Məhkəmə qərarları › İş №2(029)-839/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-839/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-839/2021 12.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 2197.19 manat məbləğində əsas borc və 741.37 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2938.56 (iki min doqquz yüz otuz səkkiz manat əlli altı qəpik) manat məbləğində borcun və 30.4 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, onunla borcalan Cavabdeh arasında bağlanmış 10 fevral 2020-ci il tarixli 301804-853110/1 saylı istehlak krediti müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 09 iyun 2021-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 2197.19 manat məbləğində əsas borc və 741.37 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2938.56 (iki min doqquz yüz otuz səkkiz manat əlli altı qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASCnin nümayəndəsi X1 məhkəməyə ərizə göndərək bildirmişdir ki, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcək. Həmçinin, 24.08.2020-ci il tarixdən bu günədək borclu ödəniş etməmiş və onunla bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmamışdır. Ona görə də işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul edir. Həqiqətən də, onun İddiaçı ASC-yə cəmi 2938.56 manat borcu vardır. Həmin borcu birdəfəyə ödəyə bilmir, bütün imkanlardan istifadə edərək yaranmış borcu ödəyəcək, əgər imkan varsa təzə qrafik tərtib edilməsini xahiş edir. Həmçinin, o, COVİD-19 infeksiyasına qarşı peyvənd olunmadığına görə təyin olunmuş məhkəmə iclasına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2020-ci il tarixli 301804-853110/1 saylı istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 30 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 fevral 2020-ci il tarixli 301804-853110/1 saylı kredit müqaviləsi üzrə 09 iyun 2021-ci il tarixə banka 2197.19 manat məbləğində əsas borc və 741.37 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2938.56 (iki min doqquz yüz otuz səkkiz manat əlli altı qəpik) manat məbləğində kredit borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Cavabdeh 2197.19 manat məbləğində əsas borc və 741.37 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2938.56 (iki min doqquz yüz otuz səkkiz manat əlli altı qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2197.19 manat məbləğində əsas borc və 741.37 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2938.56 (iki min doqquz yüz otuz səkkiz manat əlli altı qəpik) manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar