Məhkəmə qərarları › İş №2(029)-925/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-925/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-925/2024 28.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Məhkəməsinin 2(029)-291/2024 saylı xx.xx.2024cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2 aprel 2013-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan bir övladı- xx.xx.2015-ci il təvəllüdlü X3 var. Qusar rayon Məhkəməsinin 2(029)-291/2024 saylı xx.xx.2024-cu il tarixli qətnaməsi ilə Qusar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-93/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1982-ci ildə Qusar rayonu Çiləgir kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh X1 xeyrinə 22 aprel 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. O, 150 manat məbləğində alimentlə uşağını saxlamağa çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2023-cu il respublikada uşaqlar üçün yaşayış minimumunun 235 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, 2024-cü ilin mart ayında alimentlə bağlı qətnamə çıxarılmış, lakin o, həmin qətnamə ilə razı olmasa da, apelyasiya şikayəti verməmişdir. Cavabdehin rəsmi iş yeri olmasa da, qeyri-rəsmi işi var, usta və ofisiant işləyir. 2024-cü ilin mart ayında indiyədək cavabdehin maddi vəziyyətində dəyişikliyin olması ilə bağlı deyə bilər ki, tanışların dediklərinə görə cavabdeh işləyir və pul qazanır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, işləmir, əvvəlki qətnamə ilə ondan tutulan alimenti vaxtı-vaxtında ödəyir. O, fəhləlik edib pul qazanır, əlavə gəliri yoxdur. Əvvəllər xəstəliyi ilə əlaqədar aliment borcu yaranmış, buna görə onu həbs etmişlər. Alimentin miqdarı yenidən artırılarsa onun vəziyyəti pisləşəcək və o, yenidən həbs ediləcəkdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan AZ-İİİ 539074 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 22 aprel 2015-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2(029)-291/2024 saylı qətnaməsindən görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-93/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1982-ci ildə Qusar rayonu Çiləgir kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 22 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan məhkəmənin elektron sistemindən əldə edilmiş Cavabdeh gəlir məlumatlarından çıxarışdan görünür ki, o, işləmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki , alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Göründüyü kimi, qanunvericilik aliment məbləğinin müəyyən edildikdən sonra aliment məbləğinin dəyişdirilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən normanın məzmunundan görünür ki, həmin norma ilə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının dəyişdirilməsi imkanını yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində isə iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Əksinə məlum olmuşdur ki, cavabdehdən sonuncu dəfə alimentin tutulmasından sonra cəmi 8 ay vaxt keçmiş və həmin şəxs hazırda işləmir. Bu, isə onu təsdiq edir ki, cavabdehin maddi vəziyyətində müsbətə doğru hər hansı dəyişiklik olmamışdır. Bundan başqa, məhkəmə uşaqlar üçün yaşayış minimumunu rəhbər tutaraq alimentin miqdarının artırılmalı olması barədə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, alimentin miqdarının ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarına uyğun dəyişdirilməsi Ailə Məcəlləsində nəzərdə tutulmamış, həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, alimentin artırılmasına dair iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişikliyin olması müəyyən edilmədiyindən, bu barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar