Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-962/2021 27.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən onun xeyrinə 7627 manat məbləğində əsas borcun, 966.92 manat məbləğində faiz borcunun, cəmi 8593.92 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən bank borcluya 39 ay müddətinə, illik 22 faiz olmaqla 9000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASCnin nümayəndəsi Ramin Rəhimov məhkəməyə ərizə göndərərək məhkəməyə gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddianı qəbul edir, həqiqətən də onun İddiaçı ASC-yə 8593.92 manat borcu var, hazırda həmin borcdan hər ay 200 manat ödəniş edir. Gələcəkdə də bütün imkanlardan istifadə edərək həmin borcu ödəyəcək. Həmçinin, təyin olunmuş məhkəmə iclasına gələ bilmədiyini göstərərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli CP/66644/72/19 saylı kredit sazişinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 39 ay müddətinə, illik 22 faiz olmaqla 9000 manat məbləğində kredit verilmiş və müvafiq ödəniş qrafiki tərtib olunmuşdur. İşdə olan 03 dekabr 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC-nin kassasında Cavabdeh 9000 manat məbləğində pul verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 31.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03.12.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən borclunun banka 7627 manat əsas, 966.92 manat faiz borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış 03.12.2019-cu il tarixli Kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, iddiaçının həmin müqavilənin ləğv edilməsini, verilmiş kreditin ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Hazırda cavabdehin banka 7627 (yeddi min altı yüz iyirmi yeddi) manat məbləğində əsas, 966.92 (doqquz yüz altmış altı manat doxsan iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8593.92 (səkkiz min beş yüz doxsan üç manat doxsan iki qəpik) manat məbləğində kredit borcu vardır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli Kredit müqaviləsi ləğv edilməli və yuxarıda göstərilən kredit borcu cavabdehdən tutularaq iddiaçının hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli Kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 7627 (yeddi min altı yüz iyirmi yeddi) manat məbləğində əsas, 966.92 (doqquz yüz altmış altı manat doxsan iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8593.92 (səkkiz min beş yüz doxsan üç manat doxsan iki qəpik) manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-962/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-962/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver