Məhkəmə qərarları › İş №2(030)-42/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-42/2024

05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-42/2024 05.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və uşağın xəstəliyinə görə əlavə xərcin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-510/2018 saylı 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə 11 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğin cavabdehdən tutularaq ona verilməsi, həçminin uşağın müalicəsi ilə əlaqədar olaraq Cavabdeh əlavə xərclərə cəlb edilməklə hər ay 150 manat tutulub ona ödənilməsi, eləcə də tərəfindən ilkin mediasiya xərci olaraq ödənilmiş 55 manatın cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 2015-ci ildə el adəti ilə toy edib ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. 11 yanvar 2016-cı ildə Kamil adlı bir uşaqları doğulmuşdur. 2016-cı ildən cavabdehdən ayrılmışdır. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-510/2018 saylı 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh övladları X3 atası olması faktı müəyyən edilmiş və cavabdehdən uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Oğlu Kamil “autizm” xəstəliyindən əziyyət çəkir. Uşağın ehtiyacları və müalicə xərcləri günü-gündən artır. Təkbaşına uşağın zəruri ehtiyaclarını qarşılanmaq iqtidarında deyildir. Cavabdeh isə uşağı ilə maqlanmır, uşağın müalicə xərclərinə köməklik göstərmir. Təyin edilmiş alimenti də vaxtı-vaxtında ödəmir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 yanvar 2016-cı ildə Bakı şəhəri Yasamal rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində 12 aprel 2016-cı il tarixdə 60 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş atalığın müəyyən eidlməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 11 yanvar 2016-cı ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 06 dekabr 2010-cu il tarixdə 55 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(030)- 510/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı 11 yanvar 2016-cı ildə doğulmuş X3 atası olması müəyyən edilməsi, doğum haqqında akt qeydində uşağın soyadı “Süleymanov”, adı “Kamil”, ata adı “Müşviq”, atası “Cavabdeh”, anası “İddiaçı” yazılması, digər məlumatlar olduğu kimi saxlanılması, 11 yanvar 2016-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 04 oktyabr 2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 100 (bir yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş 12 oktyabr 2021-ci il tarixli 002534, 08 dekabr 2021-ci il tarixli 002945 nömrəli və 30 may 2022-ci il tarixli 078122 nömrəli xəstəlik tarixindən stasionar çıxarışlarının surətlərindən görünür ki, 11 yanvar 2016-cı il təvəllüdlü X4 anadan 8 aylıq travma ilə keysəriyyə kəsiyi ilə doğulmuşdur. İrsiyyətində ağırlaşma var. İlkin psixo-fiziki inkişafı yaşıdlarından ləng olub. Gec yeriyib, uşaq danışmır. Qırıq-qırıq səslər çıxarır. Yuxusu pozulub. Özünə qulluq vərdişləri yoxdur. Uşaq narahat və əsəbidir. Ünsiyyətə qoşulmur. Göz kantaktına girmir. Deyilənləri anlamır. Əqli-zehni geridir. Yaddaşı zəifdir. Diqqəti dağınıqdır. Özünə qapanıqdır. Əhval-ruhiyyəsi dəyişikdir. Durduğu yerdə gülür, ağlayır. Emosinal reaksiyaları qeydi-adekvatdır. Stereotipik hərəkətlər edir. Öz hərəkətlərini dərk etmir. Davranışı ciddi şəkildə pozulub. Daim psixiatr tərəfindən nəzarət olmalı və müalicə ambulator şəraitdə davam etdirilməlidir. İşə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrin idarəetmə Birliyi” X11 Bakı şəhər Baş Səhiyyə İdarəsiu X5 X9 20 dekabr 2021-ci il tarixli 3993 nömrəli uşaq psixiatr müayinəsindən görünür ki, 11 yanvar 2016-cı il təvəllüdlü X4 doğulandan xəstədir. Ünsiyyətə daxil olmur. Öz aləmindədir. Ətraf mühitə reaksiya zəifdir. Göz kontaktı yoxdur. Nitqi tək-tək səslərdən ibarətdir. Stereotipik hərəkətləri var. Davamlı narahatdır. Təfəkkürü və təssuratı yığcam, aktivdir. Özünü hissəvi idarə edər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 23 iyul 2024-cü il tarixli 624/KES ekspert rəyindən görünür ki, 2016-cı il təvəllüdlü X1 göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir. X4 “Uşaq autizmi, Kanner sindromu” xəstəliyindən əziyyət çəkir. Kamil Süleymanovun düçar olduğu xəstəliklə əlaqədar onun həkim nəzarətində daimi müayinə və müalicəyə ehtiyacı vardır. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının 09 avqust 2023-cü il tarixli MŞG/MT007/2023-02444 nömrəli ilkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı alimentin artırılması və xəstəlik pulu tələbi üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 09 avqust 2023-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh 12 iyul 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə yaşadıqları dövrdə 11 yanvar 2016-cı ildə X4 doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(030)-510/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı 11 yanvar 2016-cı ildə doğulmuş X3 atası olması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək maddi təminatı hər ay Cavabdeh 100 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu vaxtdan sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəriatdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ var. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İddiaçı uşağının saxlanılması üçün alimentin miqdarının artıqılaraq 250 manat sabit pul məbləğində təyin olunmasını xahiş etsə də, cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Ona görə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 11 yanvar 2016-cı ildə doğulmuş X3 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 160 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa İddiaçı Cavabdeh 11 yanvar 2016-cı ildə doğulmuş X3 müalicəsi üçün əlavə xərclərə cəlb edilməklə hər ay 150 manat məbləğində pulun tutulub ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsininin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmamış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında göstərilir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azırbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 23 iyul 2024-cü il tarixli 624/KES ekspert rəyindən göründüyü kimi, X4 “Uşaq autizmi, Kanner sindromu” xəstəliyindən əziyyət çəkir. Kamil Süleymanovun düçar olduğu xəstəliklə əlaqədar onun həkim nəzarətində daimi müayinə və müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd ediləni nəzərə alaraq, hesab edir ki, 11 yanvar 2016-cı il təvəllüdlü X3 müalicəsi ilə əlaqədar olaraq Cavabdeh əlavə xərclərə cəlb edilməklə hər ay 70 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 2760 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 39,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(030)–510/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. 11 yanvar 2016-cı ildə doğulmuş X3 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 160 (bir yüz altmış) manat məbləğində aliment və əlavə xərclərə cəlb olunmaqla 70 (yetmiş) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X6 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar