Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-442/2024 29.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat borc və ödənilmiş 31,50 manat dövlət rüsumu olmaqla, cəmi 1531,50 manat məbləğin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkləmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, o, Daşkəsən şəhər bazarında səyyari satışla məşğul olur. Cavabdeh rayon sakini kimi tanımış, münasibətləri normal olmuşdur. Təxminən bir il bundan əvvəl cavabdeh ona yaxınlaşaraq tezliklə qaytarmaq şərti ilə ona 1500 manat məbləğində borc pul verməsini xahiş etmişdir. O, isə cavabdehi tanıdığı və inandığı üçün 1500 manat məbləğində borc pul vermiş və bu barədə yazılı qəbz almışdır. Lakin bu günədək cavabdeh verdiyi 1500 manat pulu geri qaytarmamışdır. O, 12 fevral 2024-cü il tarixdə cavabdehin işlədiyi X3 getmiş, cavabdeh onu nalayiq ifadələrlə təhqir etmişdir, o, huşunu itirərək yerə yıxılmış, Elektrik Şəbəkəsinin əməkdaşları təcili tibbi yardım çağırmış, onu xəstəxanaya aparmış və ilk tibbi yardım göstərmişlər. Sonradan o, Daşkəsən Rayon Polis Şöbəsinə müraciət etmiş, cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Polis Şöbəsində verdiyi izahatda ona 1500 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçıya 1500 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. İddiaçı Daşkəsən şəhər mərkəzi bazarda səyyari satışla məşğul olur. Təxminən 1 il bundan əvvəl, o, İddiaçı yanında olarkən Cavabdeh İddiaçı yanına gəlmiş və tərəflər arasında 1500 manat pul ilə bağlı söhbət olmuşdur. Pulun hansı məqsədlə verildiyini bilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı doğma bacısıdır. Cavabdeh rayon sakini kimi tanıyır. İddiaçı Cavabdeh borc pul verən zaman yanlarında olmamışdır. Lakin, bacısı hər gün onun yanına gələrək Fərhadın onu aldadaraq 1500 manat pulunu aldığını, dəfələrlə tələb etməsinə baxmayaraq hal-hazıradək qaytarmadığını bildirmişdir. O, Fərhaddan bacısının pulunu qaytarmasını tələb etmiş, Fərhad da pulu qaytaracağına söz vermişdir. Bu barədə Fərhadın anası ilə də söhbətləri olmuşdur. İşə əlavə edilmiş Daşkəsən rayon Polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X2 cinayət işinin başlanmasının rədd olunması haqqında 12 mart 2024-cü il tarixli qərarının surətindən görünür ki, ünvan 1 ünvanbında yaşayan X5 ilə Cavabdeh arasında şəxsi münaqişə zəminində mübahisələri yaranmışdır. Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı son dəfə 1300 manat pul almış, 200 manatı sələmə çıxmışdır. Toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edlmiş 12 mart 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 31,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı 2023-cü ildə Cavabdeh 1500 borc pul vermiş olması cavabdehin etirafı, şahid ifadələri və Daşkəsən rayon Polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısının cinayət işinin başlanmasının rədd olunması haqqında 12 mart 2024-cü il tarixli qərarında Cavabdeh əks olunmuş izahatı ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Şərh olunanlara, habelə qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 31,50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat borc və ödənilmiş 31,50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-442/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-442/2024
29.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver