Məhkəmə qərarları › İş №2(029)-958/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-958/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-958/2021 24.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən əsas borc üzrə 2223.92 (iki min iki yüz iyirmi üç manat doxsan iki qəpik) manat, faiz borcu üzrə 774.67 (yeddi yüz yetmiş dörd manat altmış yeddi qəpik) manat olmaqla cəmi 2998.59 (iki min doqquz yüz doxsan səkkiz manat əlli doqquz) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddianı onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X1 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-1454 saylı, 02 may 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh1 arasında 23.05.2014-cü il tarixdə 73-23.05.2014-SM7 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 36% tətbiq edilməklə 24 ay müddətinə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti verilmişdir. 23.05.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh1 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh2 arasında 23.05.2014-cü il tarixdə 82-23.05.2014- SM7 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank borc alana istehlak məqsədi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır (5.4 bəndi). “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Qeyd olunan Kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 36 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh1 banka hazırda olan əsas borc üzrə 2223.92 (iki min iki yüz iyirmi üç manat doxsan iki qəpik) manat, faiz borcu üzrə 774.67 (yeddi yüz yetmiş dörd manat altmış yeddi qəpik) manat olmaqla cəmi 2998.59 (iki min doqquz yüz doxsan səkkiz manat əlli doqquz) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin, qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bundan başqa, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmüşdür. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin təşkilat tərəfindən məhkəməyə teleqram göndərilərək məhkəmə işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə prosesinə gələ bilmədikləri üçün mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxaraq qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.05.2014-cü il tarixli 73-23.05.2014-SM7 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 36% tətbiq edilməklə 24 ay müddətinə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti verilmişdir. İşdə olan "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2014-cü il tarixli 73-23.05.2014-SM7 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 23.05.2014-cü il tarixli 82-23.05.2014-SM7 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSCyə güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli Müqavilənin surətindən görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSCnin idarəetməsinə vermiş və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququna da İddiaçı QSC-yə güzəşt etmişdir. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASCdən problemli aktivlərin satın alınması ilə bağlı S-FK-1454 saylı, 02 may 2018-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər İddiaçı QSC-yə verilmişdir. İşdə olan Cavabdeh1 "xxxx" ASC-dəki şəxsi borc hesablarından çıxarışa əsasən Cavabdeh1 banka olan borcu əsas borc üzrə 2223.92 (iki min iki yüz iyirmi üç manat doxsan iki qəpik) manat, faiz borcu üzrə 774.67 (yeddi yüz yetmiş dörd manat altmış yeddi qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2223.92 (iki min iki yüz iyirmi üç manat doxsan iki qəpik) manat, faiz borcu üzrə 774.67 (yeddi yüz yetmiş dörd manat altmış yeddi qəpik) manat olmaqla cəmi 2998.59 (iki min doqquz yüz doxsan səkkiz manat əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2223.92 (iki min iki yüz iyirmi üç manat doxsan iki qəpik) manat, faiz borcu üzrə 774.67 (yeddi yüz yetmiş dörd manat altmış yeddi qəpik) manat olmaqla cəmi 2998.59 (iki min doqquz yüz doxsan səkkiz manat əlli doqquz) manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar