Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-771/2021 27.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı X4 iştirakı ilə X4 Cavabdeh qarşı 3120 (üç min yüz iyirmi) manat borc pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 Elxan Əladdin oğluna qarşı 3120 (üç min yüz iyirmi) manat borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ümumi borclu qaldığı 3120 (üç min yüz iyirmi) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X6 iddianı onunla əsaslandırmışdır ki, o, Qusar rayonu Kufoba kəndində yaşayır və həmin kənd məktəbində müəllim işləməklə yanaşı heyvandarlıq təsərrüfatı ilə məşğul olub, ailəsini dolandırır. Qusar rayonu Samur qəsəbə sakini Cavabdeh 15.09.2020-ci il tarixdə çətin vəziyyətə düşdüyünü bildirmiş, ondan 1500 (min beş yüz) manat borc pul istəmiş və 1 ay müddətində qaytaracağına söz verib razılaşma müqaviləsi əsasında ondan borc pul almış və bu günə kimi qaytarmamışdır. 26 mart 2021-ci il tarixdə öz maşını ilə Qusar rayon Mərkəzi Xəstəxanasına ikinci vaksinasiya olmaq məqsədilə getdiyi zaman Samur qəsəbəsindən keçərkən cavabdeh ona yaxınlaşaraq təcili 800 (səkkiz yüz) manat borc pul istədiyini və 15 gün ərzində yəni aprelin 10-da əlavə 100 (yüz) manatda hörmət edib 900 (doqquz yüz) manat qaytaracağını bildirmiş, o da, cavabdehə əvvəl aldığı pulu hələ də qaytarmadığını və özündə həmin məbləğin olmadığını bildirdikdə cavabdeh, ona təzə işə başladığını və əvvəl borc aldığı 1500 (min beş yüz) manatı da hazırkı borc pul ilə birlikdə qaytaracağına söz verib pulu verməsini xahiş etmişdir. Həmin vaxt o, tam cavab verməmiş, Qusar şəhərinə çatanda tanış yoldaşlarından xahiş edib kömək edəcəyinə söz vermişdir. Bundan sonra, cavabdehlə alacağı borcun 15 günə-yəni aprelin 10-da qaytarılmasına dair öz aralarında yazılı müqavilə bağlayaraq cavabdehə şərtləri izah etmiş və müqavilə imzalanandan sonra 800 (səkkiz yüz) manat pulu sayıb cavabdehə vermiş, təkrarən cavabdehə müqavilənin şərtlərini başa salaraq demişdir ki, əgər 10 apreldən sonra borcu gecikdirərsə hər gecikdirdiyi sutka üçün 1 AZN-ə bir qəpik əlavə olunacaqdır. Cavabdeh ona söz vermişdir ki, qaytaranda heç bir problem olmayacaq və onun etdiyi hörməti unutmayacaq. Aprelin 10-u cavabdehə zəng edib borcun qaytarılmalı olduğu vaxtı yadına salanda cavabdeh ona 2 günə qaytaracağını söz vermişdir. 2 gün keçəndə cavabdehə zəng etsə də telefonu açmamışdır. Bir neçə gün keçəndən sonra təsadüfən Samur qəsəbə məktəbinin yanında cavabdehlə rastlaşmış, cavabdehi yanına çağıraraq müqavilənin şərtlərini xatırlatmış və pulu başqa tanış yoldaşından alıb verdiyini və həmin yoldaş gecikdirilən sutkaların pulunu ondan istəyəcəyini başa salmışdır. Cavabdeh ona demişdir ki, bir az gecikəcək sutkaya 1 manata 1 qəpik əlavə edilməsi problem deyil və pulu qaytaracağını bildirmişdir. Sonra cavabdeh yenə telefonuna dəfələrlə zəng etsə də qəsdən cavab verməmiş, sonradan öyrənmişdir ki, cavabdeh ondan aldığı pullarla Aşağı Tahircal kəndində evin tikintisinə başlamışdır. Sonradan cavabdehi yaxından tanıyan adamlardan öyrənmişdir ki, cavabdeh yalançılıqla, dələduzluqla yaşayan bir adamdır. Cavabdeh onun insanlara qarşı olan inamından sadəcə istifadə etmişdir. 22.04.2021-ci il tarixində Samur Polis bölməsinə cavabdehin ikinci dəfə aldığı 800 (səkkiz yüz) manatın qaytarılması barəsində şikayət vermiş, cavabdeh isə izahatında 500 (beş yüz) manatın aldığını və yaxın günlərdə qaytaracağını bildirmişdir. 3 ay vaxt keçməsinə baxmayaraq cavabdeh bu borc məsələsini tamamilə unutmuşdur. Cavabdehin ikinci dəfə aldığı 800 (səkkiz yüz) manat pula, cavabdehin razılığı əsasında hər gecikən sutkaya 1 manata 1 qəpik əlavə olunmağına müqavilə əsasında razılaşdırılmış, bu qaytarılma vaxtı cavabdeh 3 aydan yuxarı gecikdirmiş və 800 (səkkiz yüz) manata 100 manat əlavə pulu həmin ümumi məbləğin üstünə əlavə olunarsa, 820 (8 manat x 90 gün= 720 manat +100 manat= 820 manat) (səkkiz yüz iyirmi) manat təşkil edir. Elxan ona yalan danışıb iki dəfəyə aldığı pulu vaxtında qaytarmadığına və qaytarmaq istəmədiyini nəzərə alaraq ona verilən həmin 820 manatı da ondan tələb edir. Ümumilikdə tələb olunan məbləğ 3120 (üç min yüz iyirmi) manat təşkil edir. Məhkəmə iclasında iddiaçı X6 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Qusar rayonu Samur qəsəbəsində yaşayan cavabdehlə münasibətləri yaxşı olmuşdur. Cavabdeh ona yaxınlaşaraq köməyə ehtiyacı olduğunu demiş, əl tutmağını ondan xahiş etmişdir. O, bir neçə başqa insanlardan cavabdeh haqqında soruşanda, ona cavabdehin yaxşı insan olduğunu bildirmişlər. Daha sonra cavabdeh ona bir daha yaxınlaşaraq, ona məxsus fındıq bağında işlədiyini demiş, ona kömək edəcəyini bildirmiş və ona 1500 manat borc pul verməyi xahiş etmişdir. O, cavabdehlə borc pul müqaviləsi bağlayaraq, cavabdehə 1500 manat borca pul vermişdir. Bundan sonra o, bankomatdan pul çıxardan zaman cavabdeh ona yaxınlaşaraq təcili pula ehtiyacı olduğunu, işə düzələyəciyini, ayda 600 manat əmək haqqı alacağını bildirmiş, 800 manat borc pul istəmiş və 15 günə həmin pulu, 100 manat artıqlaması ilə qaytaracağına söz vermişdir. Bundan başqa aprel ayının 9-da, cavabdehin söz verdiyi vaxtın tamam olduğunu bildirmək üçün cavabdehə zəng etmiş, lakin cavabdeh telefonu açmamışdır. Bir neçə gün keçəndən sonra təsadüfən Samur qəsəbə məktəbinin yanında cavabdehlə rastlaşmış, cavabdehi yanına çağıraraq müqavilənin şərtlərini xatırlatmış və pulun başqa tanış yoldaşından alıb verdiyini və həmin yoldaş gecikdirilən sutkaların pulunu ondan istəyəcəyini başa salmışdır. Cavabdeh ona demişdir ki, bir az gecikəcək hər sutkaya görə 1 manata 1 qəpik əlavə edilməsi problem deyil və pulu qaytaracağını bildirmişdir. Sonra o, yenə cavabdehin telefonuna dəfələrlə zəng etsə də, qəsdən cavab verməmişdir. Sonradan öyrənmişdir ki, cavabdeh həmin ondan aldığı pullarla Aşağı Tahircal kəndində evin tikintisinə başlamışdır. Bu zaman o, həmin ev tikilən yerə getdikdə, orada cavabdehin qardaşının işlədiyini görmüş, cavabdeh özü isə orada olmamışdır. Cavabdehin qardaşından cavabdehə zəng etməyi və onun sözü gedən yerə gəlməsini xahiş etmiş, bu zaman cavabdehin qardaşı cavabdehə zəng etmiş, ancaq cavabdeh yalandan Bakı şəhərində olduğunu bildirmişdir. O, polisə şikayət etdiyi zaman cavabdeh əvvəlcə borc aldığını boynuna almamış, sonradan 500 manat borc aldığını etiraf etmişdir. O, hələ 3 ayın faizini yazmadığını bildirmiş, hazırda axırıncı 3 ayın faizini tələb edir. Odur ki, iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 15 sentyabr 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, X1 Elxan Əladdin oğluna 15 oktyabr 2021-ci il tarixinədək 1500 manat məbləğində borc pul vermişdir. İşdə olan 26 mart 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, X2 Elxan Əladdin oğluna 800 (səkkiz yüz) yüz manat məbləği 10 aprel 2021-ci il tarixinə kimi 100 (yüz) manat məbləği əlavə qaytarmaq şərti ilə 15 (on beş) gün müddətinə şəxsi razılaşma əsasında müvəqqəti borc pul vermişdir. Bundan başqa, borc məbləğin 10 aprel 2021-ci il tarixində qaytarılmazsa, gecikən hər sutkaya 10 (on) manat məbləğ əlavə olunacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh iddiaçı X3 birinci dəfə 1500 manat pul almış və bir ay müddətində ödəyəcəyini, ikinci dəfə 800 manat alaraq 15 günə ödəyəcəyini bildirərək, cəmi 2300 manat borc pul almışdır. Lakin, öhdəliyini yerinə yetirməyərək pulun ödənilməsini təmin etməmişdir. Odur ki, Cavabdeh cəmi 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq X5 verilməlidir. Məhkəmə iddiaçının 820 manat məbləğində cərimə məbləğinin tələb olunması ilə bağlı dəlilləri ilə isə razılaşmayaraq hesab edir ki, həmin tələb əsassızdır, təmin edilə bilməz və iddia həmin hissədə rədd edilməlidir. Belə ki, həmin məbləğin cavabdehdən tutulması onun əsassız maliyyə sanksiyasına, məhrumiyyətlərə düçar olmasına səbəb olar. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 2300 (iki min üç yüz) manat məbləğində borc pul alınaraq X5 verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-771/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-771/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver