Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-906/2020 21.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən birgə nikahlarından anadan olmuş uşaqları xx xxxxxx 2003-cü il təvəllüdlü X9 və xx xxxx 2005-ci il təvəllüdlü X10 adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2002-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə ailə həyatı qurmuş. Birgə nikahlarından xx xxxxxx 2003-cü il təvəllüdlü X9 və xx xxxx 2005-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmışdır. Qusar rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(029)-52/2015 saylı qətnaməsinə əsasən həmin uşaqların saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 60 (altmış) manat olmaqla cəmi 120 (yüz iyirmi) manat miqdarında aliment tutulmuşdur. Lakin, artıq uzun müddətdir ki, o, cavabdehdən ayrı yaşayır, həmin məbləğ isə uşaqların cüzi ehtiyaclarını belə ödəmir. Bundan başqa, uşaqlar getdikcə böyüyür və onların xərcləri artır. Ona görə də, hesab edir ki, Qusar rayon məhkəməsinin həmin qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, hazırda Qusar şəhəri 2 saylı körpələr evində təsərrüfat müdiri vəzifəsində işləyir, aylıq əmək haqqı 265 manat təşkil edir. Azyaşlı uşaqları xəstədir, onların saxlanması üçün cavabdehin hər ay hər uşağa görə ödədiyi 60 manat məbləğində aliment kifayət etmir, uşaqları saxlamaqda çətinlik çəkir. Hesab edir ki, alimentin miqdarı hazırkı günə uyğun olaraq artırılmalıdır. Cavabdeh Rusiyadadır, onun hazırda nə qədər gəlir əldə etməsini bilmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-anası X6 iddianı etiraf etməmiş və məhkəməyə iddiaya etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh onun oğludur. Həmin şəxs hazırda Rusiyadadır. Oğlu Yagir heç vaxt aliment ödəməkdən yayınmamış, hətta bir dəfəyə iddiaçıya 1800 manat məbləğində pul ödəmiş, iddiaçı həmin məbləği alması barədə xx.xx.2019-cu il tarixli qəbzi imzalamışdır. Bundan başqa, oğlu Yagir aylıq olaraq mütəmadi aliment ödənişləri etmişdir. Eyni zamanda, Yagir bir neçə vaxtdır ki, ölkədə deyil və onun səhhətində ciddi problemlər olduğu üçün o, hazırda işləyə bilmir. Əlavə olaraq, birgə nikahdan olan övladların saxlanması qanunvericiliyə görə tək bir valideynin deyil, hər iki valideynin borcudur ki, bu da iddiaçının məsuliyyətini artırır ki, nəticədə iddiaçı da, uşaqların saxlanılması xərclərinin yarısını qarşılamalı, o cümlədən daha əvvəldən təyin olunmuş alimentin artırılması niyyətinə düşməməlidir. Odur ki, hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır. Cavabdehin nümayəndəsi Xalidə Əmircanova qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 377822 və AZ-İ 578733 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 xx xxxxxx 2003-cü ildə, X10 xx xxxx 2005ci ildə anadan olmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdır. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-52/2015 saylı xx xxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx xxxxxxxx 2002-ci il tarixdə Qusar rayon VVAQ şöbəsində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək anaları X2 yanında qalmaları, Cavabdeh xx xxxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa 60 (altmış) manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün X4 verilməsi qət edilmişdir. İşdə olan Qusar MRX tərəfindən verilmiş tibbi sənəddən görünür ki, X10 mədəbağırsaq xəstəliyindən əziyyət çəkir. İşdə olan Qusar MRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 7 saylı arayışdan görünür ki, Cavabdeh “sağ ağciyərin infiltrativ vərəmi, infiltrasiya mərhələsində. TDM (+) müsbət” diaqnozu ilə həmin xəstəxananın VƏŞ-in qeydiyyatında dayanır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş xx xxxxxx 2003-cü il təvəllüdlü X9 və xx xxxx 2005-ci il təvəllüdlü X10 adlı uşaqların təkbaşına saxlanmalarının iddiaçı üçün çətin olmasını, həmin uşaqlar hazırda böyüməklə xərclərinin xeyli artmasını, Qusar rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(029)- 52/2015 saylı qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçməsini və həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanmaları üçün tələb olunan xərclərin qarşılanmasına kifayət etməməsini, bunun isə iddiaçının maraqlarını və uşaqların manafelərini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat, cəmi isə 200 manat müəyyən olunmalıdır. Məhkəmə alimentin miqdarının hər ay hər uşağa görə iddiaçının istədiyi kimi 170 (yüz yetmiş) manat müəyyən olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin cavabdehin ödəmək iqtidarında olması tam olaraq öz təsdiqini tapmamış, onun məhz həmin məbləğdə alimenti ödəmək üçün hər hansı gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda-yəni 170 manat məbləğində müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, məhkəmə cavabdehin etirazlarının əsası kimi istinad etdiyi halları müzakirə edərək belə qənaətə gəlir ki, valideynin heç bir yerdə işləməməsi, az gəlir əldə etməsi və s. hallar onu öz uşaqlarının saxlanması üçün aliment ödəmək vəzifəsindən azad etmir və özünün bütün gəlirlərinin müəyyən hissəsini öz uşaqlarının saxlanmasına xərcləməyə borcludur. Uşaqların saxlanması hər iki valideynin mənəvi borcu olmaqla yanaşı həmdə vacib hüquqi vəzifələridir. Hazırkı halda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanmaları üçün tələb olunan xərclər artdığından və iddiaçı təkbaşına həmin xərcləri qarşılamağa çətinlik çəkdiyindən alimentin miqdarının artırılması vacibdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(029)-52/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1975-ci ildə Qusar rayonu Balaqusar kəndində anadan olmuş, ünvan 1 mənzil 17 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-906/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-906/2020
21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver