Məhkəmə qərarları › İş №2(029)-769/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-769/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-769/2021 28.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliyinin icra etməməsi nəticəsində yaranmış borcun tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliyinin icra etməməsi nəticəsində yaranmış borcun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 27 dekabr 2019-cu il tarixli 20/22 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində borclu qaldığı 493.64 (dörd yüz doxsan üç manat altmış dörd qəpik) manat pulun, 30.8 (otuz manat səksən qəpik) manat faiz pulunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək hal-hazırda iddia həcmini azaltdığını, Cavabdeh tərəfindən həmin puldan 100 manat ödənildiyini göstərmiş və cavabdehdən 393.64 manat pulun, bank faizinin uçot dərəcəsinə müvafiq 30.80 manat faiz pulunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında 07 yanvar 2020-ci il tarixdə bağlanmış 20/22 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə, ünvan 1 ünvanda yerləşən, ona məxsus olan mağazadan 940 manat dəyərində məişət malları (900 manat dəyərində “kombi” qızdırıcı cihazı və 40 manat dəyərində elektrik nizamlayıcısı) borca verilmişdir. Cavabdeh borcu müqavilədə tərtib edilmiş cədvəl üzrə 2020-ci ilin fevral ayının 07-dən başlayaraq, növbəti hər ayın 07-də ödəniş etməklə 6 ay ərzində, 2020-ci ilin iyul ayının 07-nə kimi (həmin ay da daxil olmaqla) qaytarmalı idi. Cavabdeh tərəfindən borc mal alınanda 280 manat ilkin ödəniş edilmiş, ilkin ödənişdən sonra onun, borclu qaldığı müddətdə müqavilə ilə nəzərdə tutulmuş komisyon xərcləri və borcun ödənilməsi müddəti üçün hesablanmış faizlə bərabər 753.64 manat borcu qalmışdır. Cavabdeh tərəfindən 2020-ci ilin fevral ayının 02 və mart ayının 09-da hər ay 130 manat olmaqla cəmi 260 manat ödəniş edilmişdir. Cavabdehin hal-hazırda ona 493.64 manat borcu qalmışdır. Dəfələrlə cavabdehə borcun qaytarılması ilə əlaqədar edilən müraciətlərin nəticəsi olmamış, o, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borcun ödənilməsinə dair müqavilə üzrə müəyyən edilmiş müddətlərə görə cavabdeh tərəfindən borc 2020-ci ilin iyul ayının 07-də sonuncu ödəniş edilməklə qaytarılmalı idi. Cavabdeh tərəfindən borcun qaytarılması 07 iyul 2020-ci ildən hesablanmaqla 12 ay gecikdirilmişdir və onun borclu qaldığı pulun miqdarı 493.64 manatdır. Hesab edir ki, cavabdeh tərəfindən ona bank uçot dərəcəsi nəzərə alınmaqla 30.80 manat miqdarında əlavə olaraq faiz pulu ödənilməlidir. Həmin miqdar məhkəmədə işə baxılması müddəti nəzərə alınmaqla artırıla bilər. Onun tərəfindən cavabdehlə müqavilədə nəzərdə tutulmuş öhdəlik icra edilmiş, cavabdeh tərəfindən isə öhdəlik icra edilməməklə pozulmuşdur. Cavabdeh borclu qaldığını inkar etmir. Məhkəmə iclasında İddiaçı iddianı və ona əlavəni müdafiə etmiş, idda ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək izahatında bildirmişdir ki, Cavabdeh 07 yanvar 2020-ci il tarixində ünvan 1 ünvanda yerləşən, ona məxsus olan 940 manat dəyərində məişət malları-900 manat dəyərində “kombi” qızdırıcı cihazı və 40 manat dəyərində elektrik nizamlayıcısı almışdır. Cavabdeh həmin məbləğdən 280 manat ilkin ödəniş etmiş, ödəməli olduğu qalan məbləğdən iki ay hər ayda 130 manat olmaqla 260 manat ödəmiş, lakin sonradan ödəniş etməmiş və pulu qaytarmamışdır. Pulun qaytarılması barədə Cavabdeh onun tərəfindən dəfələrlə bildirilsə də o, öhdəliyini icra etməmişdir. Məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh tərəfindən borcdan 100 manat ödəniş edilmişdir. O, həmin malları bankdan götürdüyü kredit hesabına alır və buna görə banka faizlər ödəyir, cavabdehin 30.80 manat faiz borcu da bu səbəbdən yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehin 393.64 (üç yüz doxsan üç manat altmış dörd qəpik) manat əsas, 30.8 (otuz manat səksən qəpik) manat faiz borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamı şıxarılmasını məhkəmədə xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus olan mağazadan 900 manat dəyərində kombi qızıdırıcısı və 40 manat dəyərində elektrik nizamlayıcısı olan məişət mallarını satın almışdır. Həmin vaxt 280 manat ilkin ödəniş etmiş, daha sonra ödəməli olduğu puldan iki ay hər ay 130 manat olmaqla 260 manat ödəmişdir. Bir müddət tərəfindən ödənişlər edilməsə də, artıq 100 manat borcundan ödəmiş və həmin pulu İddiaçı mühasibi olan Cahangirin bank kartına köçürmüşdür. Hazırda onun iddiaçıya 293 manat borcu qalmışdır ki, həmin borcunu da ödəyəcəkdir. İddianın təmin edilməsinə etiraz etmir. İşə baxıb, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 yanvar 2020-ci il tarixli 20/22 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 6 ay müddətinə borcun qaytarılması şərti ilə 940 manat dəyərində məişət malları satmışdır. İş materiallarında olan 20/22 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh 493.64 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə iddiaçının alqı-satqı müqaviləsi üzrə cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində borclu qaldığı pulun tutulması ilə bağlı dəlilləri ilə razılaşsa da, cavabdehdən əlavə olaraq bank faizinin uçot dərəcəsinə müvafiq pul tələb etməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin iddiaçı qarşısında yaranan öhdəliyi pul öhdəliyi deyil, alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəlikdir. Bank faizinin uçot dərəcəsinə müvafiq pulun tələb olunması isə Mülki Məcəllənin tələblərinə əsasən pul öhdəlikləri zamanı əmələ gələn hüquqdur. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh İddiaçı toplam məbləği 940 manat olan məişət malları (900 manat dəyərində “kombi” qızdırıcı cihazı və 40 manat dəyərində elektrik nizamlayıcısı) almış, həmin məbləğdən 280 manat ilkin ödəniş etmiş, qalan məbləği 6 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməyərək pulun ödənilməsini təmin etməmişdir. İşə məhkəmədə baxılarkən isə cavabdeh tərəfindən 100 manat məbləğində pul ödənilmiş, hazırda isə onun 393.64 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh 393.64 (üç yüz doxsan üç manat altmış dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Qalah hissədə isə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. AzərbaycanRespublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 yanvar 2020-ci il tarixli 20/22 saylı müqavilə üzrə ödənilməmiş qalan 393.64 (üç yüz doxsan üç manat altmış dörd qəpik) manat məbləğində pul və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar