Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-41/2024 02.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadləşdirilmş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli “Müqaviləyə” əsasən “SOLO SOBA HANSA” üçün 940,86 manat ödənilməmiş hissə və 94,14 manat cərimə borcu olmaqla, ümumillikdə 1035 manat məbləğində borcun və ödənilmiş 30,35 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “Cavabdeh 1035 manat borc və ödənilmiş 30.35 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizədə "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, “Solo soba hansa” aldığı və nəticədə 1035 manat borc yarandığı göstərilmişdir. O, deyilən sobanı almış və evində qurraşdırdıqdan təxminən 1 saat sonra sobanın üst hissəsinin qaraldığını görmüşdür. Bu barədə dərhal “Kontakt home” əməkdaşı ilə əlaqə saxlayıb məlumatını vermişdir. Əməkdaşa sobanın düzgün işləmədiyini və geri götürmələrini bildirmişdir. Sobanı dərhal söküb aparmaları üçün hazırlamışdır. Lakin bir neçə gün keçməsinə baxmayaraq gəlib sobanı götürmədilər. Mən özüm sobanı apararaq “Kontakt home” əməkdaşına təhvil vermək istəmişdir. Əməkdaşın bildirdiyi ünvana sobanı təhvil vermiş və oradan aldığı sənədi əməkdaşa göstərmişdir. Həmin sənəd hal-hazırda ondadır və məhkəmə iclasında məhkəməyə təqdim edəcəkdir. Soba "xxxx" MMC-də olmasına baxmayaraq ondan pulunu tələb edirlər. Odur ki, ərizə və ərizədə qeyd olunmuş məbləğlə razı olmadığından iddia icraatına keçirilməsini və məhkəmə iclasının təyin olunmasını xahiş etmişdir. Daşkkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddianı onun əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 52,27 manat ödəməklə 18 ay müddətinə “SOLO SOBA HANSA” 940,86 manata satın almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 940.86 manat “SOLO SOBA HANSA” üçün ümumilikdə, 1035 manat olmaqla ondan 940.86 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 94.14 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli “Müqavilə” və müqaviləyə əlavələrin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 52,27 manat ödəməklə 18 ay müddətinə 940,86 manat məbləğində “SOLO SOBA HANSA” satın almışdır. Müqaviləyə əsasən satılmış mala 2 il zəmanət verilmişdir. İşə əlavə edilmiş 26 yanvar 2022-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli müqaviləyə əsasən 1 ədəd “SOLO SOBA HANSA” Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşdə olan FCMXS 582977(gümüşü) seriya **********2620 olan “Soba Hansa” markalı məhsul üst hissəsi yanıb, sağ-sol yanlarında ləkələr var, sağ yan cırıq və batıqdır istifadə olunub- müştəri Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir, “Kontakt Home”-nin nümayəndəsi Həsənov Azər tərəfindən təhvil alınmışdır. İşə əlavə edilmiş 28 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 52,27 manat ödəməklə 18 ay müddətinə “SOLO SOBA HANSA” 940,86 manata satın almışdır. FCMXS 582977(gümüşü) seriya **********2620 olan “Soba Hansa” markalı məhsul üst hissəsi yanıb, sağ-sol yanlarında ləkələr var, sağ yan cırıq və batıqdır istifadə olunub- müştəri Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir, “Kontakt Home”-nin nümayəndəsi Həsənov Azər tərəfindən təhvil alınmışdır. İddiaçı cavabdehin müqavilə üzrə heç bir ödəniş etmədiyini, hazırda cavabdehin MMC-yə 940,86 manat ödənilməmiş hissə və 94,14 manat cərimə borcu olmaqla, ümumillikdə 1035 manat məbləğində borcu yarandığını, bununlada cavabdehin müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər nisyə alqı-satqı müqaviləsindən əmələ gələn münasibətlər olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin nisyə alğı-satqı münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 671-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. İş materiallarından görünür ki, cavabdeh iddiaçıdan aldığı malı keyfiyyətsiz olması əsası ilə qaytarmış, iddiaçının nümayəndəsi isə həmin məhsulu qəbul etmişdir. İddiaçı həmin malın çatışmamazlıqlarının aradan qaldırıılmasına, yenisi ilə əvəz edilməsinə dair cavabdehə müraciət etməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı 26 yanvar 2022-ci il tarixli 03371048 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satdığı “SOLO SOBA HANSA” markalı sobanı xx.xx.2022-ci il tarixdə cavabdehdən təhvil almasına və bununla bağlı cavbdehə hər hansı müraciət etməməsinə baxmayaraq 2 ildən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktı əsasında cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almasına və cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsinə istinad etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh aldığı malda olan qüsura görə malı iddiaçıya qaytarmış, iddiaçı isə malı aldıqdan sonra bununla bağlı heç bir hərəkət etmədən müqavilədə qeyd edilmiş malı cavabdehin qəbul etməsi halına istinad edərək malın dəyərinin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı malı geri təhvil aldıqdan sonra cavabdehə, yəni alıcıya bununla bağlı heç bir etiraz etmədiyindən malın qaytarıldığı andan onlar arasında yaranmış müqavilə münasibətlərinə xitam verilmiş sayılır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş cavabdeh xx.xx.2022-ci il tarixdə aldığı məhsulu geri qaytarmış, bu hərəkəti ilə müqaviləyə xitam verildiyini bildirmiş və həmin tarixdən də, onlar arasında olan müqavilə öhdəliklərinə xitam verilmişdir. Bundan sonra iddiaçı bununla bağlı heç bir hərəkət etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məjəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-41/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-41/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver