Məhkəmə qərarları › İş №2(029)-772/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-772/2021

27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-772/2021 27.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh Firuddin oğluna qarşı təbiətə dəymiş ziyanın ödənilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh Firuddin oğluna qarşı təbiətə dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 250,0 (iki yüz əlli) manat məbləğin cavabdeh tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 10.03.2020-ci il tarixdə Qusar rayonu Uqur kəndində yaşayan Ramazanov X1 rayonu ərazisində, Qusarçay çay yatağından lazımı icazə sənədi olmadan qanunsuz olaraq qarışıq süxur kütləsi götürmüşdür. Faktla əlaqədar onun barəsində 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən 27.10.2020-ci il tarixli 63118 saylı akt, 28.10.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq 10.11.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinin və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini pozaraq inzibati xəta törətmiş, nəticədə Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 saylı qərarına əsasən onun barəsində təbiətə dəymiş ziyana görə 250,0 (iki yüz əlli) manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəli cavabdehə 29.10.2020-ci il tarixli, 1702 saylı məktubla göndərilsə də, o, iddia məbləğini ödəməkdən imtina etmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin idarənin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini bildirmiş, həmçinin təyin olunmuş məhkəmə iclasına gələ bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Firuddin oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 27 oktyabr 2020-ci il tarixli 63118 saylı aktdan görünür ki, Qusar şəhərinin yaxınlığında Qusarçay çayının hövzəsində dövlət nömrə nişanı olmayan TCB markalı ekskavatorun qazıntı işləri apararaq MAZ yük avtomaşınlarına çınqıl-qum qarışığı yüklənməsi və daşınması aşkar edilmişdir. Araşdırma zamanı özünü şifahi olaraq Qusar rayonu Uqur kənd sakini Cavabdeh Firuddin oğlu kimi təqdim edən şəxs yazılı izahat verərək bildirmişdir ki, çay yatağından lazımı icazə sənədləri olmadan qazıntı işləri apararaq çınqıl-qum qarışığını yük avtomaşınlarına yükləyərək daşınmasını təşkil etmişdir. Yerində ölçmə zamanı çay yatağından 5 metr enində 10 metr uzunluğunda və 1 metr dərinliyində qazıntı işləri aparılaraq çınqıl-qum qarışığının götürüldüyü müəyyən olunmuşdur. Çınqıl-qum qarışığı götürülən çay yatağının karxana və ya xam-mal götürülməsi üçün ayrılmadığı müəyyən olunmuşdur. Özünü şifahi olaraq Cavabdeh kimi təqdim edən şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün həmin sənədlə birlikdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə dəvət edilmişdir. İşdə olan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 28 oktyabr 2020-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında Protokoldan görünür ki, Cavabdeh Firuddin oğlu 07.10.2020-ci il tarixdə Qusar rayonu ərazisində Qusarçay çayının yatağından lazımı icazə sənədi olmadan qanunsuz olaraq yerin təkindən istifadə etməklə çınqıl-qum qarışığının daşınmasını təşkil etmiş və 50 kub metr çınqıl-qum qarışığını götürmüşdür. İşdə olan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 10 noyabr 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Ramazanov X1 rayonu ərazisində Qusarçay çayının yatağından lazımı icazə sənədi olmadan qanunsuz olaraq yerin təkindən istifadə etməklə çınqıl-qum qarışığının daşınmasını təşkil etmiş və 50 kub metr çınqıl-qum qarışığı götürülmüşdür. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və ona görə 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. İşdə olan 27 oktyabr 2020-ci il tarixli 63118 saylı Akta əlavə edilmiş cədvəldən görünür ki, Cavabdeh hərəkətləri nəticəsində ümumilikdə təbiətə dəymiş ziyan 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh Firuddin oğlu 07.10.2020-ci il tarixdə Qusar rayonu ərazisində Qusarçay çayının yatağından lazımı icazə sənədi olmadan qanunsuz olaraq yerin təkindən istifadə etməklə çınqıl-qum qarışığının daşınmasını təşkil etmiş və 50 kub metr çınqıl-qum qarışığını götürmüşdür. Bununla da, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 noyabr 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı ilə 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Bundan başqa, Cavabdeh həmin təqsirli hərəkətləri nəticəsində təbiətə 250 manat məbləğində maddi zərər dəymiş və onun iddiaçı qarşısında mülki məsuliyyəti, delikt öhdəliyi əmələ gəlmişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh Firuddin oğlunun təqsirli hərəkəti nəticəsində iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi zərərin əvəzi kimi 250 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçının hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.4-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi büdcə təşkilatı olmaqla dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan Cavabdeh Firuddin oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Firuddin oğlundan vurulmuş maddi zərərin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Firuddin oğlundan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar