə görə 2000 manat məbləğində cərimə olunmuş, cərimə barədə qərardan şikayət vermiş, lakin şikayəti təmin olunmamışdır. Onun kəsdiyi ağaclar quru ağaclar olmuşdur. O, 790 manat məbləğlə razı deyil, həmin məbləğ artıq hesablanmışdır. Onun maddi imkanı yoxdur, həmin məbləği hissə-hissə ödəyə bilər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin idarənin rəis müavini İkram Rəhmanov məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iş üzrə bütün zəruri sübutları təqdim etmişlər, əlavə sübut yoxdur, səlahiyyətli nümayəndənin üzürlü səbəblərə görə məhkəmə iclasında iştirak etməsi mümkün olmadığından məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş edirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 02 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Qusar rayonu Ləcət kəndinin cənub hissəsində yerləşən “Yetək” adlanan yaşıllıq ərazidən 22 ədəd vələs və göyrüş ağaclarını quru kəsərək yerində saxlamış, 1 ədəd yaş palıd və 6 ədəd yaş yemişan kollarını heç bir icazə sənədi olmadan qanunsuz kəsərək aparmışdır. İşdə olan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 20 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Cavabdeh Qusar rayonu Ləcət kəndinin cənub hissəsində yerləşən “Yetək” adlanan yaşıllıq ərazidən 22 ədəd vələs və göyrüş ağaclarını quru kəsərək yerində saxlamış, 1 ədəd yaş palıd və 6 ədəd yaş yemişan kollarını heç bir icazə sənədi olmadan qanunsuz kəsərək aparmış və buna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. İşdə olan Qusar rayonu Ləcət kənd sakini Cavabdeh tərəfindən ağacların qanunsuz götürülməsi nəticəsində təbiətə dəymiş ziyanı hesablama cədvəlindən görünür ki, Cavabdeh hərəkətləri nəticəsində təbiətə dəymiş ziyan 790 (yeddi yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh Qusar rayonu Ləcət kəndinin cənub hissəsində “Yetək” adlanan ərazidən 01 ədəd yaş köküstü vələs ağacını və 06 ədəd yaş köküstü yemişan kollarını qanunsuz olaraq kəsmişdir. Bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı ilə 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. Bundan başqa, Cavabdeh həmin təqsirli hərəkətləri nəticəsində təbiətə 790 manat məbləğində maddi zərər dəymiş və onun iddiaçı qarşısında mülki məsuliyyəti, delikt öhdəliyi əmələ gəlmişdir. Cavabdeh hesablanmış maddi zərərin məbləği ilə razılaşmasa da, bu barədə etirazının əsasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin həmin etirazı ilə razılaşmayaraq qəbul etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi zərərin əvəzi kimi 790 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçının hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.4-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi büdcə təşkilatı olmaqla dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 790 (yeddi yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar