Məhkəmə qərarları › İş №2(030)-294/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-294/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-294/2023 24.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 may 2021-ci il tarixli 23101046 nömrəli “Müqaviləyə” əsasən “Samsung LED” TV üçün 986 manat ödənilməmiş hissə və 98 manat cərimə borcu və 28 may 2021-ci il tarixli 23101157 nömrəli “Müqaviləyə” əsasən İmei kodu **********95694 olan “Samsung Galaxy A21S” markalı telefon üçün 372 manat ödənilməmiş hissə və 37 manat cərimə borcu olmaqla, ümumillikdə 1493 manat məbləğində borcun və ödənilmiş 34,93 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddianı onun əsaslandırmışdır ki, Dilqəm oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 may 2021-ci il tarixli 23101046 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 73,80 manat ödəməklə 18 ay müddətinə “Samsung LED” TV 1382,40 manata və 28 may 2021-ci il tarixli 23101157 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 44,90 manat ödəməklə 12 ay müddətinə İmei kodu **********95694 olan “Samsung Galaxy A21S” markalı telefonu 553,80 manata satın almışdır. Cavabdeh müqavilələr üzrə cəmi 924,44 manat ödəniş etmişdir. Hazırda cavabdehin MMC-yə 1493 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 28 may 2021-ci il tarixli 23101046 nömrəli “Müqavilə” və müqaviləyə əlavələrin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 may 2021ci il tarixli 23101046 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 73,80 manat ödəməklə 18 ay müddətinə 1382,40 manat məbləğində “Samsung LED” TV satın almışdır. İşə əlavə edilmiş 28 may 2021-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 28 may 2021-ci il tarixli 23101046 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung LED” TV Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 28 may 2021-ci il tarixli 23101157 nömrəli “Müqavilə” və müqaviləyə əlavələrin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 may 2021ci il tarixli 23101157 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 44,90 manat ödəməklə 12 ay müddətinə İmei kodu **********95694 olan “Samsung Galaxy A21S” markalı telefon satın almışdır. İşə əlavə edilmiş 28 may 2021-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 28 may 2021-ci il tarixli 23101157 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei kodu **********95694 olan “Samsung Galaxy A21S” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 28 may 2021-ci il tarixli 23101046 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 73,80 manat ödəməklə 18 ay müddətinə “Samsung LED” TV 1382,40 manata və 28 may 2021-ci il tarixli 23101157 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 44,90 manat ödəməklə 12 ay müddətinə İmei kodu **********95694 olan “Samsung Galaxy A21S” markalı telefonu 553,80 manata satın almışdır. Cavabdeh müqavilələr üzrə cəmi 924,44 manat ödəniş etmişdir. Hazırda cavabdehin 28 may 2021-ci il tarixli 23101046 nömrəli “Müqavilə” üzrə 986 manat ödənilməmiş hissə və 98 manat cərimə borcu və 28 may 2021-ci il tarixli 23101157 nömrəli “Müqavilə” üzrə 372 manat ödənilməmiş hissə və 37 manat cərimə borcu olmaqla, ümumillikdə 1493 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqavilələrin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş üzrə təsdiq olunduğu kimi, "xxxx" MMC tərəfindən Cavabdeh 28 may 2021-ci il tarixli 23101046 nömrəli “Müqavilə” üzrə 98 manat və 28 may 2021-ci il tarixli 23101157 nömrəli “Müqavilə” üzrə 37 manat cərimə borcu manat məbləğində cərimə hesablanmışdır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ona görə də məhkəmə hesab edir ki, əsas borc məbləğinə nisbətdə tənasübsüzlüyü nəzərə alınaraq hesablanmış 28 may 2021-ci il tarixli 23101046 nömrəli “Müqavilə” üzrə 98 manat məbləğində cərimə azaldılaraq 02 manat və 28 may 2021-ci il tarixli 23101157 nömrəli “Müqavilə” üzrə 37 məbləğində cərimə azaldılaraq 02 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28 may 2021-ci il tarixli 23101046 nömrəli “Müqavilə” üzrə 986 manat əsas və 02 manat cərimə borcu, 28 may 2021-ci il tarixli 23101157 nömrəli “Müqavilə” üzrə 372 manat əsas və 02 manat cərimə borcu olmaqla, cəmi 1362 manat məbləğində kredit borcu tutulub iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 34,93 manat məbləğində dövlət rüsumunun 31,90 manatı cavabdehə, 3,03 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 may 2021-ci il tarixli 23101046 nömrəli “Müqavilə” üzrə 986 manat əsas və 02 manat cərimə borcu, 28 may 2021-ci il tarixli 23101157 nömrəli “Müqavilə” üzrə 372 manat əsas və 02 manat cərimə borcu və 31,90 manat ödənilmiş dövlət rüsumujnun əvəzi olmaqla, cəmi 1393 (bir min üç yüz doxsan üç) manat 90 (doxsan) qəpik alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 3 (üç ) manat 03 (üç) qəpiyi iddiaçı "xxxx" MMC-yə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar