Məhkəmə qərarları › İş №2(030)-232/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-232/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-232/2023 05.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 iyul 2021-ci il tarixli GNNPU-04555 nömrəli “Kredit müqaviləsi” üzrə 13974,31 manat əsas, 690,28 manat faiz borcu və 985,29 manat dəbbə borcu olmaqla, cəmi 15649,88 manat məbləğində kredit borcunun və ödənilmiş 136,95 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb İddiaçı ASC -nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 iyul 2021-ci il tarixli GNNPU-04555 nömrəli “Kredit müqaviləsi” üzrə illik 14 faiz olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəyi lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin Banka 13974,31 manat əsas, 690,28 manat faiz və 985,29 manat dəbbə borcu olmaqla, cəmi 15649,88 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahat verib göstərmişdir ki, İddiaçı ASC-dən 20 iyul 2021-ci il tarixli GNNPU-04555nömrəli “Kredit müqaviləsi” üzrə illik 14 faiz olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Maddi imkansızlıqdan krediti vaxtında ödəyə bilməmişdir. İddiaçı tərəfindən əsas və faiz borca nisbətdə dəbbə pulunu həddən artıq hesablamışdır. Məhkəmədən dəbbə pulunun silinərək iddia tələbinin qalan hissədə təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 20 iyul 2021-ci il tarixli GNNPU-04555nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 iyul 2021-ci il tarixli GNNPU-04555nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 14 faiz olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli RB-02/PK-730 nömrəli arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 iyul 2021-ci il tarixli GNNPU- 04555nömrəli “Kredit müqaviləsi” üzrə 13974,31 manat əsas, 690,28 manat faiz və 985,29 manat cərimə borcu olmaqla, cəmi 15649,88 manat kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 01 fevral 2023-cü il tarixli 1102/0098 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 3 təqvim günü ərzində ödəmədiyi təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin, faizlərin, cərimələrin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 01 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 136,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, İddiaçı ASCnin iddia tələbini dəbbə borcuna dair hissədə qəbul etmir, məhkəmədən iddia tələbinin qalan hissədə təmin olunmasın barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. AR MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür kimi, İddiaçı ASC tərəfindən cavabdehə 985,29 manat məbləğində cərimə hesablanmışdır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ona görə də məhkəmə hesab edir ki, əsas borc məbləğinə nisbətdə tənasübsüzlüyü nəzərə alınaraq hesablanmış 985,29 manat məbləğində cərimə azaldılaraq 05 manat məbləğində müəyyən edilməlidir. AR MM-in 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20 iyul 2021-ci il tarixli GNNPU-04555 nömrəli “Kredit müqaviləsi” üzrə 13974,31 manat əsas, 690,28 manat faiz borcu və 05 manat dəbbə pulu olmaqla, cəmi 14669,59 manat kredit borcu tutulub İddiaçı ASC -nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 136,95 manat məbləğində dövlət rüsumunun 128,40 manatı cavabdehə, 8,55 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 iyul 2021-ci il tarixli GNNPU-04555 nömrəli “Kredit müqaviləsi” üzrə 13974,31 manat əsas, 690,28 manat faiz borcu, 05 manat dəbbə pulu və ödənilmiş 128,40 manat dövlət rüsumu olmaqla, cəmi 14797 (on dörd min yeddi yüz doxsan yeddi) manat 99 (doxsan doqquz) qəpik tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun 8,55 manat İddiaçı ASC-yə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar