Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-846/2020 24.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx xxxxxxxx 2015-ci il təvəllüdlü Mehriban adlı uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edib cavabdeh X9 ilə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə onların xx xxxxxxxx 2015-ci il təvəllüdlü Mehriban adlı uşaqları olmuş və nikahlarını xx xxxxxxxx 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Ailə münasibətləri pisləşdiyi üçün Qusar rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və Mehriban adlı uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə 100 (yüz) manat məbləğində aliment tutulmuşdur. Həmin məbləğ uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. O, özü də heç bir yerdə işləmir, uşağın saxlanmasında çətinlik çəkir. Cavabdehin maddi vəziyyətini və uşağın minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay ona 170 manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək göstərmişdir ki, Mehriban adlı uşaq bu ilki tədris ilində orta məktəbin birinci sinfinə gedəcək, hazırda onun xərcləri xeyli artmış, o isə həmin xərcləri qarşılamağa çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşıdır və ona görə də hesab edir ki, həmin şəxsdən onun xeyrinə tutulan alimentin miqdarı artırılaraq 170 manat müəyyən olunmalıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, onun hər ay 170 manat məbləğində aliment ödəməyə imkanı yoxdur, hazırda o, Mehriban adlı uşağın saxlanması üçün hər ay iddiaçıya 100 manat məbləğində aliment ödəyir və heç bir aliment borcu yoxdur. Bundan cbaşqa, o, Sənubərdən ayrıldıqdan sonra Sevinc adlı qadınla yenidən ailə həyatı qurmuş və həyat yoldaşı hamilədir. Odur ki, iddianın qismən təmin edilməsi və ondan iddiaçının xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ 613598 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxxxx 2015-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X4r. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-91/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh X6 ilə aralarında bağlanmış xx xxxxxx 2014-cü il tarixdə Qusar RİHB-nın Qalacıq kənd İƏD üzrə nümayəndəliyində 07 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra uşaqları-xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş X3 anası X2 yanında saxlanılmış, xx xxxxxx 2017-ci il tarixdən başlayaraq azyaşlı, xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub X5 verilməsi qət edilmişdir. İşdə olan AZ-İİ 315758 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 xx xxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Yeni Həyat tibb məntəqəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X8 hal-hazırda hamilədir və sağlamdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş xx xxxxxxxx 2015-ci il təvəllüdlü Mehriban adlı uşağın təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, həmin uşaq hazırda böyüməklə və orta məktəbin 1-ci sinfinə getməklə xərclərinin xeyli artmasını, Qusar rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(029)- 91/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün tələb olunan xərclərin qarşılanmasına kifayət etməməsini, bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay sabit pul məbləğində 150 manat müəyyən olunmalıdır. Məhkəmə alimentin miqdarının hər ay hər uşağa görə iddiaçının istədiyi kimi 170 (yüz yetmiş) manat müəyyən olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin cavabdehin ödəmək iqtidarında olması tam olaraq öz təsdiqini tapmamış, onun məhz həmin məbləğdə alimenti ödəmək üçün hər hansı gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda-yəni 170 manat məbləğində müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, məhkəmə cavabdehin etirazlarının əsası kimi istinad etdiyi halları, həmçinin onun ayda cəmi 120 manat aliment ödəmək iqtidarında olması barədə göstərdiyini müzakirə edərək belə qənaətə gəlir ki, valideynin heç bir yerdə işləməməsi, az gəlir əldə etməsi, digər şəxslə ailə həyatı qurması və s. hallar onu öz uşağının saxlanması üçün aliment ödəmək vəzifəsindən azad etmir və özünün bütün gəlirlərinin müəyyən hissəsini öz uşaqlarının saxlanmasına xərcləməyə borcludur. Uşaqların saxlanması hər iki valideynin mənəvi borcu olmaqla yanaşı həmdə vacib hüquqi vəzifələridir. Hazırkı halda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş Mehriban adlı uşağın saxlanması üçün tələb olunan xərclər artdığından və iddiaçı təkbaşına həmin xərcləri qarşılamağa çətinlik çəkdiyindən alimentin miqdarının artırılması vacibdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(029)-91/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-846/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-846/2020
24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver