Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-981/2021 26.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 1539 (min beş yüz otuz doqquz) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 02 iyun 2021-ci il tarixdə saat 21:00 radələrində özünə məxsus VAZ -21074 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qusar rayonu Uqur kəndi ərazisindən keçən asfalt örtüklü yolla hərəkətdə olarkən Cavabdeh Şixməhəmməd oğluna məxsus bir baş atı yolda nəzarətsiz qoymuş və nəticədə qəfildən yolun hərəkət hissəsinə çıxaraq onun idarə etdiyi maşına dəymişdir. Hadisə nəticəsində ona məxsus maşın əzilərək maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar Qusar rayon RPŞ-nın DYPB-nin əməkdaşları tərəfindən AR İXM-nin 338.7-ci maddəsi ilə 03 iyun 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 18 iyun 2021-ci il tarixli qərarı ilə Cavabdeh 80 manat məbləğində cərimə edilmiş və ona dəyən zərərin ödəniməsi üçün mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Qeyd olunan hadisə nəticəsində VAZ 21074 markalı ** BF *** dövlət qeydiyyat nişanlı maşına vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün Qusar şəhərində yerləşən VAZ koopertivinə müraciət etmiş və maşının təmirinə dair 03 iyun 2021-ci il tarixdə tərtib edilmiş aktla maşına dəymiş maddi ziyanın məbləği 1539 (bir min beş yüz otuz doqquz) manat müəyyən edilmişdir. Buna görə də, maşına dəymiş 1539 manat məbləğində maddi zərər Cavabdeh alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İddiaçı həmçinin məhkəməyə ərizə təqdim edərək hazırda ona məxsus avtomobilinin təmirinə görə 900 manat məbləğində pul tələb olunduğunu göstərərək cavabdehdən onun xeyrinə 900 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, 02 iyun 2021-ci il tarixdə saat təxminən 20 radələrində iddiaçının idarə etdiyi avtomobil ona məxsus atı vurmuşdur. O, atı nəzarətsiz buraxmamış, at ipi qırıb getmişdir. Həmin hadisəyə görə o, 80 manat məbləğində cərimə olunmuşdur. Onun atının qiyməti 600 manatdır. İddiaçı hadisə baş verən gün ona maşının düzəldilməsi üçün 600 manat məbləğində pul verməsini xahiş etmiş, o, isə imkanı olsa köməklik edəcəyini bildirmişdir. Hazırda isə iddiaçı ondan 1539 manat məbləğində pul tələb edir. Onun maddi vəziyyəti çox aşağıdır, həyat yoldaşı xəstədir, çətinliklə dolanır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli 3(029)-265/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Zərər çəkmiş şəxs İddiaçı dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarın təsviri əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh 02 iyun 2021ci il tarixdə saat 21:00 radələrində özünə məxsus bir baş atı yolda nəzarətsiz qoymuş və nəticədə at İddiaçı idarə etdiyi “VAZ-21074” markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq onunla toqquşmuşdur. Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarında olan Qusar “Vaz” kooperativi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus «VAZ-21074» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər cəmi 1539 (bir min beş yüz otuz doqquz) manat təşkil edir. İş materiallarında olan İddiaçı məhkəməyə təqdim etdiyi 26.11.2021-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh 900 manat məbləğində pul tələb etdiyini göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 02 iyun 2021-ci il tarixdə saat 21:00 radələrində özünə məxsus bir baş atı yolda nəzarətsiz qoymuş və nəticədə at İddiaçı idarə etdiyi “VAZ-21074” markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq onunla toqquşmuşdur. Hadisə nəticəsində nəqliyyat vasitəsinə 1539 (bir min beş yüz otuz doqquz) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh həmin ziyanı ödəməkdən boyun qaçırır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurması Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 18.06.2021-ci il tarixli 3(029)-265/2021 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Bununla da, Mövsüm X1rşısında delikt öhdəliyi yaranmışdır. İddiaçı iddia ərizəsində vurulmuş maddi ziyana görə 1539 manat tələb etsə də, sonradan məhkəməyə ərizə təqdim edərək 900 manat tələb etdiyini bildirmişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi iddia tələbinin məbləğinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-981/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-981/2021
26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver