Məhkəmə qərarları › İş №2(029)-865/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-865/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-865/2021 18.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 4498.74 (dörd min dörd yüz doxsan səkkiz dollar yetmiş dörd sent) ABŞ dolları-bundan 1134.37 (min yüz otuz dörd dollar otuz yeddi sent) ABŞ dolları əsas, 1053.83 (min əlli üç dollar səksən üç sent) ABŞ dolları faiz, 2140.62 (iki min yüz qırx dollar altmış iki sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169.92 (yüz altmış doqquz dollar doxsan iki sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində həmçinin iddia tələbini tam müdafiə etdiklərini bildirərək iddia tələbi üzrə Bankın səlahiyyətli nümayəndəsi iştirak etmədikdə işə baxılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, iddiaçı tərəf məhkəməyə 17 noyabr 2021-ci il tarixli teleqram göndərərək işə onların iştirakları olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianı onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 5100 (beş min yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə 26.11.2014-cü il tarixli, ZM-240007050 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçüb Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 26.11.2014-cü il tarixli Kredit müqaviləsinə 25 may 2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 4224.41 (dörd min iki yüz iyirmi dörd dollar qırx bir sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 25.07.2018-ci il tarixə kimi uzadılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********924 saylı 22.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 21.06.2021-ci il tarixə kredit üzrə cəmi borcu 4498.74 (dörd min dörd yüz doxsan səkkiz dollar yetmiş dörd sent) ABŞ dolları təşkil edir. Bundan 1134.37 (min yüz otuz dörd dollar otuz yeddi sent) ABŞ dolları əsas, 1053.83 (min əlli üç dollar səksən üç sent) ABŞ dolları faiz, 2140.62 (iki min yüz qırx dollar altmış iki sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169.92 (yüz altmış doqquz dollar doxsan iki sent) ABŞ dolları faiz borcu təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2014cü il tarixli ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 24 faizlə 24 ay müddətinə 5100 (beş min yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli 240007050/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 26 noyabr 2014cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı olaraq İddiaçı qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 may 2015-ci il tarixli ********* saylı və İddiaçı ASC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış eyni tarixli və eyni saylı əlavə sazişlərdən görünür ki, 26 noyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə və 26 noyabr 2014-cü il tarixli 240007050/ZM nömrəli zaminlik müqaviləsinə dəyişiklik edilərək kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4424.41 (dörd min dörd yüz iyirmi dörd dollar qırx bir sent) ABŞ dolları müəyyən edilmişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 30.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 26 noyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 21 iyun 2021-ci il tarixə iddiaçıya 1134.37 ABŞ dolları əsas, 1053.83 ABŞ dolları faiz, 2140.62 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169.92 ABŞ dolları borc olmaqla, cəmi 4498.74 ABŞ dolları məbləğində borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas və faiz borcuna, həmçinin illik beş faiz borcuna dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərlərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmalarına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 140 (yüz qırx) ABŞ dolları müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1134.37 (min yüz otuz dörd dollar otuz yeddi sent) ABŞ dolları məbləğində əsas borc, 1053.83 (min əlli üç dollar səksən üç sent) ABŞ dolları məbləğində faiz borcu, 140 (yüz qırx) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169.92 (yüz altmış doqquz dollar doxsan iki sent) ABŞ dolları borc olmaqla, ümumilikdə 2498.12 (iki min dörd yüz doxsan səkkiz dollar on iki sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1134.37 (min yüz otuz dörd dollar otuz yeddi sent) ABŞ dolları məbləğində əsas borc, 1053.83 (min əlli üç dollar səksən üç sent) ABŞ dolları məbləğində faiz borcu, 140 (yüz qırx) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169.92 (yüz altmış doqquz dollar doxsan iki sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2498.12 (iki min dörd yüz doxsan səkkiz dollar on iki sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar