Məhkəmə qərarları › İş №2(030)-215/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-215/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-215/2023 19.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 17 iyun 2021-ci il tarixli RGTK3765077A128 nömrəli “Kredit müqaviləsi” üzrə 9299,46 manat əsas və 595,47 manat faiz borcu olmaqla, cəmi 9895,43 manat məbləğində kredit borcunun və ödənilmiş 118,95 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbinin həcminin dəyişdirilməsi barədə əlavə ərziə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli RGTK3765077A128 nömrəli “Kredit müqaviləsi” üzrə illik 25,87 faiz olmaqla 60 ay müddətinə 10721,11 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəyi lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin 20 fevral 2023-cü il tarixə “Kredit müqaviləsi” üzrə 9299,46 manat əsas və 595,97 manat faiz borcu olmaqla, cəmi 9895,43 manat məbləğində kredit borcu qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəməyə ərizə təqdim edərək və iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-dən 17 iyun 2021-ci il tarixli RGTK3765077A128 nömrəli “Kredit müqaviləsi” üzrə illik 25,87 faiz olmaqla 60 ay müddətinə 10721,11 manat məbləğində kredit götürmüşdür. Maddi imkanı ilə əlaqədar olaraq vaxtı-vaxtında ödəniş edə bilməmişdir. Hazırda müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Laçında xidmət edir. Məhkəmədən məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 17 iyun 2021-ci il tarixli RGTK3765077A18 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli RGTK3765077A18 nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 25,87 faiz olmaqla 60 ay müddətinə 10721,11 manat məbləğində krediti verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 22 fevral 2023-cü il tarixli 15/1283 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 17 iyun 2021-ci il tarixli RGTK3765077A18 nömrəli “Kredit müqaviləsi” üzrə 24 noyabr 2022-ci il tarixə 9299,46 manat əsas və 595,47 manat faiz borcu olmaqla, cəmi 9895,43 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 30 noyabr 2022-ci il tarixli 16/82999 saylı bildirişin surətindən görünür ki, Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq ödəmədiyi təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin, faizlərin, cərimələrin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 20 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 118,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, mülki işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı “İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli RGTK3765077A128 nömrəli “Kredit müqaviləsi” üzrə illik 25,87 faiz olmaqla 60 ay müddətinə 10721,11 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəyi lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin 20 fevral 2023-cü il tarixə “Kredit müqaviləsi” üzrə 9299,46 manat əsas və 595,97 manat faiz borcu olmaqla, cəmi 9895,43 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. AR MM-in 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17 iyun 2021-ci il tarixli RGTK3765077A128 nömrəli “Kredit müqaviləsi” üzrə 9299,46 manat əsas və 595,97 manat faiz borcu olmaqla, cəmi 9895,43 manat kredit borcu tutulub İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 118,95 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 17 iyun 2021-ci il tarixli RGTK3765077A18 nömrəli “Kredit müqaviləsi” üzrə 9299,46 manat əsas, 595,97 manat faiz borcu və ödənilmiş 118,95 manat dövlət rüsumu olmaqla, cəmi 10014 (on min min on dörd) manat 38 (otuz səkkiz) qəpik tutulub İddiaçı ASCnin hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar