Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-932/2024 03.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Nurməhəmməd qızının və Cavabdeh iştirakları ilə İddiaçı Nurməhəmməd qızının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Nurməhəmməd qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1600 (bir yüz altı yüz) manat məbləğində maddi zərərin əvəzinin və 36 (otuz altı) manat dövlət rüsumu xərcinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Nurməhəmməd qızı iddianı onunla əsaslandırmışdır ki, o, Qusar rayonu Avaran kəndi ərazisində yerləşən 2,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüquqi əsasında ona məxsusdur, torpaq sahəsi üzərində mülkiyyət hüququ Seriya RX ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. 2024-cü təsərrüfat ilində yuxarıda göstərilən torpaq sahəsində onun tərəfindən arpa səpilmiş, müvafiq aqrotexniki tədbirləri aparılaraq arpa məhsulu yetişdirilmişdir. 24 iyul 2024-cü il tarixdə Qusar rayonu Avaran kənd sakini Cavabdeh arpa sahəsinə özünə məxsus iri buynuzlu mal-qaranı buraxaraq torpaq sahəsində əkilmiş arpa məhsulunun çox hissəsini məhv etmiş, bununla da ona maddi zərər vurmuşdur. Onun əməllərindən xəbər tutduqdan sonra özünün və İlham adlı mütəxəssis agronomun iştirakı ilə sahəyə baxış keçirilmiş, arpanın məhsuldarlığı müəyyən edilərək cəmi 4 (dörd) ton arpa məhsulunun yararsız vəziyyətə salınması təsdiqlənmişdir. Baxış keçiriləndən sonra Cavabdeh yazılı şəkildə izahat tərtib edərək arpa məhsulunun məhv edilməsini, hər kiloqramı 0,30 AZN qiymətləndirərək 1200 (bir min iki yüz) manat zərərin vurulmasını etiraf etmiş, zərərin qısa bir zamanda qaytaracağını bildirmişdir. Arpa məhsulu 24 iyul 2024-cü il tarixdə məhv edilmiş, yuxarıda şərh olunan izahat 25 iyul 2024-cü il tarixdə tərtib edilmiş, lakin bu günə kimi Cavabdeh maddi zərərin əvəzini ödəməmiş, dəfələrlə tərəfindən edilmiş müraciətlərə əhəmiyyət verməmiş, onun davranışından məlum olur ki, o, maddi zərərin ödənilməsindən qəsdən boyun qaçırır. Belə olduğu vəziyyətdə 20 avqust 2024-cü il tarixdə Qusar şəhər “Riad” firmasına, yəni şəhər bazarına müraciət edərək arpa məhsulunun bazar qiyməti barəsində tərəfindən rəsmi arayış alınmışdır. Şərh olunan arayışa əsasən zərər vurulmuş ərəfədə 1 kiloqram arpanın qiyməti 0,40 AZN müəyyən edilmiş, bununla da ona 1200 manat yox, 1600 (bir min altı yüz) manat məbləğində zərər vurulması müəyyən edilmişdir. 2024-cü ilin sentyabr ayının əvvəllərində rəsmi ərizə ilə Qusar rayon Prokurorluğuna müraciət edərək maddi zərərin əvəzinin ödənilməsində köməklik göstərilməsini xahiş etmiş, ərizəsi mahiyyəti üzrə baxılıb tədbir görülməsi üçün Qusar rayon Polis şöbəsinə göndərilmiş, Polis şöbəsində müvafiq araşdırma aparılmış, 21 sentyabr 2024-cü il tarixli 3-13-93/2-S-l 63xx/xx/2024 saylı məktubla bildirilmişdir ki, Cavabdeh əməllərində hər hansı cinayət və inzibati xəta tərkibi aşkar edilməmiş, ona görə də məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdeh hərəkətləri nəticəsində əmlakından məhrum olmuş, yəni ona real zərər vurulmuşdur, ona görə də zərərin cavabdeh tərəfindən tam həcmdə ödənilməsini məqsədəmüvafıq sayır. Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin məbləği 1600 (bir min altı yüz) manat təşkil edir, həmin məbləğin həmin şəxsdən alınıb ona verilməsini məqsədəmüvafıq sayır. Məhkəmə iclasında İddiaçı Nurməhəmməd qızı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, özünə məxsus torpaq sahəsində arpa məhsulu əkib becərir. 2024-cü ilin yayında o, əkib becərdiyi arpa məhsulunu yığmağa hazırlaşmış, bununla bağlı ilkin olaraq torpaq sahəsinə baxmağa getmiş və oğlu ona bildirmişdir ki, mal-qara arpa məhsullarını məhv etmişdir. Bundan sonra o, müvafiq qurumlara məlumat vermiş, icra nümayəndəsi, bələdiyyə sədri və sahə müvəkkilli həmin əraziyə gəlmişlər, məlum olmuşdur ki, arpa məhsullarını Cavabdeh məxsus mal-qara məhv etmisdir. Bundan sonra icra nümayəndəsi Eminə bildirmişdir ki, dəymiş ziyanı arpa məhsullarının satış qiymətinə uyğun olaraq ödəsin. Emin isə arpa məhsullarının məhv olunmasına görə 1200 manat maddi ziyanı ödəyəcəyi barədə izahat yazmışdır. Sonra o, Eminin ziyanı ödəyəcəyini gözləmiş, lakin Emin ona heç bir pul verməmiş, bundan imtina etmişdir. Hazırda arpa məhsulunun 1 kiloqramı 0,40 manat təşkil edir, bu barədə bazar müdiri tərəfindən arayış verilmişdir. Həmin qiymətə uyğun hesablayanda ona cəmi 1600 manat məbləğində ziyan dəymişdir. Lakin, Emin izahat yazan gün 1200 manata razılaşmışlar. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etrmiş və izahatında göstərmişdir ki, onun həyətində saxladığı inəklər gedib iddiaçıya məxsus torpaq sahəsinə girərək oradakı arpa məsullarının bir hissəsini xarab etmişdir. Lakin, iddiaçıya dəymiş ziyan cəmi 300-400 manat təşkil edər. Belə ki, həmin ərazidə arpa məhsulları az olmuşdur. O, iddiaçıya təklif etmişdir ki, həmin şəxsə vurulmuş ziyana görə özünə məxsus arpa məhsullarından versin. Lakin, iddiaçı razılaşmayaraq ondan pul tələb etmişdir. Bundan sonra bələdiyyə sədri ondan izahat yazmasını tələb etmiş və o, qorxduğundan iddiaçıya dəymiş ziyana görə 1200 manat məbləğində pul verəcəyi barədə izahat yazmışdır. Hazırda onun maddi imkanı yoxdur, ona görə də nəzərə alınmasını xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş işin materialları ilə, o cümlədən tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, cavabdehə məxsus inəklərin iddiaçının torpaq sahəsinə girməklə orada əkilmiş arpa məsullarını məhv etməsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh həmin faktı, yəni iddiaçıya maddi ziyan vurulduğunu mübahisələndirmir, lakin dəymiş ziyanın miqdarını, dəyərini mübahisələndirir. Bununla belə, həmin şəxs Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə Nümayəndəliyinə vermiş olduğu 25 iyul 2024-cü il tarixli izahatında iddiaçıya məhz 1200 manat dəyərində maddi ziyan vurulduğunu etiraf edərək həmin məbləği iddiaçıya ödəyəcəyini bildirmişdir. Məhkəmə iddia tələbinin qanuni əsasları kimi aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının tələblərini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan cavabdeh tərəfindən iddiaçıya 1200 manat məbləğində maddi ziyan vurulması etiraf olunduğundan iddiaçı həqiqətən ona belə bir məbləğdə maddi ziyanın vurulmasını sübut etmək vəzifəsindən azaddır. Məhkəmə hesab edir ki, cavabdeh özünə məxsus inəkləri nəzarətsiz buraxmaqla və həmin inəklər iddiaçıya məxsus torpaq sahəsində əkilmiş arpa məhsullarının bir hissəsini məhv etməklə iddiaçıya maddi ziyan vurduğundan iddiaçının cavabdehdən maddi ziyanın əvəzinin ödənilməsini tələb etmək hüquq vardır. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin ona 1200 manat deyil, 1600 manat miqdarında maddi ziyan vurmasına dair tələb irəli sürürsə, artıq cavabdehin məhz bu məbləğdə pul ödəmli olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçı cavabdeh tərəfindən ona məhz 1600 manat miqdarında ziyan vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddiaçının ona məhz 1600 manat maddi ziyan vurulmasını təsdiq edən sübut kimi məhkəməyə təqdim etdiyi, Qusar şəhəri “Riad” firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışı təhlil edərək belə qənaətə gəlir ki, həmin arayış hazırkı iddia tələbi üzrə işin faktiki hallarını müəyyən edən mötəbər sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin arayış əvvəla arpa məhsulunun deyil, buğda məhsulunun bazar qiymətinə dair verilmişdir. Həmçinin, həmin arayış ümumi xarakter daşımaqla məhz iddiaçının arpa məhsulunun dəyərini müəyyən etmir, konkret olaraq iddiaçının arpa məhsullarına dəymiş ziyan üzrə müvafiq araşdırma aparılmamış və arayışda gəlinmiş nəticə əsaslandırılmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məhz 1200 manat məbləğində maddi ziyan vurması faktını etiraf etməsi işin obyektiv hallarına uyğun gəldiyindən məhz həmin məbləğdə pul vəsaiti ondan tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh maddi ziyana görə 1200 manat məbləğində pul tutularaq İddiaçı Nurməhəmməd qızına verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı Nurməhəmməd qızı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 36 manat məbləğində pul vəsaitinin iddianı təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 32 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Nurməhəmməd qızına verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunan hisəsinə mütənasib olan 32 (otuz iki) manat hissəsi tutularaq İddiaçı Nurməhəmməd qızına verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-932/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-932/2024
03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver