Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-196/2025 07.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərə görə 2000 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 2000 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, o, şəhid anasıdır. X4 44 günlük vətən müharibəsində şəhid olmuşdur. Daşkəsən rayonu Dəstəfur kəndində yaşayır və fərdi təsərrüfatı vardır. Cavabdeh da həmin kənddə yaşayır. Cavabdeh dəfələrlə ona bildirmişdir ki, heyvanları onun bağına yaxınlaşarsa onları vurub öldürəcəkdir. Saxladığı heyvanlar cavabdehin həyətinə yaxınlaşanda cavabdehin dəfələrlə heyvanlarını iri daşlarla vurmuşdur. 2024-cü ilin oktyabr ayında ona məxsus 2000 manat dəyərində olan bir baş inəyi cavabdeh özünə məxsus torpaq sahəsinin yaxınlığında daşla vuraraq öldürmüşdür. Bu barədə baytar həkimə, sonra isə polisə müraciət etmişdir. Həkimlər müəyyən etmişlər ki, heyvan hər hansı xəstəlikdən və ya zəhərlənmədən ölməmişdir. O, dəqiq bilir ki, heyvanı Cavabdeh öldürmüşdür. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı məxsus mal-qaralar dəfələrlə ona məxsus bağa daxil olaraq bağda olan meyvə ağaclarının yarpaqlarını yemişlər. Bununla bağlı onlar arasında mübahisələr olmuşdur. İddiaçının oğlu Şahid1 ilə də bununla bağlı mübahisələri olmuşdur. İddiaçı məxsus inək onun həyətinin yaxınlığında yolun kənarında ölmüşdür. Həyat yoldaşı bu barədə kənd üzrə icra nümayəndəsinə məlumat vermişdir. İddiaçıya məxsus heyvanın 2000 manat dəyərində olması doğru deyildir. Həmin heyvan təqribən 90 kq ət verə bilərdi. 1200-1500 manat dəyəri ola bilən heyvan idi. O, Şıxıyevaya məxsus heyvanlara onun ağaclarına yaxınlaşmasın deyə daşlar atmışdır. Lakin, həmin daşlar heyvanlara dəyməmişdir, dəymiş olsa da belə öldürə bilməzdi. Həmin heyvan alma yeməkdən ölmüşdür. O, İddiaçı heyvanını öldürməmişdir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində icra nümayəndəsi vəzifəsində işləyir. 2024-cü ilin oktyabr ayı olardı ki Cavabdeh arvadı Dilşad xanım nümayəndəliyinə məlumat verərək İddiaçı məxsus bir baş inəyin onların çəpərinin kənarında öldüyünü bildirmiş və Sevdaya zəng etməsini xahiş etmişdir. O, da İddiaçı zəng etmiş və heyvanın ölməsi barədə məlumat vermişdir. İddiaçı oraya həkim ilə birlikdə gəlmiş, həkim heyvanın dərisini yarmış, hansı səbəbdən ölməsini araşdırmaq üçün heyvanın cəsədindən nümunələr götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Aqrar Xidmətlər Agentliyinin Epizootik tədbirlər şöbəsinin müdiri vəzifəsində işləyir. 27 ildir ki, bu sahədə həkim kimi çalışır. İddiaçı məlumatına əsasən Daşkəsən rayon Dəstəfur kəndinə getmişlər. O, heyvanın cəsədini yarmışdır. Heyvanın alma yeməsindən ölməsi təsdiqini tapmamışdır. Heyvanın zəhərlənmədən və ya xəstəlikdən ölməsini müəyyən etmək üçün nümunələr götürülmüş və labaratoriyaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cavabdeh İddiaçı məxsus mal-qaraları dəfələrlə daşla vurmuşdur. İnəyin böyrək nahiyyəsindən vurulan zərbə onun ölməsinə səbəb olur. Cavabdeh təqribən 2024-cü ilin oktyabr ayında iddiaçıya məxsus bir baş inəyin bağının yaxınlığında daşla vurmasını və bundan az sonra həmin inəyin ölməsini görmüşdür. İşə əlavə olunmuş Daşkəsən rayon polis şöbəsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd olunması haqqında 20 noyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Qida Təhlükəsizliyi X2 Sınaq Laboratoriyasının 22 oktyabr 2024cü il tarixli sınaq protokoluna əsasən, İddiaçı məxsus olan tələf olmuş bir baş iribuynuzlu heyvanın cəsədində infeksiya törədicisi aşkar edilməmişdir. İşə əlavə olunmuş 13 aprel 2021-ci il tarixli 004368 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailəsi statusu verilmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunverciliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Habelə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus heyvanların cavabdehə aid Daşkəsən rayonu Dəstəfur kəndində yerləşən meyvə bağına keçməsi ilə bağlı onlar arasında dəfələrlə mübahisələr baş vermişdir. İddiaçı ona məxsus heyvanın cavabdeh tərəfindən iri daşlarla vurularaq tələf edildildiyini bildirir. Cavabdeh etirazında meyvə bağında olan ağacları qorumaq məqsədilə iddiaçıya məxsus heyvanlara daşlar atdığını təsdiq etmişdir. Bu hərəkətlər nəticəsində iddiaçıya məxsus heyvanların şikəst və ya tələf ola biləcəyi hallar ona əvvəlcədən məlum olmuşdur. Lakin, iddiaçı bunların nəticəsində heyvanın tələf olmasını qeyri-mümkün hesab etmişdir. Cavabdehin heyvanın alma yeməsi səbəbindən tələf olması barədə dəlillərinin əsassız olması heyvanı müayinə etmiş mütəxəssisin (baytar həkimin) məhkəməyə şahid kimi vermiş olduğu ifadəsi ilə üst-üstə düşməmişdir. Polis orqanında aparılmış təhqiqat nəticəsində iddiaçıya məxsus bir baş iribuynuzlu heyvanın cəsədində infeksiya törədicisi aşkar edilməməsi müəyyən olunmuşdur. Beləliklə, iddiaçıya məxsus bir baş iribuynuzlu heyvanın cavabdehin təqsirli hərəkəti nəticəsində tələf olmasına görə maddi zərərin əvəzi ona ödənilməlidir. İddiaçı vurulmuş zərərin həcminin 2000 manat olmasını bildirmiş olsa da, bu məbləğ sübutlar təqdim edilməmişdir. Odur ki, vurulmuş zərərin həcmi cavabdehin etiraf etdiyi qiymətə uyğun, həmçinin ət məhsullarının satışını həyata keçirən şəxslər tərəfindən internet portallarında yerləşdirilmiş və işə əlavə edilmiş olan bazar qiymətləri əsasında müəyyən edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə sübutlara müqayisəli şəkildə məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 1500 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı şəhid ailəsi statusu daşıdığı üçün dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləği alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-196/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-196/2025
07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver