Məhkəmə qərarları › İş №2(030)-34/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-34/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-34/2024 14.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı sadləşdirilmş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1105,04 manat məbləğində əsas borc və ödənilmiş 31,05 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddianı onun əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Alqı-satqı müqaviləsinə” əsasən sonuncu hər ay 70,95 manat ödəməklə 18 ay müddətinə “Kombi Bergerr 24 kw” kombisini 1277,04 manata satın almışdır. Lakin cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcdan bu günədək cəmi 172 manat ödəniş etmiş, qalan 1105,04 manat əsas borc ödənilməmiş, bununla da, alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı MMC-dən 13 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Alqı-satqı müqaviləsinə” əsasən “Kombi Bergerr 24 kw” kombisini satın almışdır. Kombi aparatı mənzilə quraşdırıldıqdan 2 ay sonra xarab olmuş, su axıtmışdır. Bu barədə MMC-yə zəng edərək məlumat vermiş, ona kombi ustasının nömrəsi verilərək əlaqə saxlanılması bildirilmiş, o, da mobil telefon vasitəsilə usta ilə əlaqə saxlamış, ona gəlib kombiyə baxılacağı bildirilsə də, heç kim gəlməmişdir. O, rəsmi olaraq MMC-yə müraciət etməsə də, dəfələrlə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, lakin heç bir müsbət nəticəsi olmamışdır. Kombinin 2 il zəmanəti olmuş, 800 manat məbləğinə aldığı kombi üçün bu müddət ərzində 172 manat ödəniş etsə də, MMC tərəfindən kombi və ödəniş ilə maraqlanmamış, zəmanətin müddət bitikdən sonra MMC məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 13 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Alqı-satqı müqaviləsi” və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Alqı-satqı müqaviləsi”nə əsasən sonuncu hər ay 70,95 manat ödəməklə 18 ay müddətinə “Kombi Bergerr 24 kw” 1277,04 manata satın almışdır. Müqaviləyə əsasən satılmış mala 1 il zəmanət verilmişdir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədəvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 26 dekabr 2021-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan görünür ki, 13 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Alqı-satqı müqaviləsi”nə əsasən 1277,04 manat məbləğində “Kombi Bergerr 24KW” Daşkəsən şəhəri X1 küçəsi 5 saylı evin 18 saylı mənzilində müştəri Cavabdeh təhvil verilmişdir. Cavabdeh malları yoxlayaraq təhvil almış, heç bir qüsur aşkar edilməmişdir. İşə əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, İddiaçı MMC ona qarşı Cavabdeh 1105,04 manat məbləğində əsas borc və ödənilmiş 31,05 manat dövlət rüsumu alınıb İddiaçı MMC-yə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbi ilə razı deyildir. Aldığı kombi aparatını 800 manata almışdır. Ancaq aparat xarab olmuşdur. Dəfələrlə İddiaçı MMC-yə müraciət etmiş, ona ustanın nömrəsi verilmiş, o ustaya zəng vurduqda gəlib baxacaqlarını bildirsələr də, gəlməmişlər. 172 manat ödəniş etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 13 oktyabr 2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 1277,04 manat əsas borcundan bu günədək 172 manat ödəniş etmiş, 1105,04 manat əsas borcu qalmışdır. İşə əlavə edilmiş İddiaçı MMC-nin xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 3 bank iş günü ərzində ödəmədiyi təqdirdə, borcun ödənilməsinin təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 08 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 31,05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Alqı-satqı müqaviləsi”nə əsasən sonuncu hər ay 70,95 manat ödəməklə 18 ay müddətinə “Kombi Bergerr 24 kw” markal kombini 1277,04 manata satın almışdır. Müqaviləyə əsasən satılmış mala 1 il zəmanət verilmişdir. 26 dekabr 2021-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktla 1277,04 manat məbləğində “Kombi Bergerr 24KW” Daşkəsən şəhəri X1 küçəsi 5 saylı evin 18 saylı mənzilində müştəri Cavabdeh təhvil verilmişdir. Cavabdeh malları yoxlayaraq təhvil almış, heç bir qüsur aşkar edilməmişdir. Lakin cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcdan bu günədək 172 manat ödəniş etmiş, qalan 1105,04 manat əsas borc ödənilməmiş qalmışdır. Bununla da, alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 671-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş üzrə göründüyü kimi, İddiaçı MMC tərəfindən 13 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Alqı-satqı müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan 26 dekabr 2021-ci il traixdə əşyaların təhvil-təslim aktı əsasında 1277,04 manat məbləğində “Kombi Bergerr 24KW” Daşkəsən şəhəri X1 küçəsi 5 saylı evin 18 saylı mənzilində müştəri Cavabdeh təhvil verilmişdir. Cavabdeh malları yoxlayaraq təhvil almış, heç bir qüsur aşkar edilməmişdir. Cavabdeh kombi aparatı quraşdırıldıqdan 2 ay sonra xarab olaraq su axıdığını bildirsə də, kombinin xarab olması ilə bağlı iddiaçıya rəsmi müraciət etməmiş, malı geri təhvil verməmiş, ötən 3 il müddətində bununla bağlı heç bir hərəkət etməmişdir. AR MM 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1105,04 manat məbləğində əsas borc alınıb İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 31,05 manat məbləğində dövlət rüsumu cavabdehdən tuutlub iddiaçıya ödəniılməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1105,04 manat məbləğində əsas borc və ödənilmiş 31,05 manat dövlət rüsumu olmaqla, cəmi 1136,09 (bir min yüz otuz altı manat doqquz qəpik ) manat alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa MustafayevMustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar