Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-971/2022 16.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə elektron qolbağın dəyərini təşkil edən 2277.4 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, həmin şöbənin qeydiyyatında olan, Qusar rayon məhkəməsinin 1(029)-82/2021 nömrəli xx.xx.2021 -ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və icrası barədə göstəriş xx.xx.2021-ci il tarixdə həmin şöbənin icraatına daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2021-ci il tarixdə “Attenti” markalı 35630778 seriya nömrəli elektron nəzarət qurğusu təhvil verilərək ayağına 09539 seriya nömrəli elektron qolbaq bağlanmışdır. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə ehtiyatsızlıq edərək mobil nəzarət qurğusunu, xx.xx.2022-ci il tarixdə isə qolbağı yararsız hala salmışdır. Beləliklə, Cavabdeh elektron avadanlıqları yararsız vəziyyətə salaraq dövlətə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Ədliyyə nazirliyinin verdiyi maliyyə arayışına əsasən, elektron qolbağın dəyəri 2277.4 manat təşkil edir. İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, şöbə rəisi məhkəməyə ərizə göndərərək bildrmişdir ki, xidməti zərurətlə bağlı məhkəmə proseslərində iştirakı mümkün deyil, ona görə də iddia tələbinə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, o, Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı tərindən ona elektron qolbağ bağlanmışdır. O yaşadığı evdən bayıra çıxarkən özündən gedib yıxılmış, həyat yoldaşı onu evə aparmış, yerindən duranda üzərində olan aparatın yerində olmadını görmüşdür. O yıxıldığı yerə getmiş və həmin aparatın qırılıb yerə düşdüyünü görmüşdür. Bundan sonra, o, İddiaçınə getmiş, orada sınmış aparatın şəkili çəkilmiş, ona yeni aparat verilmişdir. O, həmin aparatı qəsdən sındırmamış, yıxıldığı üçün sınmışdır. O, psixi xəstəlikdən əziyyət çəkir, 1 il Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuş, hazırda da dərmanlar qəbul edir. Odur ki, iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin 1(029)-82/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 23 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmçinin, Cavabdeh üzərinə yaşadığı Qusar rayonu Kuzun kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh iştirakı ilə tərtib edilmiş 06 dekabr 2021-ci il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin qeydiyyata alınması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” protokoldan görünür ki, həmin gün məhkum Cavabdeh həmin şöbədə qeydiyyata götürülmüş, məhkuma hökmlə təyin edilmiş vəzifələri, vaxt və ərazi məhdudiyyətlərinin hədləri, ENV üçün maddi məsuliyyəti, pozuntu hallarının hüquqi nəticələri geniş izah olunmuş və izahatı alınmışdır. İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli elektron nəzarət vasitələri “Attenti” komplektinin təhvil verilməsi barədə aktdan görünür ki, həmin tarixdə İddiaçı tərəfindən Cavabdeh 35630778 seriya nömrəli “Attenti” elektron nəzarət vasitələri komplekti saz və işlək vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Attenti” elektron qolbağ sındırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “elektron nəzarət vasitələri komplektinin dəyişdirilməsi barədə“ aktdan görünür ki, nasazlıq səbəbindən (mobil nəzarət qurğusu yerə salınıb sındırılmışdır və qolbağ klipslərdən qırılmışdır), məhkum Cavabdeh tətbiq edilmiş 35630778 seriya nömrəli mobil nəzarət qurğusu və 09539 seriya nömrəli qolbağ xx.xx.2022-ci il tarixdə çıxarılaraq götürülmüş və məhkuma yeni 35656225 seriya nömrəli “Attenti” mobil qurğu təhvil verilərək 078CE 03657 seriya nömrəli qolbağ ayağına bağlanmışdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ED-M-№ 96-21 saylı məktubdan görünür ki, probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında dəyəri 2277.40 manat təşkil edən elektron nəzarət vasitələrinin dəyərinin nəzarət subyektindən tutulması qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Həmçinin, qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən elektron nəzarət vasitələrinə baxış keçirilərkən aşkar edilmişdir ki, yuxarıda göstərilən məlum hökm üzrə məhkum Cavabdeh tərəfindən elektron qolbağ sındırılmış və elektron nəzarət komplekti yararsız hala salınmışdır. Bununla da, Cavabdeh təqsirli hərəkəti nəticəsində dövlətin müstəsna mülkiyyətində olan əşya, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş mobil nəzarət komplekti yararsız vəziyyətə düşmüş, nəticədə dövlətə 2277.4 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya (dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqana) ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə elektron nəzarət komplektinin dəyərini təşkil edən 2277.4 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.4-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı büdcə təşkilatı olmaqla dövlət rüsumunu ödəməkdən azaddır. İş üzrə iddianın qiyməti 2277.4 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 1277.4 (2277.4-1000=1277.4) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, X2 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 12.77 manat, cəmi isə 42.77 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə elektron nəzarət komplektinin dəyərini təşkil edən 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutulsun. İddiaçı azad edildiyi 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-971/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-971/2022
16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver