Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-790/2020 03.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən birgə nikahlarından anadan olmuş xx xxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2012-ci ilin avqust ayında nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə ailə həyatı qurmuşdur. Nikahlarını xx xxxx 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmışdır. Qusar rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(029)- 411/2019 saylı qətnaməsinə əsasən xx xxxx 2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 80 (səksən) manat aliment tutulması qət edilmişdir. Həmin vaxt Cavabdeh birinci həyat yoldaşından olan uşağa da aliment ödəyirdi. Ona görə də, o, cavabdehin imkanını nəzərə alaraq 80 (səksən) manat alimentə razı olmuşdur. hal-hazırda cavabdehin birinci həyat yoldaşından anadan olmuş uşağın 18 yaşı tamam olduğu üçün ona verilən alimentin miqdarı artırılmalıdır. Belə ki, cavabdehin ona ödədiyi 80 (səksən) manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək göstərmişdir ki, o, hazırda heç bir yerdə işləmir, cavabdeh Asəf isə hər ay 231 manat məbləğində pensiya alır. Bundan başqa, cavabdeh Qusar şəhəri “Məryəm” şadlıq sarayının yanında yerləşən və anasının adına olan obyekti icarə verməklə, həmçinin Qusar şəhəri Muxtadır küçəsində yerləşən 2 mərtəbəli evi günlük 20- 30 manata kirayəyə verməklə gəlirlər əldə edir. Lakin, onda bu barədə müvafiq sənəd və sübutlar yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etrmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, o, ruhi xəstə olmaqla 2-ci qrup əlildir, işləmək qabiliyyəti yoxdur, özünün kənar qulluğa ehtiyacı vardır. Ondan hər ay iddiaçının xeyrinə tutulan 80 manat məbləğində alimenti çətinliklə ödəyir. Hazırda anası ilə birlikdə yaşayır, sonuncu başından və ürəyindən cərrahi əməliyyat olunmuşdur. İddiaçının qeyd etdiyi obyekt ona deyil, anasına məxsusdur. Qusar şəhəri Muxtadır küçəsində yerləşən evi də kirayəyə verməmişdir. Onun iddiaçının tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ 129165 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxx 2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-411/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-488/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat Şöbəsində xx xxxx 2013-cü il tarixli 137 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2013-cu il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılmış və həmin uşağın yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilmişdir. İşdə olan Dövlət X5 publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli **********1 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 2-ci qrup əlilliyə görə 231.37 (iki yüz otuz bir manat otuz yeddi qəpik) manat pensiya alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş xx xxxx 2013-cü il təvəllüdlü Şahlar adlı uşağın təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, Qusar rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(029)-411/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün tam olaraq kifayət etməməsini, bunun isə iddiaçının maraqlarını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay sabit pul məbləğində 100 manat müəyyən olunmalıdır. Məhkəmə alimentin miqdarının hər ay iddiaçının istədiyi kimi 170 (yüz yetmiş) manat müəyyən olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin cavabdehin ödəmək iqtidarında olması tam olaraq öz təsdiqini tapmamış, onun 2-ci qrup əlilliyə görə aldığı pensiyadan başqa hər hansı digər gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(029)-411/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxx 1972-ci ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-790/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-790/2020
03.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver