Məhkəmə qərarları › İş №2(029)-824/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-824/2023

14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-824/2023 14.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olan uşaqlarının saxlanılmaları üçün onun xeyrinə tutulan alimentin miqdarını artıraraq Cavabdeh birgə nikahdan anadan olan 02 noyabr 2007-ci il təvəllüdlü Aygül və 05 iyul 2012-ci il təvəllüdlü Amil adlı uşaqlarının saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla cəmi iki uşağa görə 500 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 24 yanvar 2007-ci il tarixdə nikah rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh Ay dəmir oğlu ilə evlənmiş, həmin nikahdan 02 noyabr 2007-ci il təvəllüdlü Aygül və 05 iyul 2012-ci il təvəllüdlü Amil adlı uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqları onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-107/2019 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşaqlarının saxlanılması üçün onun xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda Cavabdeh Ay dəmir oğlu ona uşqlarının saxlanılması üçün hər ay cəmi 200 manat aliment ödəyir. Cavabdeh ona ödəməli olan 200 manat aliment uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki, uşaqlar böyüdükcə onların maddi ehtiyacları da artır. Uşaqların gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə də, Cavabdeh uşaqların saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, əvvəllər uşaqların yaşı az olmuş, indi isə artıq uşaqlar böyümüşlər və ehtiyacları artmışdır. Aygül adlı uşaq texnikumda oxuyur. Özü gün ərzində işləyib evləri təmizləyir. Cavabdeh 2 aydan bir 100 manat aliment ödəyir. Cavabdehin mal-qarası, traktoru var, ildə iki dana satıb pul qazanır, həmçinin təsərrüfatla məşğul olur. Cavabdeh əvvəllər uşaqlarla mütəmadi olaraq görüşmüş, indi isə görüşmür. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, lakin məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, o, hazırda xəstə anası ilə birlikdə Qusar rayonu Düztahir kəndində yaşayır, anası X1 2013-cü ildən başlayaraq “şəkərli diabet” xəstəliyindən əziyyət çəkir, onun aldığı müavinəti müalicəsi üçün kifayət etmir, halbuki şərh olunan xəstəliyə görə onun dərman preparatlarına ehtiyacı gündəlik ödənilməlidir. O, rəsmi olaraq heç yerdə işləmir, dəfələrlə müxtəlif yerlərə iş barəsində müraciət etdiyi halda, özünə daimi iş tapa bilməmiş, dolanmaq və anasının dərman ehtiyaclarını ödəmək üçün müxtəlif işlərə əl atır, yəni daimi, stabil aylıq qazancı yoxdur. Qusar rayon məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(029)-107/2019 saylı qətnaməsi ilə ödənilməli aliment üzrə hazırda xeyli miqdarda iddiaçıya borcu əmələ gəlib, daimi qazancı olmadığı halda uşaqların saxlanması üçün bacardığı kimi aliment ödənişindən boyun qaçırmır. İddiaçı İbrahimova (Canlatova) Ərzi Elçin qızı anasının xəstə olmasını onun daimi müalicəyə ehtiyacı olmasını bilir, maddi vəziyyətlərinin də son dərəcə ağır olduğu barədə onun məlumatı vardır. Hər uşağın saxlanması üçün ondan hər uşağa 250 (iki yüz) manat olmaqla cəmi ayda 500 manat məbləğində alimentin ödənilməsinin qeyri mümkünlüyünü dərk edərək qəsdən vəziyyətini ağırlaşdırmaq məqsədilə qeyri real tələb qoyur. Məhkəməyə bildirmək istəyir ki, ən yaxşı halda hər uşağın saxlanması üçün 130 manat olmaqla cəmisi 260 manat məbləğində aliment ödəyə bilər. Hər ay 260 manat aliment ödənildiyi halda, bu xərc anasının müalicəsinə son dərəcə mənfi təsir göstərəcək, buna baxmayaraq çalışıb alimentin həmin məbləğdə ödənilməsinə təminat verir. Məhkəmədən İbrahimova (Canlatova) Ərzi Elçin qızının alimentin artırılması tələbinə dair iddiasına mahiyyəti üzrə baxıldığı halda yuxarıda göstərilən xüsusatların nəzərə alınmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(029)- 107/2019 saylı qətnaməsinindən görünür ki, Cavabdeh X3 xeyrinə 02 noyabr 2007-ci il təvəllüdlü X2 və 02 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 200 (iki yüz) manat miqdarda aliment tutulması qət edilmişdir. Beləliklə, hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülməli və bir halda ki, cavabdeh bundan əvvəl xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miqdarda hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında aliment ödəmişdirsə, hazırda alimentin miqdarının hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat miqdarında müəyyən edilməsi uşaqların maddi tələbatlarının əhəmiyyətli dərəcədə artması səbəbindən iddia mahiyyət etibarı ilə əsaslıdır. Odur ki, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh sabit pul məbləğində hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat miqdarında aliment tutulmalıdır. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Həmçinin, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf öz tələbində cavabdehdən hər bir uşaq üçün 250 manat miqdarında aliment olmaqla cəmi 500 manat tələb etdiyini bildirsə də, məhkəmə iclasında həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və eləcə də, həmin xüsusat üzrə həmin tələbi təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşaqların saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Lakin, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, eləcə də iddiaçı tərəfindən uşağın aylıq xərci və cavabdehin ayda cəmi 500 manat məbləğində aliment ödəmək imkanını təsdiq edən gəliri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə alimentin miqdarının cavabdehin etirazında göstərdiyi kimi hər ay hər uşağa görə 130 manat müəyyən olunmasını da uşaqların mənafeyi və əvvəlki təminatlarının maksimal saxlanmasının təmin olunması baxımından düzgün və əsaslı hesab etmir, ona görə də cavabdehin bu barədə dəlilləri ilə razılaşmayaraq onları qəbul etmir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehdən tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, 02 noyabr 2007-ci il təvəllüdlü X2 və 05 iyul 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat aliment tutulmasına dair Qusar rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(029)-107/2019 saylı qətnamə hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, artırılmış aliment məbləği üzrə bir il ərzində ödəniləcək alimentin miqdarı, yəni iddianın qiyməti 1440 manat təşkil etdiyindən Cavabdeh 34.40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-107/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1984-cü ildə Qusar rayonu Düztahir kəndində anadan olmuş Cavabdeh İddiaçı xeyrinə birgə nikahlarından anadan olmuş 02 noyabr 2007-ci il təvəllüdlü X2 və 05 iyul 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına catana kimi saxlanması uçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləgində ailment tutulsun. Cavabdeh 34,40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar