Məhkəmə qərarları › İş №2(030)-325/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-325/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-325/2023 09.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 75492,31 manat, 2061,87 manat əsas, 1315,47 manat faiz, 3912,79 manat cərimə, krediut müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 302,18 manat faiz borcu və iş üzrə ödənilmiş 95,93 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşadığı üçün mülki işin baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 37-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə görə, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.7-ci maddəsinə görə, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 31.1-cı maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İşə əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh ünvan 1 ünvanda yaşayır. Odur ki, yuxarıda qeyd olunan mülki prosessual hüquq normalarına habelə, işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1 ünvanda yaşadığına görə hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 31, 35, 36, 44, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar