Məhkəmə qərarları › İş №2(030)-27/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-27/2025

29.01.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-27/2025 29.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz оğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh2 iştirakı ilə, İddiaçılar X8, X5, X3, X9 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məmili oğluna qarşı torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar X8, X5, X3, X9 və X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məmili oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər tərəfindən torpaq sahəsindən istifadəyə görə törədilən maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı X8 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, iddiaçıların ümumi mülkiyyətinə 0,60 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə yazılmışdır. Uzun illərdir ki, cavabdehlərlə qonşu olaraq yaşayırlar. Onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahəsi qonşu sahələrdir. Fərdi yaşayış evləri yuxarı hissədə, cavabdehlərə məxsus fərdi yaşayış evi isə aşağı hissədə yerləşir. Son zamanlar onlara məxsus torpaq sahəsində sürüşmə yaranmışdır. Sürüşmənin qarşısını almaq üçün torpaq sahəsinin aşağı hissəsinə hasar çəkmək istəmiş, cavabdehlərin təqsiri üzündən bu mümkün olmamışdır. Qeyd edilən mübahisənin məhkəmədənkənar qaydada həllinin mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçılar X5, X3 və X9 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar ilə qonşu omaqla torpaq sahələr bitişik sahələrdir. Onlar iddiaçının hasar çəkməsinə etiraz etmirlər. Lakin iddiaçı həmin tikinti işlərini öz torpaq sahəsində həyata keçirə bilər və bunların ona heç bir etirazları yoxdur. Mütəxəssislər tərəfindən yerində baxış keçirilmiş, torpaq sahəsinin cizgiləri və koordinatları cihazla ölçülmüş, nəticədə iddiaçıların onların torpaq sahəsinə müdaxilə etdiyi aşkar edilmişdir. Odur ki, iddia tələbi əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Məmili oğlu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhlkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-080A KOD 50605028 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə Daşkəsən rayonu Bayan kənd sakinləri X8, X7, X5, X3 və X4 ümumi mülkiyyətinə 0,60 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon İTB tərəfindən tərtib edilmiş 18 fevral 2003-cü il tarixli, 242 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evi bütövlüklə X6 məxsusdur. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət Arxivinin 01 noyabr 2017-ci il tarixli 107 nömrəli arxiv arayışından görünür ki, Daşkəsən rayon S.Vurğun adına sovxozun arxiv sənədlərinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 11 mart 1988-ci il tarixli 89 nömrəli qərarı ilə sovxoz üzrə təsdiq olunmuş 3,70 hektar həyətyanı torpaq sahəsindən köçüb gedən və sovxozda işdən çıxan vətəndaşlardan sovxoz üzrə ehtiyat qalmış cəmi 1,12 ha həyətyanı torpaq sahəsindən ehtiyacı olan sovxozun naxırçısı X6 0,12 ha torpaq sahəsi ayrılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 03 may 2003-cü il tarixli, **********97-10301 reyestr nömrəli Fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 07 iyul 2025-ci il tarixli 3-21-3-33/2-6885/2025 saylı mütəxəssis rəyindən görünür ki, əraziyə baxış keçirilərkən, tərəflərin mübahsiləndirilərək təqdim etdikləri torpaq sahəsi 28.0 kv.m təşkil edir. Həmin 28.0 kv.m torpaq sahəsinin 2.0 kv.m hissəsi (80A nömrəli şəhadətnamə ilə 6300 kv.m olan) X2 mülkiyyətində, 26.0 kv.m hissəsi isə cavabdeh (78A nömrəli şəhadətnamə ilə 600.0 kv.m olan) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məmili oğlunun istifadələrində olduğu qeyd edilmişdir. Lakin, 26.0 kv.m sahəni cavabdehlər faktiki olaraq istifadə edə bilmədiklərini bildirirlər. Mübahisəli 28.0 kv.m torpaq sahəsi üzərində yarım tikili (daş hasar) mövcuddur. Həmin mübahisəli 28.0 kv.m torpaq sahəsi üzərində yarım tikili (daş hasar) iddiaçı X8 inşa etdiyini bildirdi. Araşdırma aparılarkən, faktiki istifadəyə və torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinad olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edimiş torpaq sahəsinin cizgi planından görünür ki, tərəflərin naturada mübahisələndirərək təqdim etdikləri 28.0 kv.torpaq sahəsinin (TEKUİS və AZCAD) məlumatlarında X2 mülkiyyəti ilə üst-üstə düşən hissəsi 2 kv.metrdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslı deyildir. Belə ki, iddiaçılar tələbini belə əsaslandırırlar ki, torpaq sürüşmsinin qarşısının alınması məqsədilə mülkiyyələrində olan torpaq sahəsi üzərində daş hasar inşa etmələrinə qonşu torpaq sahəsinin sahibləri olan cavabdehlər mane olurlar. Mübahisəli əraziyə tərəflərin iştirakı ilə mütəxəssislər tərəfindən baxış keçirilmiş və nəticədə müəyyən olunmuşdur ki, tərəflərin naturada mübahisələndirərək təqdim etdikləri 28.0 kv.torpaq sahəsinin 2 kv.metr hissəsi X2 mülkiyyəti ilə üst-üstə düşür, 26 kv.m hissəsi isə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsidir. Mübahisəli 28.0 kv.m torpaq sahəsi üzərində yarım tikili (daş hasar) mövcuddur. Həmin yarım tikili (daş hasarı) iddiaçı X8 inşa etdiyini bildirmişdir. Qeyd olunanlar barədə rəy tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçıların istifadə etmək istədikləri 28.0 kv.torpaq sahəsinin yalnız 02 kv.metr hissəsi onlara məxsusdur, qalan 26 kv.m hissəsi isə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsidir. Mübahisəli ərazinin iddiaçılara məxsus 02 kv.metr hissəsindən istifadəyə cavabdehlər tərəfindən hər hansı maneçilik törədilməsi sübutlarlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar