Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-925/2021 28.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Vəliyevin sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə Qusar rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qusar rayon İcra və Probasiya Şöbəsi Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə elektron qolbağın dəyərini təşkil edən 637.91 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon İcra və Probasiya Şöbəsi iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon məhkəməsinin 1(029)-22/2020 saylı, 10.03.2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və icrası barədə göstəriş 13.04.2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Cavabdeh 14.04.2020-ci il tarixdə şöbədə qeydiyyata alınmış, onunla ilkin fərdi söhbət aparılmış, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri izah edilmiş və müvafiq sənədlər tərtib edilmişdir. Cavabdeh həmin tarixdə 01 ədəd elektron nəzarət vasitələri komplekti tətbiq edilmişdir. Belə ki, Cavabdeh ayağına 01 (bir) ədəd elektron qolbaq bağlanmış, yaşayış yerində 03 (üç) ədəd ev siqnal ötürücüsü quraşdırılmış və məhkuma 01 (bir) ədəd mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 01 (bir) ədəd USB adapter müvafiq aktla təhvil verilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu barədə avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 13.03.2021-ci il tarixdə Şöbə tərəfindən elektron nəzarət vasitələrinə baxış keçirilərkən aşkar edilmişdir ki, elektron qolbaq, kəmərin qolbağa bağlanan hissəsindən dartılıb qoparılmışdır. Faktla bağlı Cavabdeh yazılı izahatı alınmış, akt tərtib edilmiş, müvafiq fotoşəkillər çəkilmişdir. Həmin faktla bağlı 16.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəhbərliyinə məlumat verilmiş və məhkəməyə təqdimat verilməsi ilə bağlı rəy verilməsi istənilmişdir. Bununla bərabər, Cavabdeh zədələdiyi elektron nəzarət vasitələri komplekti texniki ekspertiza üçün Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə göndərilmiş və alınmış texniki rəyə əsasın məhkum elektron qolbağın kəmərə keçən hissəsini sındırmış və bununla da, dövlətə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin verdiyi maliyyə arayışına əsasən elektron qolbağın dəyəri 637.91 manat təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinin tələblərinə görə elektron qolbağın dəyəri Cavabdeh tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, İddiaçı tərəfindən onun ayağına bağlanmış elektron qolbağı sındırmamış, həmin qolbaq kəmər hissəsindən özü çıxmışdır. O, Qusar rsyon məhkəməsi tərəfindən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını 14.10.2021-ci il tarixdə çəkib qurtarmışdır. Hazırda işləmir, valideynləri ilə birlikdə yaşayır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsi tərəfindən verilmiş 1(029)- 22/2020 saylı, 10.03.2020-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh yaşadığı Qusar rayonu Quxur-oba kəndindəki evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış 13.04.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh barəsində hökmün surəti və onun icrası barədə göstəriş qəbul edilmişdir. İş materiallarında oilan 27.05.2020-ci il və 25.06.2020-ci il tarixli “elektron nəzarət vasitələri tətbiq edilmiş məhkum tərəfindən üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməməsinə dair” məlumatların surətindən görünür ki, həmin tarixlərdə telefonakkumulyatorun çox az olduğu, bununla da, nəzarət subyektinin ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək vəzifəsini pozduğu qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 15 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, məhkum Cavabdeh mobil qurğunu vaxtında və lazımi qaydada enerji ilə təmin etmədiyinə görə töhmət verilmişdir. İş materiallarında olan 31.03.2021-ci il tarixli elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, Cavabdeh elektron nəzarət dəstinə baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın kəmərə keçən hissəsi sındırılmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, elektron qolbağın kəmərə keçən hissəsi çıxmamış, məhz sındırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş 13.11.2018-ci il tarixli D-8/196 saylı arayışının surətindən görünür ki, elektron qolbağın dəyəri 637.91 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmçinin, qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, 13.03.2021-ci il tarixdə İddiaçı tərəfindən elektron nəzarət vasitələrinə baxış keçirilərkən aşkar edilmişdir ki, elektron qolbaq, kəmərin qolbağa bağlanan hissəsindən dartılıb qoparılaraq sındırılmışdır. Bununla da, Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifəsini pozmuşdur. Məhz onun təqsirli hərəkəti nəticəsində dövlətin müstəsna mülkiyyətində olan əşya, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş, bununla da, dövlətə 637,91 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya (dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqana) ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə elektron qolbağın dəyərini təşkil edən 637,91 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.4-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı büdcə təşkilatı olmaqla dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə elektron qolbağın dəyərini təşkil edən 637,91 manat məbləğində pul tutulsun. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-925/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-925/2021
28.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver