Məhkəmə qərarları › İş №2(030)-417/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-417/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-417/2024 08.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC ) Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 5511,38 manat əsas və 198,88 manat faiz borcu olmaqla, cəmi 5710,26 manat kredit borcu, 0,40 manat xidmət haqqı və ödənilmiş 77,11 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC -nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X4 arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli 11012sGNDJ/21 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 16 noyabr 2024-cü il tarixədək illik 29,5% ödəmək şərti ilə 6700 manat məbləğində kredit verilmişdir. X5 12 avqust 2022-ci ildə vəfat etmişdir. Daşkəsən rayon Notariat Ofisinin 23 fevral 2024-cü il tarixli məktubu ilə X3 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Cavabdeh mərhum Qurban Həsənovun vərəsəsi olmasına baxmayaraq, miras qoyanın "xxxx" KB ASC qarşısında olan öhdəliyi icra etməmişdir. X1 banka 5511,38 manat əsas və 198,88 manat faiz borcu olmaqla, cəmi 5710,26 manat kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 17 noyabr 2021-ci il tarixli 11012sGNDJ/21 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə X5 arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli 11012sGNDJ/21 nömrəli kredit müqaviləsinə əsasən X4 illik 29,5% ödəmək şərti ilə 6700 manat məbləğində kredit verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 avqust 2022-ci ildə ölmüşdür. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 24 avqust 2022-ci il tarixdə 115 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət Notariat ofisinin 23 fevral 2024-cü il tarixli 16 saylı məktubundan görünür ki, Daşkəsən rayon Dövlət Notariat ofisində mərhum X3 adına 22 fevral 2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə mərhum X2 miras qalmış əmlaka Daşkəsən rayonu Mollahəsənli kəndində qeydiyyatda olan Cavabdeh adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş 13 mart 2024-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" KB ASC ilə X5 arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 5710,26 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh mərhum X3 vərəsəsi müəyyən olduğu üçün kredit alanın hüququ varisi kimi kredit müqaviləsinin şərtlərinə uyğun olaraq dövri olaraq ödəməli olduğu kredit öhdəliyini vaxtında və lazımi qaydada icra edilmədiyi, borcun 5 iş günü ərzində tam ödənilməsi xahiş olunmuş, əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 19 aprel 2024-cü il tarixli Bank/PİKMD/1184862 nömrəli maliyyə arayışından görünür ki, X3 11012sGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə 19 aprel 2024cü il tarixə 5511,38 manat əsas və 198,88 manat faiz borcu olmaqla, cəmi 5710,26 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 19 aprel 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 77,11 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X4 arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli 11012sGNDJ/21 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 16 noyabr 2024-cü il tarixədək illik 29,5% ödəmək şərti ilə 6700 manat məbləğində kredit verilmişdir. X5 12 avqust 2022-ci ildə vəfat etmişdir. Daşkəsən rayon Notariat Ofisinin 23 fevral 2024-cü il tarixli məktubu ilə X3 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Cavabdeh mərhum Qurban Həsənovun vərəsəsi olmasına baxmayaraq, miras qoyanın "xxxx" KB ASC qarşısında olan öhdəliyi icra etməmişdir. X1 banka 5511,38 manat əsas və 198,88 manat faiz borcu olmaqla, cəmi 5710,26 manat kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə göründüyü kimi, kredit alan X5 12 avqust 2022-ci ildə il tarixdə Daşkəsən şəhərində vəfat etmişdir. Onun vəfatından sonra Cavabdeh vərəsəliyi qəbil etmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, Mülki Məcəllənin 399.4-cü madəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə görə, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Həmin Məcəllənin 1309-cu maddəsinə görə, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17 noyabr 2021-ci il tarixli 11012sGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə 5511,38 manat əsas və 198,88 manat faiz borcu olmaqla, cəmi 5710,26 manat kredit borcu tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 77,11 manat məbləğində dövlət rüsumu və 0,40 xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 17 noyabr 2021-ci il tarixli 11012sGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh ona çatan miras payı həcmində 5511,38 manat əsas və 198,88 manat faiz borcu olmaqla, cəmi 5710,26 (beş min yeddi yüz on manat iyirmi altı qəpik) manat kredit borcu, ödənilmiş 77,11 (yetmiş yeddi manat on bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar