Məhkəmə qərarları › İş №2(030)-44/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-44/2025

20.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-44/2025 20.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 2600 manat zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat maddi zərər, 50 manat yol xərcinin, 500 manat və mənəvi zərər kimi 500 manat və 50 manat dövlət rüsumu olmaqla, cəmi 2600 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh arasında olan razılığa əsasən 2024-cü ilin iyul ayında 3 baş inək və 3 baş dananı cavabdehin “Qazel” markalı avtomaşınına yerləşdirərək Gəncə şəhərinin çıxışından Daşkəsən rayonu Çanaxçı kəndində aparmalı olmuşdur. Razılığa əsasən heyvanları aparmaq üçün cavabdehə 50 manat pul vermişdir. Daşkəsən rayonu Çanaxçı kəndində 1 km qalmış cavabdeh idarə etdiyi qazel markalı avtomaşınla qəza vəziyyəti yaratmış nəticədə iribuynuzlu heyvanlardan birinin bel sümüyü qırılmış və bir müddət sonra heyvan ölmüşdür. Heyvanın diri çəkisi təqribən 250-300 kq olmuşdur. Ona dəyən zərər 1500 manatdır. Artıq xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh ziyanı ödəməmişdir. Yeganə dolanacaq yeri heyvandarlıq olduğu üçün həmin heyvanın verdiyi məhsullardan da istifadə edə bilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, aralarında olan razılaşmaya əsasən Gəncə şəhərində yerləşən mal-qara bazarından iddiaçıya məxsus 6 baş iribuynuzlu mal-qaranı özünə məxsus “Qazel” markalı yük avtomobili ilə 50 manat müqabilində Daşkəsən rayonu Çanaxçı kəndinə aparmalı olmuşdur. Yolda hərəkətdə olan zaman avtomobildə nasazlıq yaranmış və o, idarə etməni itirdiyi üçün avtomobili anidən saxlamaq məcburiyyətində qalmışdır. Nasazlığı aradan qaldırdıqdan sonra heyvanları iddiaçının həyətinə gətirib düşürdükdə heyvanının birinin axsadığını görmüşdür. Həmin vaxt o, iddiaçıya demişdir ki, inəyi həmin vəziyyətdə ona versin. İddiaçı isə razı olmamışdır. Əgər inəyi vermiş olsa idi onu aparıb 250-300 manata sata bilərdi. Həmin məbləğin üzərinə özü də əlavə etməklə ziyanı tam ödəyə bilərdi. Hazırda isə 700 manat ödəməyə razıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2025-ci il tarixli 9/803 nömrəli ekspert rəyindən görünür ki, bir baş diri çəkisi 200 kq olan 5 illik dişi cinsli inəyin 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1300 manat müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 859.1-ci maddəsinə əsasən, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2-ci maddəsinə görə, bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında olan razılaşmaya əasasən 50 manat ödənilməsi şərti ilə cavabdeh özünə məxsus “Qazel” markalı yük avtomobili ilə iddiaçının 6 baş iribuynuzlu mal-qarasını Gəncə şəhəri ətrafından Daşkəsən rayonu Çanaxçı kəndinə aparmalı olmuşdur. Yolda hərəkətdə olarkən avtomobildə nasazlıq yaranmış, cavabdeh avtomobilə idarəetməni itirdiyi üçün avtomobili kəskin şəkildə saxlamaq məcburiyyətində qalmışdır. Nasazlığı aradan qaldırdıqdan sonra heyvanları razılaşdırılmış yerə gətirib çatdırdıqda bir baş inəyin zədələnmiş vəziyyətdə olduğu görünmüşdür. Bir müddət sonra həmin inək ölmüşdür. Məhkəmə qeyd edir ki, heyvanların daşınmasının cavabdeh tərəfindən nasaz vəziyyətdə olan avtomobil ilə həyata keçirilməsi zərərin yaranmasında səbəb rolunu oynamışdır. Odur ki, iddia tələbi heyvanın məhv olmasına aid hissədə qismən təmin edilməklə ekspert rəyində müəyyən edilmiş olan 1300 manat həcmində məğləğ cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin 500 manat məbləğində mənəvi zərərin ödənilməsinə aid hissəsinə dair qeyd edir ki, şəxsin mənəvi zərərə məruz qalması sübutlarla təsdiqini tapmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndinə əsasən, plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddia tələbinin yol xərci kimi verilmiş 50 manatın geri qaytarılmasına dair hissəsinə dair qeyd edir ki, cavabdeh iddiaçıya məxsus altı baş iribuynuzlu mal-qaranı daşımaq öhdəliyini qismən yerinə yetirərək beş baş heyvanı olduğu vəziyyətdə iddiaçı ilə razılaşdırılmış yerə çatdırmışdır. Məhkəmə iddia tələbinin 500 manat hissəsinə dair onu qeyd edir ki, bu məbləğin hansı əsasla tələb edilməsi iddia ərizəsində göstərilməmiş və barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, maddi zərərin əvəzi olaraq 1300 manat həcmində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissələr üzrə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun 33 manatı Cavabdeh tutulub İddiaçı verilsin, 22 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş üzrə aparılmış tədqiqatın dəyəri kimi 50 manat məhkəmə ekspertiza xərci cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1300 (bir yüz min üç yüz) manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 33 (otuz üç) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat tutulub SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, Kodu: 210005, VOEN **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə-Ekspertiza Mərkəzi VOEN:**********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar