Məhkəmə qərarları › İş №2(029)-861/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-861/2025

30.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-861/2025 30.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1250(min iki yüz əlli) ədəd alça tinginə görə ödədiyi 4375(dörd min üç yüz yetmiş beş) manat pulun, həmin alça tinglərinin istifadəsində olan 3,2 ha torpaq sahəsini faydasız yerə 3 il müddətində tutması nəticəsində ödədiyi icarə haqqı olan 4800(dörd min səkkiz yüz) manat icarə haqqının, 3,2 ha alça bağına 3 il ağaclara qulluq və dərman pulu olan 3840(üç min səkkiz yüz qırx) manat qulluq haqqının, 2022-ci ildə 3,2 ha 3 illik alça bağından əldə etməli olduğu əldən çıxmış bəhərin əvəzi olan 16000 (on altı min) manat pulun, cəmi olaraq 29015(iyirmi doqquz min on beş) manat pulun, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 178 manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2019-cu ildə tanış olmuşdur. Həmin vaxt Cavabdeh Qusar şəhərindəki “Təzə Bazar’da meyvə tinglərinin alveri ilə məşğul idi. 2019- cu ilin oktyabr ayında o, Cavabdeh ilə danışıb razılaşmaqla ondan 1 ədədi 3 manat 50 qəpikdən olmaqla cəmi 1250(min iki yüz əlli) ədəd alça tingini almış və həmin tinglərin dəyəri olan 4375(dörd min üç yüz yetmiş beş) manat pulu nəğd olaraq olaraq cavabdehə ödəmişdir. Həmin vaxt orada “Təzə Bazar”da işləyən, alver edən X6, X7 və X9 da olmuşlar və onunla Cavabdeh arasında olan bütün söhbətin şahidi olmuşlar. Cavabdeh ona bildirmişdi ki, həmin 1250 ədəd tingdən 1050(min əlli) ədədi “Göyçə” sortu, 200(iki yüz) ədədi isə “İri payızlıq” alça sortlarıdır. O da, Cavabdeh inanıb həmin tingləri ondan 4375(dörd min üç yüz yetmiş beş) manat nəğd verib almışdır. Cavabdeh aldığı həmin 1250 ədəd alça tinglərini aparıb istifadəsində olan 3,2 ha torpaq sahəsində əkmişdir. Həmin alça tinglərinə o, lazımi qaydada aqrotexniki qulluq göstərərək yetişdirmişdir. Həmin alça tinglərini vaxtlı-vaxtında sulamış, belləmiş, alaqlardan təmizləmiş, hər ildə müxtəlif cür dərman preparatları ilə dəfələrlə dərmanlamış və sair işlər görmüşdür. 2021-ci ildə həmin alça tinglərin bəzilərində ilkin məhsul yetişmişdir. Lakin həmin tinglərdə “Göyçə” sortu və ya “İri payızlıq” alça sortları deyil, xırda cır meşə alçalar bitmişdir. Həmin tinglərin gətirdiyi məhsul Cavabdeh bildirdiyi “Göyçə” sortuna və “İri payızlıq” alça sortuna aid olmamış və gətirdiyi bar lazımsız cır meşə alçası olmuşdur. 2022-ci ildə isə həmin alça tinglərinin hamısı artıq bar gətirməli idi. Lakin həmin tinglərin hamısının gətirdiyi alça məhsulu Cavabdeh bildirdiyi “Göyçə” sortuna və “İri payızlıq” alça sonuna aid deyildi, lazımsız cır meşə alçası idi. Bununla əlaqədar o, Cavabdeh məsələni deyib narazılığını bildirmişdir. Cavabdeh ona bildirmişdir ki, həmin alça tinglərini ona da başqası gətirib vermiş, həmin adam onu da aldatmışdır. O, Cavabdeh bildirmişdir ki, başqa adamın ona dəxli yoxdur, o, tingləri ondan almışdır, tinglər onların danışdıqları razılaşmaya uyğun olmamışdır, ona görə də o, dəymiş zərəri cavabdeh şəxs kimi cavabdeh ödəməlidir. Cavabdeh məsələni onla razılaşıb həll edəcəyini bildirmiş, lakin bu günə kimi ona dəymiş zərəri qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yuxarıda qeyd etdiyi kimi o, Cavabdeh aldığı cəmi 1250(min iki yüz əlli) ədəd alça tinginə görə hər ədəd tingə görə 3 manat 50 qəpik olmaqla cəmi olaraq həmin tinglərə görə cavabdehə 4375(dörd min üç yüz yetmiş beş) manat nəğd pul ödəmişdir. Həmin tinglər cavabdehlə razılaşmaya uyğun olmadığı üçün həmin tinglərə görə verdiyi 4375(dörd min üç yetmiş yetmiş beş) manat Cavabdeh alınıb ona qaytarılmalıdır. Həmin alça tinglərini istifadəsində olan 3,2 ha torpaq sahəsində əkmiş və heç nəyə yaramayan 1250 ədəd alça tingi torpaq sahəsini faydasız yerə 3 il müddətində tutaraq ona həmin torpaq sahəsindən başqa məqsədlər üçün istifadə etməyə imkan verməmiş və buna görə də o, külli miqdarda zərərə düşmüşdür. Belə ki, həmin torpaq sahəsinin hər 1 hektarına ildə 500 manat icarə haqqı ödəməklə cəmi olaraq 3,2 ha torpaq sahəsinə 1 ildə 1600 manat, ümumilikdə isə 3 il ərzində 3,2 ha torpaq sahəsinə 4800 manat icarə haqqı ödəmişdir. Həmin 3,2 ha torpaq sahəsinin 3 illik icarə haqqı olan 4800(dörd min səkkiz yüz) manat pul Cavabdeh alınıb ona qaytarılmalıdır. Cavabdeh aldığı 1250(min iki yüz əlli) ədəd yararsız alça tinglərinə ona lazımi qaydada aqrotexniki qulluq göstərərək yetişdirmişdir. Həmin alça tinglərini vaxtlı-vaxtında sulamış, belləmiş, alaqlardan təmizləmiş, hər ildə müxtəlif cür dərman preparatları ilə dəfələrlə dərmanlamış və sair işlər görmüşdür. Bu işlərin görülməsinə görə salınmış alça bağının hər 1 hektarına ildə 400 manat olmaqla, cəmi olaraq 3,2 ha torpaq sahəsinə 1 ildə 1280 manat, ümumilikdə isə 3 il ərzində 3,2 ha torpaq sahəsinə 3840 manat ağaclara qulluq və dərman pulu ödəmişdir. Həmin 3,2 ha bağ sahəsinə 3 illik ağaclara qulluq və dərman pulu olan 3840(üç min səkkiz yüz qırx) manat pul Cavabdeh alınıb ona qaytarılmalıdır. 2022-ci ildə 3 illik alça bağı artıq tam bar verməli idi və bun uyğun olaraq bağın hər hektarından minimum 5000- 6000 kiloqram alça məhsulunu, 3,2 ha bağ sahəsindən isə 16000-17200 kiloqram alça məhsulunu əldə etməli idi. Hal-hazırda “Göyçə” sortuna və “İri payızlıq” alça sortuna aid alça məhsulunun bazar qiyməti 1 kiloqramına görə 2 manat təşkil edir. Lakin o cavabdehdən həmin əldə etməli olduğu 16000 kiloqram alça məhsulunun əvəzi olaraq daha az, yəni məhsulun hər 1 kiloqramı 1 manatdan hesablanmaqla 16000(on altı min) manat pul tələb etməklə kifayətlənir. 2022-ci ildə 3 illik alça bağından əldə etməli olduğu alça məhsulunun əvəzi olaraq, əldən çıxmış bəhərin əvəzi olaraq Cavabdeh 6000(on altı min) manat pul alınıb ona qaytarılmalıdır. Ona görə də Cavabdeh ona 1250(min iki yüz əlli) ədəd alça tinginə görə ödədiyi 4375(dörd min üç yüz yetmiş beş) manat, həmin alça tinglərinin istifadəsində olan 3,2 ha torpaq sahəsini faydasız yerə 3 il müddətində tutması nəticəsində ödədiyi icarə haqqı olan 4800 (dörd min səkkiz yüz) manat icarə haqqı, 3,2 ha alça bağına 3 illik ağaclara qulluq və dərman pulu olan 3840(üç min səkkiz yüz qırx) manat qulluq haqqı, 2022-ci ildə 3,2 ha 3 illik alça bağından əldə etməli olduğu bəhərin əvəzi olan 16000(on altı min) manat, cəmi olaraq 29015(iyirmi doqquz min on beş) manat zərər Cavabdeh alınıb ona qaytarılmalıdır Cavabdeh vəkili Vəkil məhkəməyə etiraz ərizəsilə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsini qəbul etmir və bildirir ki, iddia heç bir sübuta əsaslanmır. Belə ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ona 2019-cu ildə satdığı 1250 ədəd (1050 ədəd “Göyçə” sortu, 200 ədəd “iri payızlıq alça” sortu) alça tinglərinə 3 il qulluq etmiş, onların yetişdirilməsinə xərc çəkmiş, sonradan tinğlər böyüyərək bar verəndə, yəni 2021-ci ildə bilmişdir ki, həmin tinglər əslində ona dediyi kimi “göyçə” və “iri payızlıq alça” sortu olmamış, xırda cır meşə alçaları olmuşdur. İddiaçıya satdığı alça tingləri heç də xırda cir meşə alçaları olmamış, əslində “Göyçə” sortu və “iri payızlıq alça” sortu olmuşdur. Aralarında bir neçə ədəd cır alça tingləri olmuşdur. İddiaçı iddianı əsaslandırmaq üçün heç bir əsaslı sübut təqdim etməmiş, mütəxəssis tərəfindən həmin əraziyə baxiş keçirilməklə müvafiq rəyin alınmasını təmin etməmişdir. Yalnız 2022-ci ilin dekabr ayında tərtib edilmiş akta əsaslanmışdır. İddiaçı satdığı 2019-cu ildə satdığı 1250 ədəd (1050 ədəd “Göyçə” sortu, 200 ədəd “iri payızlıq alça” sortu) alça tinglərini Tərtər rayon sakini X1 almaqla həmin tinglərin dəyərini sonuncunun 4169 7413 1190 8394 nömrəli kart hesabına ödəmişdir. Həmin tingləri o, İddiaçı yox, X4 həmin qələmləri 3 manat 50 qəpiyə yox, 2 manat 50 qəpiyə təvil vermişdir və həmin qələmlərin pullarını də ona İkram Ağamuradov hissə-hissə olaraq vermişdir. İddiaçı satdığı eyni qələmlərdən rayonun İmamqulukənd, Bədirqala və Haçatala kənd ərazilərində də satılmışdır. İddiaçı iddia ərizəsində yalnız İmamqulukənd oba kəndində əkilmiş tinglərin guya cır olmasıni bildirir ki, bu da həqiqətə uyğun deyildir. Həmçinin həmin tinglərin əkildiyi bağ sahəsi də mövcud deyildir və bağ sahəsinin kənarı olmaqla qamışlıq sahəsidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, o, təyin olunmuş məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilmir, odur ki, işə onun iştirakı olmadan baxılaraq iddianın təminedilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, cavabdehin və onun vəkilinin izahatını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 dekabr 2022-ci il tarixli X6, X2 və X3 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Qusar rayonu Balaqusar kənd sakini Cavabdeh 2019-cu ildə Qusar şəhəri “Təzə Bazar”ında meyvə tinglərinin alveri ilə məşğul idi. 2019-cu ilin oktyabr ayında Qusar şəhəri, Sərdar Səfərov küçəsi 88 saylı ev sakini İddiaçı onların iştirakı ilə Cavabdeh ilə danışıb razılaşmaqla ondan 1 ədədi 3 manat 50 qəpikdən olmaqla cəmi 1250(min iki yüz - əlli) ədəd alça tingini almış, həmin tinglərə görə onlarıb iştirakı ilə Cavabdeh nəğd olaraq 4375(dörd min üç yüz yetmiş beş) manat pul ödəmişdir. Cavabdeh həmin 1250 ədəd tingdən 1050(min əlli) ədədinin “Göyçə” sortu, 200(iki yüz) ədədinin isə “İri payızlıq” alça sortlarının olduğunu bildirmişdi. İddiaçı Cavabdeh aldığı həmin 1250 ədəd alça tinglərini aparıb istifadəsində olan 3,2 ha torpaq sahəsində əkmişdir. İddiaçı tərəfindən həmin alça tinglərinə aqrotexniki qaydada qulluq - göstərilərək yetişdirilmişdir. Lakin həmin tinglərdə “Göyçə” sortu və ya “İri payızlıq” alça sotları deyil, xırda cır meşə alçaları bitmişdir. Həmin tinglərin gətirdiyi məhsulu onlar – özləri də görmüşlər. Həmin tinglər Cavabdeh bildirdiyi “Göyçə” sortuna və “İri payızlıq” alça sortuna aid olmamış və gətirdiyi bar da cır alça olmuşdur. Həmin tinglər İddiaçı ilə Cavabdeh arasında 1250(min iki yüz əlli) ədəd alça tingininin alınmasına dair 2019-cu ilin oktyabrında bağlanmış razılaşmaya tamamilə uyğun deyildir. İşdə olan Qusar şəhəri “Təzə Bazar”ın direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 2022-ci mövsüm ilində Qusar şəhərinin “Təzə Bazar”ında alça məhsullarının bazar qiymətləri aşağıdakı kimi olmuşdur: “Göyçə” sortuna aid alçanın 1 kiloqramı - 2 (iki) manat; “İri payızlıq” sortuna aid alçanın 1 kiloqramı- 2 (iki) manat İşdə olan Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 7/2051-9/10718 saylı 28 yanvar 2025-ci il tarixli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar X14 Mərkəzinin mütəxəssisi tərəfindən tərtib edilmiş rəyə əsasən İddiaçı məxsus torpaq sahəsinin kənarlarında 1 cərgə olaraq 2020-ci il ildə alça ağaclarının əkilməsi müəyyən olundu. Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən bağ sahəsində 514, Yasab oba kəndi ərazisində yerləşən bağ sahəsində isə 111 belə ağac mövcuddur. Ağaclara aqrotexniki qaydada qulluq göstərilmişdir. Ağaclara göstərilən aqrotexniki qulluq səviyyəsindən asılı olaraq hər bir ağac orta hesabla 40-60 kq məhsul verə bilər. Əkilmiş cır alça ağaclarına calaqların vurulması 2023-cü ilin yazında həyata keçirilməsini nəzərə alaraq, alça ağaclarının 2025ci ildən az məhsula düşməsi gözlənilir. Rəyin tədqiqat hissəsindən göründüyü kimi alça ağaclarının 2025-ci ildən etibarən məhsula düşməyi gözlənilir. Bu səbəbdən də 2025-ci ildə məhsul gözlənilən vaxt həmin məhsulun dəyərinin hansı qiymətə olacağı barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qeyd edilən torpaq sahəsinə uyğun analoji xüsusiyyətlərə malik torpaq sahəsinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından, yaxşılaşdırma işlərindən sonra həmin torpaq sahəsinin dəyərinin nə qədər artması barədə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 7/2051-9/10718 saylı 28 yanvar 2025-ci il tarixli məhkəmə-bioloji, məhkəmə əmtəəşünaslıq ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət aşağıdakı nəticələrə gəlmişdir. Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 7/2051-9/10718 saylı 28 yanvar 2025-ci il tarixli ekspert rəyində iddiaçıya məxsus torpaq sahələrinə baxış keçirilən zaman ümumilikdə 625 cır alça ağaclarına calaqların vurulmasının müəyyən edilməsinə dair tədqiqat aparılmasına baxmayaraq cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində İddiaçıa 1250 ağac satmasını bildirməsi iddia tələbi həmin hissədə öz təsdiqini tapmışdır. Belə olan halda müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya cır alça ağacları satılmışdır. Həmin sahədə cır alça ağaclarının olması iş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 7/2051-9/10718 saylı 28 yanvar 2025-ci il tarixli ekspert rəyi ilə təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən 1250(min iki yüz əlli) ədəd alça tinginə görə iddiaçının ödədiyi 4375(dörd min üç yüz yetmiş beş) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddia tələbində qeyd edilən alça tinglərinin istifadəsində olan 3,2 ha torpaq sahəsini faydasız yerə 3 il müddətində tutması nəticəsində ödədiyi icarə haqqı olan 4800(dörd min səkkiz yüz) manat icarə haqqının, 3,2 ha alça bağına 3 il ağaclara qulluq və dərman pulu olan 3840(üç min səkkiz yüz qırx) manat qulluq haqqının ödənilməsi barədə iddiaçı tərəfindən sübut təqdim edilmədiyinə görə iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Ekspert rəyində qeyd edildiyi kimi hər bir ağac orta hesabla 40-60 kq məhsul verə bilər. Həmin halı nəzərə alaraq riyazi hesablamalar nəticəsində müəyyən edilir ki, 625 ağac X 40 kq = 24000 kq (24 ton). Həmçinin Qusar şəhəri təzə bazarın direktoru tərəfindən verilmiş arayışdan da göründüyü kimi “Göyçə” və “İri payızlıq” alçaların 1 kq-ı 2 (iki) manat məbləğində olduğunu nəzərə alaraq 1 il ərzində ağacların bar verdiyi 24 ton alçanın ümumi dəyər məbləği 48000 manat təşkil edir. Məhkəmə hesab edir ki, 2022-ci ildə 3.2 ha 3 illik alça bağından əldə edilməli olan əldə çıxmış bəhərin əvəzi olaraq 16000 (on altı min) manat hissədə iddia tələbi təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş məbləğ 151.12 (yüz əlli bir manat on iki qəpik) manat hissəsində təmin edilməlidir. Belə ki, iddianın təmin edilmiş hissədə məbləği 20375 (iyirmi min üç yüz yetmiş beş) manat təşkil etdiyindən dövlət rüsumu həmin hissədə təmin edilməlidir. Odur ki, 151.12 (yüz əlli bir manat on iki qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qismən təmin edilməli, Cavabdeh 1250(min iki yüz əlli) ədəd alça tinginə görə İddiaçı ödədiyi 4375(dörd min üç yüz yetmiş beş) manat pul və 2022-ci ildə 3,2 ha 3 illik alça bağından əldə etməli olduğu əldən çıxmış bəhərin əvəzi olan 16000 (on altı min) manat pul, cəmi olaraq 20345 (iyirmi min üç yüz qırx beş) manat habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 151.12 (yüz əlli bir manat on iki qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1250(min iki yüz əlli) ədəd alça tinginə görə İddiaçı ödədiyi 4375(dörd min üç yüz yetmiş beş) manat pul və 2022-ci ildə 3,2 ha 3 illik alça bağından əldə etməli olduğu əldən çıxmış bəhərin əvəzi olan 16000 (on altı min) manat pul, cəmi olaraq 20345 (iyirmi min üç yüz qırx beş) manat, iddiaçının ödədiyi 151.12 (yüz əlli bir manat on iki qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar