Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-907/2023 19.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından anadan olmuş uşaqları 02 iyul 2018-ci il təvəllüdlü X3 adlı uşağın saxlanılması üçün hər ay uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə Qusar rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş və bu nikah 20 oktyabr 2016-cı ildə qeydə alınmışdır.(226 ilə qeyd edilmişdir). Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə qızı X4 anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün və xasiyyətləri uyğun olmadığı üçün o, Cavabdeh Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(029)-610\2019 saylı qətnaməsinə əsasən boşanmışdır. Həmin qətnaməyə əsasən xx.xx.2018-ci il təvəllüdlü qızı X1 boşanmadan sonra onun yanında qalması və onun saxlanılması üçün Cavabdeh Ekhar oğlundan hər ay 100 (bir yüz) manat aliment tutulması qət edilmişdir. Cavabdeh aliment kimi ödədiyi 100 (bir yüz) manat pul övladının zəruri tələblərini belə ödəmir. Belə ki, övladı 2020-ci ildə gözlərindən əməliyyat olunmuş və onun əməliyyatına 1800 manat məbləğində pul xərclənmişdir. Hər il də, 10 yaşına çatanadək həkim nəzarətində olmalıdır. Buna baxmayaraq uşağın atası Cavabdeh bu xərcləri ödəməmiş və köməklik belə göstərməmişdir. Bundan başqa qızı məktəbin hazırlığına gedir və ona geyim əşyaları, məktəb ləvazimatları alınması zərurəti yaranır. O isə, hal-hazırda heç bir yerdə işləmir və övladının saxlanılması xərclərini tək özü ödəyə bilmir. Cavabdeh maddi vəziyyətini və uşağın minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay ona uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, Cavabdeh ödədiyi pul uşağın hər ay təminat xərclərini ödəmir. Özü hal-hazırda işləmir. Cavabdehin gəlirləri barədə onda heç bir məlumat yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh qızı iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti o, vaxtı-vaxtında ödəmiş, onun heç bir aliment borcu olmamışdır. O, iddiaçı ilə ayrıldıqdan sonra yenidən evlənmiş, həmin nikahdan 1 uşağı vardır. O, fəhləliklə məşğul olur, evində mal-qara saxlayır, təsərrüfatla məşğul olur. Təyin edilmiş alimentin 20-30 manat artırılmasına razıdır. Aliment çox artırıldığı halda öz ailəsini dolandırmaqda və uşağın saxlanması üçün alimentin ödənilməsində çətinliklər olacaqdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(029)- 610/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındaki 20 oktyabr 2016-cı il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 226 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra 02 iyul 2018-ci il təvəllüdlü X4 İddiaçı yanında qalması, 02 iyul 2018-ci il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün 08 aprel 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İV 433758 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02 iyul 2018-ci il tarixdə Qusar rayonu Urva kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1, 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bununla belə məhkəmə nəzərə alır ki, cavabdeh aliment miqdarının 120-130 manata kimi artırılmasına etiraz etmədiyini bildirmişdir. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-610/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı 20 oktyabr 2016-cı il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 226 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra 02 iyul 2018-ci il təvəllüdlü X4 İddiaçı yanında qalması, 02 iyul 2018-ci il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün 08 aprel 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Beləliklə də, 02 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində 100 manat məbləğində alimentin tutulmasına dair Qusar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-610/2019 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və saxlanılmaları üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Lakin, məhkəmə cavabdehdən 220 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə aliment tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı tərəf öz tələbində cavabdehdən hər uşağa görə hər ay 220 manat miqdarında sabit pul məbləğində aliment tələb etdiyini bildirsə də, məhkəmə iclasında həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh 170 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Bundan başqa, məhkəmə iclasında cavabdehin izahatında bildirdiyi kimi, aliment miqdarının 20-30 manat artırılması 02 iyul 2018-ci il təvəllüdlü X4 adlı uşağın mənafeyi baxımından qanuni və əsaslı deyildir Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, 02 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində cəmi 100 manat məbləğində alimentin tutulmasına Qusar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-610/2019 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Qusar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)- 610/2019 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı cəmi 70 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 840 (12 X 70=840) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-610/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 02 iyul 2018-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-907/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-907/2023
19.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver