Məhkəmə qərarları › İş №2(029)-789/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-789/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-789/2021 07.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4004.19 manat məbləğində kredit borcu, 26.66 manat məbləğində faiz borcu və 1490.22 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5521.07 (beş min beş yüz iyirmi bir manat yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 26.12.2019-cu il tarixdə bağlanmış 011A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4004.19 (dörd min dörd manat on doqquz qəpik) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 4004.19 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 15.04.2021-ci il tarixə 226 gün üçün hesablanmış faiz borcu 26.66 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 15.04.2021-ci il tarixə 226 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1490.22 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə bigə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və Cavabdeh1 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir. Belə ki, o, 4004.19 manat əsas və 26.66 manat faiz borcunun qaytarılmasına razıdır. Lakin, 1490.22 manat cərimə borcunun qaytarılmasına razı deyil, bu onun üzərinə əlavə öhdəlik qoyur. Əsas və faiz borcunu isə yaxın müddət ərzində ödəyəcək. Ona görə də iddianın qismən təmin edilməsini, əsas və faiz borcun ondan tutulmasını, cərimə borcunun silinməsini, əsas borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş edir. İmkanı olan kimi 4004.19 manat əsas və 26.66 manat faiz borcunu ödəyəcək. Bundan başqa şəxsli işləri ilə bağlı məhkəmə iclasına gələ bilmədiyi üçün işə onun iştirikakı olmadan baxılaraq idddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəməyə teleqram göndərib iddianı qismən qəbul etdiyini, əsas və faiz borcunu ödəyəcəyini, cərimə borcunu qəbul etmədiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2019cu il tarixli 011A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4004.19 (dörd min dörd manat on doqquz qəpik) manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli 011G**********01 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 26 dekabr 2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasının təmini kimi zamin durmuşdur. İşdə olan İddiaçı QSC tərəfindən tərtib edilmiş 25.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26 dekabr 2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə banka 4004.19 manat məbləğində kredit borcu, 26.66 manat məbləğində faiz borcu və 1490.22 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5521.07 (beş min beş yüz iyirmi bir manat yeddi qəpik) manat məbləğində borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə İddiaçı QSC-nın cavabdehlərin əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərlərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmalarına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 200 (iki yüz) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26 dekabr 2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 4004.19 manat məbləğində kredit borcu, 26.66 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4230.85 manat məbləğində kredit borcu tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26 dekabr 2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 4004.19 manat məbləğində kredit borcu, 26.66 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4230.85 (dörd min iki yüz otuz manat səksən beş qəpik) manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar