Məhkəmə qərarları › İş №2(029)-768/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-768/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-768/2021 28.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliyinin icra etməməsi nəticəsində yaranmış borcun tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliyinin icra etməməsi nəticəsində yaranmış borcun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 02 iyul 2020-ci il tarixli 20/471 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində borclu qaldığı 556.38 (beş yüz əlli altı manat otuz səkkiz qəpik) manat pulun, bank faizinin uçot dərəcəsinə müvafiq 29 (iyirmi doqquz) manat faiz pulunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında 02 iyun 2020-ci il tarixdə bağlanmış 20/471 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə, ünvan 1 ünvanda yerləşən, ona məxsus olan mağazadan 700 (yeddi yüz) manat dəyərində məişət malları (420 manat dəyərində televizor və 280 manat dəyərində kolonka) borca verilmişdir. Cavabdeh borcu müqavilədə tərtib edilmiş cədvəl üzrə 2020-ci ilin iyul ayının 02-dən başlayaraq növbəti hər ayın 02-də ödəniş etməklə 3 ay ərzində, 2020-ci ilin sentyabr ayının 02-nə kimi (həmin ay da daxil olmaqla) qaytarmalı idi. Cavabdeh tərəfindən borc mal alınanda 150 manat ilkin ödəniş edilmiş, ilkin ödənişdən sonra onun, müqavilə ilə müəyyən edilmiş komisyon xərcləri və borcun ödənilməsi müddəti üçün hesablanmış faizlə bərabər 606.38 manat borcu qalmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq ediləndən sonra onun tərəfindən yalnız 05 mart 2021-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Cavabdehin hal-hazırda ona 556.38 manat borcu qalmışdır. Borcun ödənilməsinə dair müqavilə üzrə müəyyən edilmiş müddətlərə görə cavabdeh tərəfindən borc 2020-ci ilin sentyabr ayının 02-də sonuncu ödəniş edilməklə qaytarılmalı idi. Cavabdeh tərəfindən borcun qaytarılması 2020-ci ilin sentyabr ayından hesablanmaqla 10 ay gecikdirilmişdir və onun borclu qaldığı pulun miqdarı 556.38 manatdır. Hesab edir ki, cavabdeh tərəfindən ona bank uçot dərəcəsi nəzərə alınmaqla 29 manat miqdarında əlavə olaraq faiz pulu ödənilməlidir. Həmin miqdar məhkəmədə işə baxılması müddəti nəzərə alınmaqla, artırıla bilər. Onun tərəfindən cavabdehlə müqavilədə nəzərdə tutulmuş öhdəliyi icra edilmiş, cavabdeh tərəfindən isə öhdəlik icra edilməməklə pozulmuşdur. Cavabdeh borclu qaldığını inkar etmir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini bildirmiş və təyin olunmuş məhkəmə iclasına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 iyul 2020-ci il tarixli 20/471 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 150,00 manat məbləğində ilkin ödəniş olunmaqla, qalıq dəyərinin 3 ay müddətinə hissə-hissə ödənilməsi şərti ilə 700 manat dəyərində məişət malları satmışdır. İş materiallarında olan 20/471 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh 556.38 (beş yüz əlli altı manat otuz səkkiz qəpik) manat manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə iddiaçının alqı-satqı müqaviləsi üzrə cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində borclu qaldığı pulun tutulması ilə bağlı dəlilləri ilə razılaşsa da, cavabdehdən əlavə olaraq bank faizinin uçot dərəcəsinə müvafiq pul tələb etməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin iddiaçı qarşısında yaranan öhdəliyi pul öhdəliyi deyil, alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəlikdir. Bank faizinin uçot dərəcəsinə müvafiq pulun tələb olunması isə Mülki Məcəllənin tələblərinə əsasən pul öhdəlikləri zamanı əmələ gələn hüquqdur. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh İddiaçı toplam məbləği 700 (yeddi yüz) manat olan məişət malları (420 manat dəyərində televizor və 280 manat dəyərində kolonka) almış, 150 (yüz əlli) manat ilkin ödəniş etmiş, qalan məbləği 3 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməyərək pulun ödənilməsini təmin etməmişdir. Hazırda isə onun iddiaçıya 556.38 (beş yüz əlli altı manat otuz səkkiz qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Odur ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh 556.38 (beş yüz əlli altı manat otuz səkkiz qəpik) manat əsas borc alınaraq İddiaçı verilməlidir. Qalan hissədə isə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. AzərbaycanRespublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 iyul 2020-ci il tarixli 20/471 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 556.38 (beş yüz əlli altı manat otuz səkkiz qəpik) manat məbləğində pul və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar